“Vətəndaşlarımızın məsələyə qeyri-ciddi yanaşması vəziyyəti mürəkkəbləşdirdi”

Ermənistan bu gün Azərbaycana qarşı işğalçılıq və terror siyasəti təkcə ərazilərimizə və insanlarımıza qarşı həyata keçirmir, eyni zamanda işğal edilmiş ərazilərdə ekoloji terrorla məşğuldur.

Bunu XALQ.AZ-a açıqlamasında  millət vəkili Cavanşir Paşazadə deyib.

Onun sözlərinə görə, ErmənistanAzərbaycanın işğal etdiyi ərazilərin ekosistemini məhv etməklə məşğuldur. “Belə ki, ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında  davamlı olaraq yanğınlar törətməklə, oranın ekosisteminə ciddi zərbə vururlar. Bundan əlavə  Ermənistanın su resurslarından ekoloji terror və təzyiq vasitəsi kimi istifadə etməsi dövlət səviyyəsində həyata keçirilən siyasətdir. Bu siyasəti Ermənistan ərazisindən Azərbaycana doğru axan çaylarda deyil, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki su resurslarına, o cümlədən Sərsəng su anbarına münasibətdə tətbiq olunur. Belə ki, 1976-cı ildə Tərtər çayı üzərində tikilən Sərsəng su anbarı Tərtər, Ağdam, Bərdə, Gorbanoy rayonlarının suvarma işləri üçün nəzərdə tutulsa da, ermənilər beynəlxalq hüquqları və konvensiyaların tələblərini  kobud şəkildə pozaraq suyun qarşısının kəsilməsi Azərbaycanın on minlərlə hektar torpaq sahəsinin susuz qalmasına, bölgədəki yüz minlərlə insanın yaşam şərtlərinin çətinləşməsinə və ekoloji böhrana yol açırlar. Haqlı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev Tərtər rayonunda çıxışında da bunu dilə gətirərək, ermənilərin təkcə işğalçılq siyasəti ilə yanaşı, ekoloji terror həyata keçiridiyini gündəmə gətirərərk beynəlxalq aləmə  növbəti dəfə mesaj ünvanladı. Bəyan etdi ki, Ermənistan sudan ekoloji terror və təhdid kimi digər ölkələrə qarşı istifadə edir. Bununla da  Ermənistan sivil davranış və öhdəliklərdən boyun qaçıraraq  “Su Konvensiyası” adı ilə tanınan “Transsərhəd su axınları və beynəlxalq göllərin mühafizəsi Konvensiyası”nın  və digər beynəlxalq sənədlərin tələblərini kobud surətdə pozaraq Azərbaycana qarşı ekoloji terrorunu həyata keçirir. Baxmayaraq ki, AŞPA hələ  2016-cı il qış sessiyasında məxsusi olaraq “Azərbaycanın sərhəd rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında qətnamə qəbul edib və bu qətnamədə Ermənistanın sərhədyanı çaylara və işğal olunmuş ərazilərimizdəki Sərsəng su anbarına münasibətdə yürütdüyü siyasəti ekoloji terror kimi qiymətləndirilib, lakin bundan nəticə çıxarmayıb. Hesab edirəm ki, Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT Minsk Qrupu bu məsələyə reaksiya verməlidir. Çünki yaz-yay  fəsillərində insanlar əkinçiliklə məşğul olduğu bir zamanda ermənilər  insanlığa qarşı “su terrorundan” istifadə edir. Bu bir daha Ermənistanda işğalçılıq və terrorun dövlət siaysəti səviyyəsində olmasından xəbər verir. Beynəlxalq aləm buna lazımi reaksiya verib, Ermənistanı qınamalıdır”- deputat qeyd edib.

 Millət vəkili eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahının son günlərdə ölkədə koronavirus epidemiyaya yoluxma  sayının artması ilə əlaqədar olaraq  həftəsonu karantin rejiminin gücləndirilməsi barədə veridiyi qərarı da şərh edərək bildirib ki,  bildiyiniz kimi hələ dünyada koronavirus pandemiyasının başladığı ilk günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev pandemiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınması və nəzarətdə saxlanması üçün  zəruri, təxirəsalınmaz addımlar ataraq, dövlətin bütün gücünü və resurslarını bu istiqamətə yönəltdi: “ Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  həyata keçirdiyi məqsədyönlü  fəaliyyəti nəticəsində Azərbaycan dünyada  pandemiyaya qarşı  mübarizə aparan nümunəvi ölkələrdən biri oldu. Məhz  ölkə rəhbərliyinin fəaliyyəti nəticəsində pandemiya Azərbaycanda nəzarətə götürüldü və  bu gün də nəzarət altında saxlanmaqdadır. Görülən məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycanda virusa yoluxmada müsbət dinamika əldə edildi və bunun nəticəsi olaraq may ayının əvvəlindən etibarən  ölkədə tətbiq edilən karantin rejiminin tədricən yumşaldılması  yolu seçildi. Fəqət bəzi insanlarımız  karantin  rejiminin yumşaldılmasını  pandemiyanın bitməsi kimi anlayaraq məsuliyyətsiz davrandılar. Belə ki, pandmeiya ilə əlaqədar olaraq tətbiq edilən qaydalara, tövsiyələrə əməl etmədilər. Nəticədə  insanlar arasında  virusa yoluxma halı artmağa başladı.  Hansı ki, biz son günlərdə bunun şahidi olmaqdayıq. Bu məhz vətəndaşların məsuliyyətsiz davranışının nəticəsində oldu. Dövlət koronavirus epidemiyasına yoluxma halının minimuma endirilməsi və tamamilə qarşısının alınması istiqamətində bütün zəruri addımları atsa da,  bəzi vətəndaşlarımızın məsələyə qeyri-ciddi yanaşması, belə bir virusun olmasına inanmaması  vəziyyəti mürəkkəbləşdirdi”.

C. Paşazadə əlavə edib ki, baxmayaraq cənab Prezident və Birinci vitse-prezident  vətəndaşlara müraciət edərək nizam-intizamlı, məsuliyyətli olub tətbiq edilən qaydalara, tövsiyyələrə əməl etməsini xahiş edib: “Ölkə başçısı çıxışlarında  koronavirusla bağlı dünyada baş verənləri misal çəkərək bildirib ki, digər ölkələrdən fərqli olaraq Azərbaycan bu istiqamətdə bütün zəruri addımları atıb. Vətəndaşının təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün onun  yanında olub.  Ancaq təəssüflər olsun ki, bəzi məsuliyyətsiz vətəndaşlarımızın düşünülməmiş hərəkəti nəticəsində son günlərdə bu sahədə  vəziyyət yenidən pisləşməyə doğru gedib. Odur ki, dövlət də  vətəndaşının sağlamlığının keşiyində durmaq üçün məcburiyyət qarşısında inzibati addımlara əl atmalı olub. Karantin rejimin gücləndirilməsi vətəndaşlarımızın sağlamlığının və təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Çünki ölkə rəhbərliyi bunun hansı təhlükəli vəziyyətə gətirib çıxaracağını yaxşı bilir. Ona görə də yenə də qabaqlayıcı tədbirlər görməklə bu gözəgörünməz bəlanın qarşını almaq üçün zəruri  addımlar atır. Mən də bir millət vəkili kimi  fürsətdən istifadə edib, vətəndaşlarımızı məsuliyyətli olub, qaydalara riayət emtəyə çağırıram”.