Ulu Öndərin xatirəsini ehtiramla yad etmək hər birimizin mənəvi borcudur

 

Hər il olduğu kimi, bu il də ulu öndər Heydər Əliyevin anadan olduğu gün çoxsaylı insanlar, cəmiyyətin hər təbəqəsindən olan vətəndaşlarımız onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlirlər. Bu gün müasir, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmək hər birimizin mənəvi borcudur. Ulu Öndərin xatirəsi hər zaman xalqımız tərəfindən əziz tutulur, ehtiramla anılır.

XALQ.AZ m’lumat verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə deyib.

O söyləyib ki, dahi şəxsiyyətin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz siyasi və iqtisadi cəhətdən inkişaf etdi, dünyada söz sahibi ola bildi, qabaqcıl respublikalardan birinə çevrildi. Tarixi vərəqlədikdə Azərbaycanın müstəqillik yolunun heç də asan olmadığı görürük. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın elminə, mədəniyyətinə, demək olar ki, həyatın bütün sahələrinə diqqət və qayğı ilə yanaşıb. Bizim həqiqi inkişafımız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu zamandan həyata keçirdiyi uğurlu siyasət nəticəsində mümkün olub. Bu gün ölkəmiz Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir”, – deyə Z.Mirzəzadə söyləyib.

O əlavə edib ki, Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Ulu Öndərin müstəsna xidmətləri danılmazdır. Bu gün müasir, qüdrətli Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutur: “Mən hər zaman belə bir dahi, müdrik şəxs və dünya şöhrətli siyasi xadimlə eyni bir millətin övladı olmağımla fəxr edirəm. Allah ulu öndərin ruhunu şad etsin”.