Türkiyəyə qarşı belə münasibət Avropanın anti demokratiya göstəricisidir

aydin

 

Niderlandın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv etməsi, Türkiyəyə qarşı belə münasibətin göstərilməsi Avropanın özünün təbliğ etdiyi diplomatik qaydalara, beynəlxalq münasibətlərə, mehriban qonşuluq siyasətinin yeridilməsinə ziddir”.

XALQ.AZ bildirir ki, bunu Trend-ə Millli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, dövlətlər arası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin gözlənilməsi, digər dövlət üçün təhlükə yaratmadığı təqdirdə ölkələrin bir-birinin marağına hörmətlə yanaşması vacibdir: “Türkiyə həmişə Avropa, eləcə də qonşu ölkələrə məhz belə münasibətlə yanaşıb. Tanınmış, demokratik ənənələrə malik Avropa ölkəsinin Türkiyə rəmsilərinə, Türkiyənin xarici işlər nazirinə qarşı bu cür münasibət göstərməsi anlaşılan deyil. O, Avropanın özünün təbliğ etdiyi diplomatik qaydalara, beynəlxalq münasibətlərə, mehriban qonşuluq siyasətinin yeridilməsinə ziddir”.

A.Mirzəzadə hesab edir ki, məsələni bu həddə çatdırmamaq olardı: “Çox təəssüf ki, Avropada antitürk əhval-ruhiyyəsi baş qaldırmaqdadır. Bu, ya Türkiyənin müstəqil xarici siyasət yürütməsi ilə bağlıdır, ya da hakimiyyətdə olan siyasi partiyalar qarşıdan gələn seçkilərdə daha çox səs toplamaq üçün belə addımı atırlar. İstənilən halda vəziyyət bu həddə gəlib çatmalı deyildi. Onsuz da dünya siyasətində kifayət qədər problemlər var. Onsuz da beynəlxalq siyasətin diqqət edəcəyi məqamlar kifayət qədərdir. Amma Türkiyə ilə münasibətləri pozmaq, Türkiyənin xarici işlər nazirinin ölkəyə buraxılmasından imtina etmək bütün diplomatik normalara ziddir. Çox istərdim ki, ölkələr Türkiyəyə qarşı belə münasibətin yolverilməzliyini qəbul etsinlər və Türkiyə ilə münasibətləri normaya salmaq üçün öz təşəbbüsləri ilə addımlar atsınlar”.