Uşağın təkcə intellekti yox, fiziki gücü də nəzərə alınmalıdır- Psixoloq

İntellekti güclü olan uşaqların vaxtından tez orta məktəbə getməsi, ali məktəbə qəbul olması dünyada da müşahidə olunan haldır. Bunun müsbət cəhətləri olsa da, mənfi tərəfləri də mövcuddur.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov uşaqların vaxtından əvvəl orta məktəbə qəbul edilməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, belə halların artması təhsildə bir çox problemə yol aça bilər:

“Təhsil haqqında” qanunda qeyd olunur ki, məktəbə yalnız həmin tədris ilində 6 yaşı tamam olmuş uşaqlar gedə bilər. Xüsusi istedadlı uşaqlar müşahidə komissiyasından keçməklə məktəbə tez gedə və sinifləri öncədən başa vura bilər. Lakin bütün uşaqlar belə xüsusi bacarığa malik deyil. Uşaqların vaxtından əvvəl orta məktəbə getməsi, sonra da bir-iki sinif önə atlaması gələcəkdə daha ciddi fəsadlara gətirib çıxara bilər. Bizim təhsil proqramımız onsuz da kifayət qədər ağırdır, buna görə bu hal uşaqların vaxtından tez yüklənməsinə səbəb olur. Qanunvericilikdə qeyd olunur ki, uşaq 6 yaşında orta məktəbə gedir və 17 yaşında bitirir. Vaxtından əvvəl təhsili bitirmək də qanunla tənzimlənir, amma bu, çox nadir hallarda, xüsusi qabiliyyətli uşaqlar üçündür. Valideynlər bu halı qaydaya çevirməməlidir. Dünyada 5 yaşında riyaziyyatın ən çətin məsələlərini həll edə bilən uşaqlar var, lakin bu, sadəcə proqramlaşmış və əzbərlənmiş bilikdir. Hesab edirəm ki, uşaqlar vaxtında məktəbə getsə, gələcəkləri üçün daha effektli olar”.

Psixoloq Narınc Rüstəmova da bildirib ki, uşaqların vaxtından əvvəl orta məktəbə getməsi onun psixologiyasına mənfi təsir edə bilər:

“Bəzi uşaqlar var ki, onlar yaşından tez böyüyür. Bu uşaqlar yaşıdlarından fərqlənir, 3 yaşında ikən 5 yaşında uşağın ağlında olur və onların nitqi daha tez formalaşır. Amma bu, nadir uşaqlardır. Bir çox valideyn öz uşaqlarını hamıdan ağıllı, yüksək intellektli hesab edir. Valideynlər öz uşaqlarına 3 yaşında xarici dil öyrədir və bununla da qürurlanırlar. Lakin bununla valideynlər uşaqların dilini qarışdırır və vaxtından tez böyüməsinə səbəb olur. Təbii ki, uşağın xüsusi intellektinin olması valideynin istəyi ilə olan bir şey deyil, uşaqda gərək anadangəlmə intellekt yüksəkliyi olsun. Bunu məcburən edəndə, bu, uşağa psixoloji təsir edir. Təsəvvür edin ki, uşağın yükdaşıma qabiliyyəti 1 kiloqramdır, lakin biz ona bunun bir neçə qatını yükləyirik. Təbii ki, uşaq bunu bir müddət daşıyıb, sonra yerə atacaq. Ona görə də uşağın təkcə intellektini yox, fiziki gücünü də nəzərə almaq lazımdır. Ola bilər, bir uşağın intellekti çox güclü, amma fiziki gücü çox zəif olsun. Bu halda onu intellektinə görə vaxtından əvvəl məktəbə qoymaq olmaz. Həmçinin uşağın vaxtından tez məktəbə getməsi onun uşaqlığını yaşamamasına səbəb olur ki, bu da onun gələcək həyatında ciddi psixoloji problemlərə yol açır”.

Xalq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.