“Vətəndaşlardan gələn hər bir təklifə baxılır” – Prezident

Yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

XALQ.AZ  xəbər verir ki, prezident İlham Əliyev çıxış edib:

“Çox gözəl binadır, çox gözəl şərait yaradılıb, ən müasir avadanlıq quraşdırılıb. Binanın sahəsi də çox böyükdür və əminəm ki, burada xəstələrə ən yüksək tibbi xidmət göstəriləcəkdir. Mən buraya gələrkən girişdə mənə xəstəxananın əvvəlki şəkilləri, görüntüləri göstərildi. Siz, burada işləyən həkimlər, tibb işçiləri yaxşı bilirsiniz ki, əvvəlki xəstəxananın vəziyyəti çox ağır, bərbad idi. Bu, təbiidir, çünki xəstəxana 50-ci illərin əvvəllərində fəaliyyətə başlamışdı və uzun müddət təmirsiz qalmışdı. Mən xatırlayıram, bir neçə il bundan əvvəl Qobustan qəsəbəsində olarkən mənə xəstəxananın baş həkimi müraciət etmişdi ki, yeni xəstəxana tikilsə yaxşı olar. Mən də dərhal göstəriş verdim, vəsait ayırdıq və bu gün bu gözəl xəstəxananın açılışında biz birlikdə iştirak edirik. Onu da xatırlayıram ki, o səfərdə bir neçə xahiş irəli sürülmüşdü. Onların arasında Mədəniyyət evinin, məktəbin, poliklinikanın və xəstəxananın tikilməsi təklifləri var idi və hər biri icra edildi. Yəni, qəsəbənin və rayonun sakinlərinin xahişləri ən yüksək səviyyədə yerinə yetirildi. Bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, – təkcə keçən il 24 rayona səfər etmişəm, – Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir. Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də indi bu xəstəxana da tikilməyəcəkdi. Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək”.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.