Türkiyə zəlzələ hesabatını yaydı: 7 min bina zərər görüb

Türkiyənin Elazığ şəhərində baş verən 6.8 ballıq zəlzələdən sonra 6851 binaya zərər dəyib.

XALQ.AZ xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Agentlik yaydığı hesabatda zəlzələdən sonra Elazığ, Malatya, Diyarbəkir, Adıyaman və Qəhrəmanmaraş şəhərlərində ümumilikdə 37631 binanın vəziyyətinin araşdırıldığını açıqlayıb. Bu vaxta qədər yoxlanılan binalardan 584-nün dağıldığı, 6851-nə ciddi zərər gördüyü, 1207-nin orta və 14410-nun daha az zərər gördüyü, 14344 binanın istifadəyə yararlı olduğu bildirilib.

Təcili sökülməli olan binaların sayı isə 235 olaraq müəyyənləşdirilib.

Məlumatda həmçinin bölgədə gücü 4 baldan çox olan 22 zəlzələ baş verdiyi, ümumilikdə 1608 afterşok meydana gəldiyi qeyd edilib.

Zəlzələdən sonra ümumilikdə 83.559.428 lirə (təxminən 37.6 milyonm manat) yardım toplandığı da vurğulanıb.

Xatırladaq ki, yanvarın 24-ü, gecə saatlarında baş verən 6,8 bal gücündə yeraltı təkanlar nəticəsində Elazığ və Malatya şəhərlərində 41 nəfər ölüb, 45 nəfər dağıntılar altından sağ çıxarılıb. Xəstəxanalara yerləşdirilən 1607 nəfərdən 1553-ü evə buraxılıb, 7-si həkimlərin ciddi nəzarət altında olmaqla, 48 nəfərin müalicəsi davam edir.