“Ümumən, ötən dövrdə bu təqaüdün məbləği 3 dəfə artırılıb”

pervin kerimzade 210520

Koronavirus pandemiyası amilinin təsiri nəticəsində dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, digər məhsulların idxal və ixracında yaranan çətinliklər respublikamızın iqtisadiyyatına da təsirsiz ötüşmür. Bunlara baxmayaraq, dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində nəzərdə tutulmuş bütün sosial layihələrin icrası ilə yanaşı Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanların ailələri, Qarabağ müharibəsi əlillərinin mənzillə, minik avtomobilləri ilə təminatı diqqətdə saxlanılır.

XALQ.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, ölkə Prezidentinin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda – azı 1500 mənzil və fərdi evin, 400 avtomobilin verilməsi nəzərdə tutulub. Artıq 554 mənzil, 150 avtomobil sahiblərinin ixtiyarına verilib, digər mənzil və avtomobillər isə ilin sonunadək sahiblərinə təqdim ediləcək.

Millət vəkili onu da vurğulayıb ki, şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği 3 dəfə artırılıb. Şəhid vərəsələrinə birdəfəlik ödəmə,yəni 11 min manatın ödənməsi proqramı artıq 100 faizə yaxın icra olunub. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 626 mənzil və fərdi ev, 265 avtomobil, 2019-cu ildə isə 934 mənzil və fərdi ev, 600 avtomobil verilib. Ümumilikdə isə ötən dövrdə müharibə əlillərinin 8 142 mənzil və fərdi ev, 6900 minik avtomobili ilə təminatı həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb, onların problemləri ilə maraqlanıb, firavanlığının qeydinə qalıblar. Bir çox mənzillərin, avtomobillərin açarlarını şəhid ailələrinə Prezident İlham Əliyevin şəxsən təqdim etməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, xalq tərəfindən yüksək dəyərləndirilir.


2020-ci il iyulun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən dövlətimizin başçısı deyib: “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.

İyulun 15-də Prezident İlham Əliyevin döyüş zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışması, başsağlığı verməsi, eləcə də Qəbələ şəhərinin küçələrinin birinin generalın adını daşımasını tapşırması və digər tədbirlər bir daha onu göstərdi ki, şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur.


Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da şəhidlərimizin ailələrini tək qoymadı, onlara qayğı göstərdi. Mehriban xanımın tapşırığına əsasən fond nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun, Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət etdi. Onların Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında şəhid ailələrinə baş çəkməsi, Tovuz rayonu istiqamətində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban xanım Əliyevanın tapşırığına əsasən daim fondun nəzarətində olması bir daha onu sübut edir ki, Azərbaycan dövləti Vətən uğrunda canlarını fəda edən igid oğullarını heç zaman unutmur, unutmayacaq da.

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Qazaxın Yuxarı Salahlı kənd sakini, mayor Namiq Əhmədovun evində yenidənqurma və tikinti işləri davam etdirilir.


Ölkə Prezidentinin həyatlarını Vətən uğrunda qurban verən şəhidlərimizə olan ehtiramı, şəhidlərimizin ailə üzvlərinin daim diqqət mərkəzində saxlanılması barədə tapşırıq və tövsiyələri Gəncə şəhərində də davamlı şəkildə icra edilir. Belə ki,avqust ayının 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhərində yeni yaşayış binasından alınan 15 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edib. Mənzillə təmin olunan şəhid ailələrindən biri də Azərbaycanın Milli Qəhrəmanı Elbrus Allahverdiyevin ailəsidir.

Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan, yaralanan, zərərçəkən insanların sosial müdafiəsi istiqamətində bütün resurslarından istifadə etməsi hər il artan xətt üzrə inkişaf edir. Bu da ölkə Prezidentinin Azərbaycan vətəndaşına verdiyi dəyərin daha bir göstəricisidir.