“Vətəndaşlarımız qəhrəmanlarımıza vəfa borclarını verməyə çalışırlar” – Deputat

“Şəhərin küçələrində, avtomobillərdə şəhid general-mayor Polad Həşimovun, milli qəhrəman Mübariz İbrahimovun və digər şəhidlərin fotoları sərgilənir”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, bu normal haldır və burada qanuna zidd hərəkət yoxdur:

“Vətəndaşlarımız, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımıza vəfa borclarını verməyə çalışırlar. Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün dövlət tərəfindən çoxşaxəli siyasət həyata keçirilir. Ölkə ərazisində bütün məktəblərdə, orta ixtisas, ali təhsil müəssisələrində şəhidlərə həsr olunmuş guşələr yaradılıb. Xüsusi dövlət mükafatları almış şəhidlərin adları əbədiləşdirilib, büstləri, heykəlləri qoyulub, muzeylərdə xüsusi stendlər yaradılıb. Onların döyüş fəaliyyətləri barədə çoxsaylı kitablar, broşürlər buraxılıb. Veteran təşkilatları, digər ictimai qurumlar tərəfindən müxtəlif kollektivlərlə görüşlərdə şəhidlərlə, qazilərlə bağlı çıxışlar edilir. İyul hadisələrində ölkəmizdə və bir çox xarici ölkələrdə gənclərimizin keçirdikləri milli həmrəylik aksiyaları dediklərimin sübutudur”.


Parlament üzvü vurğulayıb ki, son vaxtlar telekanallar, KİV-lər, sosial şəbəkələr vasitəsilə də vətənpərvərlik mövzusunda verilişlərin sayı artıb:

“Bu sahədə kifayət qədər uğurlu siyasət aparılır. Ancaq hər şey qədərində olanda gözəl olur. İfratçılığa varmaq düzgün deyil. Qarabağ uğrunda döyüşlərdə 20 000-dən yuxarı insanımız şəhid olub. Onların hamısının şəkillərini parklara, meydanlara, hava limanlarına, əhalinin sıxlıq təşkil edən yerlərə vurmaq və daim vaxtlı-vaxtında dəyişmək fiziki cəhətdən mümkün görünmür. Ayrı-seçkilik etmək doğru olmaz. Nəzərə almaq lazımdır ki, müharibə hələ qurtarmayıb və istənilən an başlaya bilər. Ona görə də düşünmürəm ki, şəhid portretlərinin hər yerə yapışdırılması məqsədə uyğundur. Hər bir iş qanunlara əsaslanmalıdır. Şəhidlərin adının əbədiləşdirilməsi, Nazirlər kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Şəhidlərin ruhunu şad etməyin ən gözəl yolu, onların uğrunda həlak olduğu ideyaları doğrultmaqdan ibarətdir”.