Türkiyədə neft tapıldı: ölkə hasilata başlayır

24

 

Türkiyənin Siirt bölgəsində yüksək çəkili neft aşkarlanıb. Siirt şəhərinin Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Afif Dəmirkıran bildirib ki, keçən il başlanılan qazma işlərində açılan ilk quyuda gündəlik olaraq 150 barel neft əldə olunacaq.

Onun sözlərinə görə, Siirt bölgəsində olduqca zəngin neft yataqları var: «Türkiyənin «Güney Yıldızı» və TPAO şirkətlərinin birgə apardığı qazma əməliyyatlarında Siirtin «Doğu Sadak-1» quyusunun 2 400 metr dərinliyində zəngin neft ehtiyatı kəşf edilib».

O qeyd edib ki, gündəlik 150 barel neftin əldə olunması TPAO-nun Türkiyədə gündəlik bir quyudan əldə etdiyi neftin 3 qatına bərabərdir və bu gün üçün Türkiyənin ən keyfiyyətli nefti hesab oluna bilər: «Şirkət bu yataqda neft hasilatını stabil bir duruma gətirməyi və daha çox neft əldə edilməsini hədəf götürüb. Ehtiyac yarandıqda ölkənin digər neft şirkətləri də bölgədə neft hasilatına cəlb oluna bilər. Çünki Siirtdə olduqca böyük həcmdə neft var».

Millət vəkili deyib ki, bu yatağın aşkar edilməsi Türkiyə iqtisadiyyatına böyük dəstək olacaq: «Türkiyə hər il 60 mlrd. dollar dəyərində neft və enerji idxal edir. Daha bir neçə belə neft yatağı aşkar edilərsə, bu, ölkəmizə idxal edilən neftin həcmini nisbətən azaldacaq».

Artıq Siirtdəki neft yatağında tapılan neftin nümunələri laboratoriyaya göndərilib və onun analizi aparılıb. Bu bölgənin digər ərazilərində də neft yataqlarının axtarışları davam etdiriləcək.