“Türkiyə ordusu artıq regionumuzun əsas geosiyasi amillərindən biridir” – Deputat

“Türkiyənin Cənubi Qafqazda nüfuz və təsir imkanlarının artması Azərbaycanın milli maraqlarına cavab verir və Dağlıq Qarabağ nizamlanmasına təsirsiz ötüşməyəcək. Qardaş dövlətin liderləri hər zaman bizim yanımızda olduqlarını bəyan ediblər. Ancaq son bir neçə ayda müşahidə olunan mənzərə Türkiyənin indiyədək sərgilənməyən effektiv xarici siyasətinin göstəricisidir”.

XALQ.AZ xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Türkiyə ordularının hərbi təlimlərini şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

 Deputatın fikrincə, iyul ayında baş verən Tovuz döyüşləri zamanı qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın qəti və sərt bəyanatını Türkiyənin Cənubi Qafqaz siyasətində yeni mərhələyə start verdiyi an hesab etmək olar. Məhz bu tarixdən sonra Türk ordusunun Azərbaycanda ordumuzla birlikdə misli görünməmiş miqyasda hərbi təlimlərinin şahidi olduq.

 “Dövlətin gücü ordusundadır. Türkiyə ordusu tarixən güc göstəricisi olub. Avropada sayca birinci, NATO-da ikinci olan türk ordusu hər zaman geosiyasi faktor olsa da, xüsusilə son bir neçə ildə geosiyasi proseslərdə çəkisi durmadan artır. İraq və Suriya ərazilərində, ardınca Liviyada uğurlu hərbi əməliyyatlar keçirən Türkiyə indi də ağırlığını Cənubi Qafqaz bölgəsinə qoymaqla regionda hərbi-siyasi amillər tərəzisində tarazlığın yaranmasına səbəb olub” – deyə E.Allahverdiyev bildirib.

Deputat hesab edir ki, qardaş və müttəfiq dövləti artıq Qarabağ nizamlanması prosesinin vacib aktorlarından biri hesab etməliyik və dünya da bu reallıqla barışmalıdır.

“Azərbaycan sülh nizamlanmasının ilk günündən hadisələrin hərbi yolla inkişafında maraqlı olmadığını göstərməklə problemin beynəlxalq hüquq vasitəsilə həlli variantlarının axtarılması kursuna sadiqliyini nümayiş etdirir. Ancaq biz əvəzində nə görürük? İpə-sapa yatmayan ərkəsöyün Ermənistanı və onun əməllərinə göz yuman dünya birliyini. Konkret olaraq Minsk qrupunu. Mənə elə gəlir ki, Minsk qrupu timsalında dünyanın aparıcı güc mərkəzlərinin “biz problemin həllinə kömək edə bilmirik, yaxud qoyun hər şey belə qalsın” məzmunlu açıq etirafını eşitsəydik, daha məntiqli olardı” – deyən millət vəkilinin sözlərinə görə, “bir tərəfdən proses tərpənmir, yeni şəhidlər veririk, torpaqlarımız işğal altında qalır, ermənilər göz görə-görə tariximizi utanmadan saxtalaşdırırlar, ərazilərimizə min kilometr uzaqlarda yaşayan soydaşlarını köçürürlər, digər tərəfdən də silah-sürsatla təmin olunurlar ki, bizə əzələ nümayiş etdirsinlər. Vasitəçi Minsk qrupunun üzvlərindən birinin Ermənistana tonlarla silah-sürsat göndərməsini nizamlama prosesi kontekstindən necə izah etmək olar? Burada bir məntiq varmı?”.

E.Allahverdiyev hesab edir ki, məhz bu səbəbdən Türkiyənin regionda hərbi çəkisinin artması zəmanənin diqtə etdiyi tələbdir və reallığa tam cavab verir. “Bu gerçəklik hərbi-siyasi tarazlığın bərqərar olması və tarixi ədalətin bərpası istiqamətində atılmış effektiv addımdır” – deyə deputat vurğulayıb. Millət vəkilinin sözlərinə görə, Minsk qrupu çoxdan tükənib özü-özünü “yaşayan ölü” statusu həddinə endirib. Məhz bu səbəbdən zaman-zaman Azərbaycan cəmiyyətində qurumu hərəkətə gətirmək üçün Türkiyənin ATƏT-in Minsk qrupunudakı rolunun artması və nizamlama prosesinə təsiri məsələsi qaldırılıb. Çünki hazırki vəziyyət siyasi ədalətsizlikdir. “Qrupun 3 üzvündən ikisində bütün siyasi qərarları bloka salan ermənipərəst qüvvələr və erməni diasporası fəaliyyət göstərir. Digəri isə təəssüf ki, Azərbaycanın xoşməramlı dostluq münasibətlərinə baxmayaraq, hərbi əməliyyatların gedişatında düşmənə silah göndərir. Bu o demək deyilmi ki, Azərbaycan, torpaqlarının erməni işğalında olması ilə barış? Təbii ki, biz barışmayacağıq və itirilmiş ərazilərimizi son santimetrinədək geri alacağıq” – deyə E.Allahverdiyev bildirib.

Deputatın fikrincə, Qarabağ prosesi elə bir həddə çatıb ki, beynəxalq vasitəçilər özlərini nüfuzdan salıblar və biz ədaləti bərpa etmək üçün qardaş dövlətlə regiondakı təsir imkanlarımızı genişləndirməyə başlamışıq: “Azərbaycan Minsk qrupunun hər bir üzvü ilə ikitərəfli dərin dostluq münasibətləri qurmağa və bu əlaqələrin ruhuna sadiq qalmağa çalışır. Təəssüf ki, biz bunun qarşlığını görmürük. Məsələn, Ermənistana son silah ötürülməsi əməliyyatı Azərbaycan cəmiyyətində cavabı tələb olunan suallar doğurur. Bu baxımdan, Türkiyənin hərbi gücünün Cənubi Qafqazda aparıcı faktora çevrilməsini hadisələrin məntiqi diqtə edirdi. Bu güclə hesablaşmağın vaxtı gəlib. Tariximiz də bunu sübut edir. Türkiyə ordusu artıq regionumuzun əsas geosiyasi amillərindən biridir”.