Vətənə xəyanət edən, vergidən yayınan, dələduz

 

2

Vüqar Rəhimzadə: “Kimliyindən asılı olmayaraq, dövlətçiliyimizə xələl gətirməyə cəhd göstərən istənilən şəxs qanun qarşısında cavab verməlidir”

“Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları haqlı olaraq Leyla Yunusla bağlı düzgün qərar çıxarıblar və onun haqqında həbs qəti imkan tədbiri seçiblər”. BunuYeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Leyla Yunusun həbs olunmasına və bu proseslərə siyasi don geyindirilməsinə münasibət bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, Leyla Yunus hələ 1991-92-ci illərdə Azərbaycan Xalq Cəbhəsi-Müsavat cütlüyünün hakimiyyəti dövründə Müdafiə Nazirliyində çox məsul bir vəzifəni tutmuşdu. Bu insan hətta o illərdə belə, Azərbaycan dövlətinə və xalqına qənim kəsilib. Leyla Yunus o dövrdən bu yana kimi yalnız Azərbaycan dövlətinin imicinə, müstəqilliyinə zərbə vurmaqla məşğul olub. Bu kimi dələduzlar, “siyasi məhbus” alverçiləri dövlətimizi satmaqla, ermənipərəst, erməni və eyni zamanda anti-Azərbaycan qüvvələrinin əlində alət olaraq ölkəmizin nüfuzuna zərbə vurmağa cəhd göstərməyə çalışıblar. Düşünürəm ki, hüquq-mühafizə orqanları tərəfindən atılan bu addım, Azərbaycan ictimaiyyəti tərəfindən dəstəklənir və haqlı olaraq bu qərar verilib.

Leyla Yunus Azərbaycanda yaşadığı dövrdə, Sülh və Demokratiya İnstitutu adı altında dəfələrlə Ermənistana səfər edib və orada görüşlər keçirib. Bu mənada hesab edirəm ki, xalqını, Vətənini normal sevən hər bir Azərbaycan vətəndaşı Leyla Yunusla bağlı verilmiş qərarın tərəfdarı olar. Kimliyindən asılı olmayaraq, milli maraqlarımıza zidd addım atan, dövlətçiliyimizə xələl gətirməyə cəhd göstərən istənilən şəxs qanun qarşısında cavab verməlidir. Düşünürəm ki, Leyla Yunusu müdafiə edən şəxslər də elə onun təfəkküründə və ağlında olan insanlardır. Bu şəxs mənəviyyatını, şəxsiyyətini, bütövlükdə isə əxlaqını itirmiş insandır”.

Baş redaktor: “Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin birgə açıqlamasından da göründüyü kimi, Yunusova Leyla İslam qızı Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcə də Karen Ohancanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən “Jurnalist Araşdırmaları” qeyri-hökumət təşkilatı tərəfindən isə İrəvan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Yunusov Arif Seyfulla oğlunun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Mirqədirov Rauf Həbibulla oğlunun dəfələrlə Gürcüstan Respublikasının ərazisindən Ermənistan Respublikasına səfərlərini Arif Yunusov ilə birlikdə təşkil edib”, – deyə qeyd edib.Sia.az