Üç deputatımız AŞPA-nın toplantısına getdi

MM

Milli Məclisin üç üzvi – beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, deputatlar Elxan Süleymanov və Sabir Hacıyev bu gün Fransanın paytaxtı Parisə yola düşüblər.

XALQ.AZ-ın məlumatına görə, onlar AŞPA-nın toplantılarında iştirak edəcəklər. Onların səfəri 7 sentyabrda başa çatacaq.

AŞPA-nın Büro iclasında Türkiyə və Makedoniyada prezident seçkilərinin nəticələri, habelə bir sıra təşkilati məsələlər müzakirə olunacaq.

Monitorinq komitəsində həmməruzəçilərin bu ilin may ayında Bakıya səfərlərinin yekunları, Monteneqronun Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Ukraynadakı son hadisələr, Türkiyə, Monako və Makedoniya ilə monitorinq sonrası dialoq barədə məsələlərə baxılacaq.
Siyasi işlər və demokratiya komitəsinın yığıncağında Avropa Yenidənqurma və İnkişaf Bankının 2013-2014-cü illərdə fəaliyyəti, Qırğız və Mərakeş parlamentlərinin qurumun demokratiya üzrə tərəfdaşları kimi fəaliyyətlərinin dəyərləndirilməsi, Belarusda cari durum, millətçilik, ksenofobiya təzahürləri ilə mübarizə və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.