Türkiyə mətbuatı Əli Həsənovun çıxışını və müsahibələrini geniş yayıb

Noyabrın 26-da İstanbulda “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə rəsmi açılışı olan 9-cu Boğaziçi Sammitində Azərbaycanı təmsil edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışı və tədbir çərçivəsində müsahibələri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

XALQ.AZ xəbər verir ki, qardaş ölkənin “Haber Qlobal”, CNN Türk, ATV və NTV televiziya kanalları, “Hüriyyət” və “Yeniakıt” qəzetləri, “memleket.com.tr”, “haberler.com”, “gazetevatan.com”, “cnnturk.com” və digər xəbər portalları Prezidentin köməkçisi Əli Həsənovun çıxışından sitatlar yayıb.

“Sülh, təhlükəsizlik, əmin-amanlıq yoxdursa, qarşıdurmalar, münaqişələr yaşanırsa, orada davamlı inkişafdan söhbət gedə bilməz” sərlövhəsi ilə təqdim olunan yazılarda Əli Həsənovun təcavüzkar Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qalan müasir Azərbaycanın inkişaf dinamikasına, dövlətimizin sülh və tərəqqi çağırışlarına, bu istiqamətdə görülən real işlərə dair fikir və mülahizələri geniş şəkildə türkdilli oxucuların diqqətinə çatdırılıb. Mətbuat Əli Həsənovun çıxışındakı “Milyonlarla insan yalnız sağ qalmaq, müharibə qurbanı olmamaq üçün özlərinin yüzillik, minillik isti ocaqlarını tərk edərək daha sabit hesab etdikləri bölgə və ölkələrə mühacirət edir, pənah aparırlar. Bu gərginlik bu gün Mərkəzi və Şimali Amerika sərhədlərindən Suriya və Türkiyə, Myanma və Banqladeş sərhədlərinədək bütün dünyanın geosiyasi məhvərindən keçir”, – kimi məqamlara diqqətlə yanaşıb.

Qeyd edək ki, noyabrın 28-dək işini davam edəcək Sammitdə “Hər kəs üçün inkişafa beynəlxalq təhdid: Ticarət müharibələri”, “Yeni istiqamətlər axtaran dünyada dayanıqlı gələcəyin şifrələri”, “Dünyanın idarə olunmasında dəyişiklik ehtiyacı”, “Sülh üçün müdafiə və təhlükəsizlik”, “Gələcəyin texnologiyalarına doğru”, “İqtisadi inkişafın təşkilində medianın rolu” və digər mövzular ətrafında “dəyirmi masa”lar və panellər üzrə müzakirələr aparılacaq.

 

Orxan