Uşaqlıq xəyalıdır həkimlik…

Uşaqlıq xəyalıdır həkimlik… Kainata, insanlara ən faydalı peşədir həkimlik… Təhsili uzun, özü isə həyəcanlıdır həkimlik… Ömürdən ömürə calaqdır həkimlik…

XALQ.AZ xəbər verir ki, bu sözləri Tibb İşçilərinin Peşə Bayramı Günü ilə bağlı Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.

R.Mahmudov qeyd edib ki, mövcud pandemiyanın ən ağır yükünü məhz həkimlərimiz və tibb işçiləri daşıyır:

“Dünyadan köçənləri də var, virusa yoluxanları da, usanmadan xəstəliklərlə mübarizəni davam etdirənlər də var. “Yaşamaq gözəldir, yaşatmaq ondan da gözəldir” devizi ilə yaşayan və yaradan, xəstəsinin, cəmiyyətinin, dövlətinin və Prezidentinin ondan nə tələb etdiyini aydın dərk edən səhiyyə işçilərimiz çox olduqca biz daha aydın, daha təhükəsiz və daha qorxusuz bir gələcəyə inamla addımlayacağıq!

Bütün tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edirəm, onlara səbr, dözüm və möhkəm iradə arzulayıram. Tanrı Sizi, xalqımızı, dövlətimizi və dünyamızı qorusun. Bayramınız mübarək!”