Türkiyədə Zakir Həsənova maraqlı jest

Zakir Həsənova edilən hədiyyə bir sıra ölkələrə, əsas da Ermənistana bir mesajdır ki, Azərbaycanın müdafiə sənayesi kompleksi ordunun təchizatını həyata keçirmək gücündədir

İstanbulda keçirilən “IDEF-2019″ sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev nazirliyin stendində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb. Görüşdə Y.Musayev nazirlik adından Azərbaycan Ordusuna 50 ədəd revolver tipli əl qumbaraatanı hədiyyə edildiyini bildirib. Hədiyyə olunan əl qumbaraatanlarının nümunəsi general-polkovnik Zakir Həsənova təqdim olunub.

Türkiyədəki sərgidə iştirak edən hərbi icmalçı Ramil Məmmədli məsələ ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanda müdafiə sənayesi son 10 ildə sözün əsl mənasında inkişaf yolunu keçib: “Bu inkişaf da Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədi daşıyıb. Yəni arxa cəbhə rolunu oynayan müdafiə sənayesi kompleksi ordunun rahat şəkildə döyüş aparmaq, hərbi arsenalını gücləndirmək üçün çox vacib məqamlardan biridir”.

hərbi icmalçı Ramil Məmmədli ile ilgili görsel sonucu

Onun sözlərinə görə, müdafiə sənayesi güclü olmayan ölkənin ordusu heç zaman güclü ola bilməz: “Azərbaycan ordusunun üzərinə böyük məsuliyyət düşür. Ölkəmizin ərazisinin bir hissəsi işğal altındadır. Bu baxımdan müdafiə sənayesi kompleksi əsaslı şəkildə öz atıcı silahlarının imkanlarını və növlərini artırmaqla məşğuldur. Bu günədək Azərbaycan kiçikçaplı atıcı silahlar istehsal edirdisə, artıq iriçaplı qumbaraatanların istehsalı həyata keçirilir”.

Ekspertə görə, müdafiə nazirimizə belə bir jestin edilməsinə bu mənanı vermək olar ki, müdafiə sənayesi kompleksimiz ordunun arxasındadır: “Bu gün çoxsaylı dövlətlər digər ölkələrdə istehsal olunan silahlardan istifadə edirlər. Amma Azərbaycan ordusu öz əlində milli silahını tutur, öz istehsal etdiyi silahlarla xidmət edir. Bu silahlar həm kiçikçaplıdır, həm də qumbaraatan və minaatanlardır. Həmçinin pilotsuz uçuş aparatlarını qeyd etmək olar. Ən uğurlusu odur ki, Azərbaycan iri aviasiya bombalarının istehsalını həyata keçirir. Zakir Həsənova edilən hədiyyə bir sıra ölkələrə, əsas da Ermənistana bir mesajdır ki, Azərbaycanın müdafiə sənayesi kompleksi ordunun təchizatını həyata keçirmək gücündədir”.

R.Məmmədli sərgi barədə də məlumat verdi: “İstanbulda keçirilən bu sərgi sayca 14-cüdür. Türkiyə belə sərgiləri təşkil etməkdə artıq ixtisaslaşıb. Qardaş ölkədə 400-ə yaxın müxtəlif təyinatlı hərbi sənaye müəssisələri fəaliyyət göstərir. Dünyanın 3-4-cü ordusunu təmin etmək üçün Türkiyənin hərbi sənayesi tam olaraq səfərbər vəziyyətdədir. Bütün təyinatlar üzrə istehsallar həyata keçirilir. Belə bir ölkədəki sərgidə müdafiə sənayesi kompleksimizin iştirak etməsi, öz məhsullarını nümayiş etdirməsi böyük uğurdur. Artıq neçənci dəfədir ki, bu sərgidə Azərbaycan öz məhsullarını təqdim edir. İndiki sərgi isə daha uğurlu keçdi. Sərgidə ölkəmizin böyük bir stendlə iştirak etməsi, Türkiyə və başqa ölkələrin bu stendimizdən reportajlar hazırlaması sadəcə, qürurvericidir. Biz 15-20 il öncə bu sözləri söyləyə bilmirdik. Amma bu gün silahlarımızı göstərə biləcək səviyyədəyik”.

 

Orxan


Comments are closed.