“Vətənini sevən hər bir azərbaycanlıda bu şübhələr var”

“Azərbaycanın son dövrlər artan nüfuzu, imicinin möhkəmlənməsi, daxildə və xaricdə stabil vəziyyət, ölkə rəhbərinin bütün proseslərə nəzarət etməsi sapı özümüzdən olan baltaları oynadan bir çox dairələri və qüvvələri ciddi surətdə narahat etməkdədir”.

XALQ.AZ xəbər verir ki, bu barədə açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib. Deputat bildirib ki, ona görə də bu narahatlıq əsasında da 12 iyul tarixindən etibarən Ermənistanın ordu birləşmələri tərəfindən Tovuz istiqamətində təxribatlarından sonra, hansı ki, bütün vətəndaşlarımız həm ölkə daxilində, həm ölkə xaricində yumruq kimi birləşdilər, ölkə xaricinə qaçıb getmiş və bir çox orqanlara yaltaqlıqla xidmət edən insanlar, içində də Sevinc Osmanqızı, Rəsul Quliyev, Orduxan, Vidadi İsgəndərli və adını müxalifət qoyan digərləri Azərbaycana qarşı kampaniyalar aparmağa başladılar:

“Biri deyir Azərbayan torpaqlarından bir hissəsini versin, o biri deyir ermənilərin nə günahı var, günah Azərbaycandadır. Yəni bu tip, məntiqsiz və heç bir reallığa uyğunlaşmayan açıqlamalar verən insanların azərbaycanlı olması ilə bağlı hər zaman şübhəm olub və fikrimcə, vətənini sevən hər bir azərbaycanlıda bu şübhələr var. Ona görə də bu ünsürlərin hər birinə baxanda bunlara bir ad qoya bilərik – 5-ci kolon. Bunlar vətənini satmağa hazır olan və bununla bağlı bir-biri ilə yarış keçirənlərdir. Ümumiyyətlə, ölkəmizə və  dövlətimizə arxa çevirən, şəxsi maraqlarının, köləliklərinin qarşılığında onlara 3-5 qəpik verənlərin sifarişlərini həyata keçirənlər bizim millətdən deyillər. Azərbaycan hüquqi dövlətdir, ümumiyyətlə, beynəlxalq hüquq normalarına diqqət etsək görərik ki, bizim son dövrlər diaspor təşkilatlarımızın diplomatik korpuslarla birlikdə keçirmiş olduqları həmrəylik aksiyaları qanun çərçivəsindən heç bir şəkildə kənara çıxmayıb”.

R.Həsənin sözlərinə görə,hücum edən yox, hücuma, təxribata məruz qalan Azərbaycandır:

“Amma buna baxmaraq Qənimət Zahid, Sevic Osmanqızı kimi insanlar Azərbaycan əleyhinə ermənilərin dəyirmanına su tökəcək fikirlər ifadə edirlər. Onların səsləndirdiyi fikirlər heç bir reallıqla, həqiqətlə üst-üstə düşmür. Ona görə də canında, qanında Qarabağ həsrəti olan, ölkəsinin birlik və bütövlüyünü istəyən hər bir vətəndaşımız aydın şəkildə fikirlərini ifadə etməli və Azərbaycan əleyhinə danışanların cavabını beynəlxalq hüquq normaları çərçivəsində verməlidirlər. Azərbaycan əleyhinə danışan azərbaycanlılar vətən xainidir, bunun başqa adı yoxdur”.