Ümummilli lider Heydər Əliyevin xatirəsi Brüsseldə yad edilib

Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin, NATO yanında daimi nümayəndəliyinin əməkdaşlarının və diaspor təşkilatlarının üzvlərinin iştirakı ilə Brüsseldə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbir keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbirdə çıxış edən səfir Fuad İsgəndərov Ulu Öndərin keçdiyi ömür yolunu xatırlayaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulayıb. Səfir Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycan Respublikasının hərtərəfli inkişaf konsepsiyasının işlənib hazırlanması baxımından ən yeni tariximizə qızıl hərflərlə həkk olunduğunu qeyd edib və hər bir azərbaycanlının qəlbində iz buraxdığını vurğulayıb.

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin heç zaman unudulmayacağını vurğulayaraq, Heydər Əliyevin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını qeyd edib.