Vəkillər Kollegiyasında qəbul keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilir.Kollegiyadan verilən məlumata görə, bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilir. Ədliyyə Akademiyasında yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 94 vəkilliyə namizədlə bir ayadək davam edəcək icbari təlimə başlanılıb. Təlim zamanı onların lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcək, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaq. Sentyabrın 2-də başlayan icbari təlimin ilk günündə namizədlərlə keçirilən görüşdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov tədbirdə çıxış edərək vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə danışıb. O, Vəkillər Kollegiyası ilə birgə hazırlanmış tədris proqramının məzmun baxımından yeniliklərlə zəngin olması barədə namizədlərə məlumat verib və onlara uğurlar arzulayıb. 

Sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb. O, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanlarının yazılı və şifahi mərhələsindən uğurla keçmiş namizədləri bu münasibətlə təbrik edərək hazırkı icbari təlimin vəkilliyə namizədlərin gələcək peşə fəaliyyəti üçün əhəmiyyətini vurğulayıb. 

Eyni zamanda, bildirilib ki, təlimçilərin tərkibi əsasən peşəkar vəkillərdən komplektləşdirilib, namizədlər üçün təcrübi dərslərin keçirilməsi, habelə muzeylərə və digər mədəni obyektlərə səfərlərin təşkil olunması nəzərdə tutulub. Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırovun “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda mühazirəsi dinlənilib, mövzu ilə bağlı namizədləri maraqlandıran suallar cavablandırılıb. 

Orxan