Ülvi Quliyev “Dövlətimizin gənclər və idmanla bağlı məsələlərdə xüsusi yanaşması var”

Sentyabrda Milli Məclisin payız sessiyası öz işinə başlayır.

Qarşıdakı sessiyada qurumun ayrı-ayrı komitələri qanunvericiliklə bağlı hansı təkliflərlə çıxış edəcəklər, hansı sahələrlə bağlı yeni sənədlər hazırlanacaq?

Öncə Milli Məclisin Gənclər və İdman Komitəsinin görəcəyi işlərlə maraqlandıq.

XALQ.AZ komitənin sədri Ülvi Quliyevin  modern.a-a müsahibəsin təqdim edir.

 

– Ülvi müəllim, komitəniz üçün yaz sessiyası daha çox hansı məsələlərlə yadda qaldı?

 

– Qarşıdan Qurban Bayramı gəlir. Bu bayram birgəlik, bölüşməyi bacarmaq, həmrəylik bayramıdır. Xalqımızı bu bayram günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Hesab edirəm ki, yaz sessiyası dövründə Milli Məclis çox məhsuldar işlədi. Komitəmiz tərəfindən “Bədən tərbiyəsi və idman haqqında”, “İdmanda dopinq vasitələri və üsullarına qarşı mübarizə haqqında” və bir sıra başqa qanunlarda dəyişikliklər edildi.

Bundan başqa, xeyli sayda tədbirlərə ya ev sahibliyi etdik, ya da iştirakçı qismində iştirak etdik. Onlardan bir neçəsini diqqətə çatdırmaq istəyirəm.

Realmadrid Fondunun Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində yaradılmış Azərbaycan Sosial Futbol məktəbinin rəsmi açılış mərasimində iştirak etdik. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Müstəqillik gününə həsr olunmuş tədbirdə, Milli Məclisdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim səsim – mənim hüquqlarım: “Parlament müzakirəsi” mövzusunda tədbirdə,

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Gənclər Birliyinin bir qrup üzvü ilə Milli Məclisdə görüşdə iştirak etdik.

Bakı Oksford məktəbinin şagird və müəllim heyətinin Milli Məclisə ekskursiyası təşkil olundu.

-Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş Qaradəniz və Xəzəryanı ölkələrarası karate üzrə beynəlxalq turnirdə iştirak etdik.

Komitənin  təşəbbüsü, AzEdu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin  təşkilatçılığı ilə Milli Məclisdə “İlin Gənc müəllimi” nin mükafatlandırılması tədbiri  keçirildi.

Bakı Mühəndislik universitetində keçirilmiş  Məzun günündə iştirak etdik.

Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) XV Hesabat-Seçki Qurultayında iştirak etdik.

Komitə üzvləri 2018-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri  qiymətli hədiyyələrlə mükafatlandırdı.

Qazaxıstan, İordaniya, Pakistan və İtaliya gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilmiş esse yazı müsabiqəsinin qaliblərini Azərbaycan Respublikasının Milli Məclisi ilə tanış etdik. Demək istədiyim odur ki, gənclər və idmanla bağlı çox müxtəlif tədbirlər keçirmişik.

 

– Bəs, payız sessiyası dövründə komitənizin görəcəyi işlər barədə nə deyə bilərsiniz?

 

– Dövlətimizin gənclər və idmanla bağlı məsələlərdə xüsusi yanaşması var. Cənab Prezident İlham Əliyev hər iki sahəyə xüsusi diqqət yetirir. Məhz bu qayğının nəticəsində Azərbaycan gəncliyinin səsi dünyanın hər bir ölkəsindən gəlir. Məhz bu qayğının nəticəsində Azərbaycan idmançıları bayrağımızı ən mötəbər yarışlarda yüksəkliklərə qaldırırlar. Prezidentimizin gənclər və idman siyasəti Ermənistanın işğalı altında olan tarixi ərazilərimizin azad olunması, Qarabağın azad olunmasına xidmət edir. Heç şübhəsiz ki, Milli Məclis də bu ali yanaşmalara uyğun fəaliyyət göstərir.

Bilirsiniz, yaşadığımız zaman elədir ki, dəyərlər, yanaşmalar, tələblər anbaan dəyişir. Ona görə də dünən ən mükəmməl şəkildə hazırlanmış, bütün tərəfləri ilə dövrün tələblərinə cavab verən qanunlarda bu gün dəyişiklik zərurəti yaranır.  Bu baxımdan qarşıda görüləcək xeyli işlər var.

 

Gənclərlə bağlı qanunvericilikdə ciddi dəyişiklikləri vacib sayırıq. Dopinqdən istafadənin qarşısının alınması üçün qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı təkliflərimiz var. Reproduktiv sağlamlıqla bağlı da qanunvericilikdə müəyyən addımların atılmasını zəruri bilirik. Payız sessiyasının işlər planında xeyli sənədlər var. Hər bir halda istər qanunvericilkdə dəyişikliklərlə bağlı atılacaq addımlar, istərsə də nəzərdə tutulan digər tədbirlər insanlarımıza xidmət edəcək.