Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçiriləcək

Bakıda Ümumdünya Mətbuat  Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçiriləcək. Tədbir 12-13 sentyabr tarixlərində “Park İNN” hotelində təşkil olunacaq.

Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşəcək bu mötəbər tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın  ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılacaqlar.

Toplantıda Azərbaycan rəsmiləri, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də iştirak edəcəklər.

Ümumdünya Mətbuat  Şuraları Assosiasiyasına üzv təşkilarların nümayəndələri öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə çıxış edəcəklər. Mövcud sahədəki tendensiylarla bağlı fikir mübadiləsinin aparılacağı toplantıda həmçinin. ekstremal vəziyyətlərdə və müharibə şəraitində jurnalistlərin davranışı ilə bağlı  müzakirələrin getməsi də nəzərdə tutulur.