“Vəzifəli şəxslər başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar”

Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası qeydə alındığı ilk gündən etibarən Azərbaycan dövləti bu məsələyə kifayət qədər yüksək həssaslıqla yanaşıb. Artıq bir neçə aydır ki, ölkənin müvafiq qurumları Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin pandemiya ilə mübarizə məqsədilə təsdiqlədiyi Tədbirlər Planının icrasına səfərbər olunublar. Bəhs olunan sənədə əsasən reallaşdırılan tədbirlər müxtəlif istiqamətləri əhatə edir. Eyni zamanda, onu da deyim ki, görülən bütün lazımi qabaqlayıcı tədbirlər, tətbiq olunan qadağalar öz müsbət nəticəsini verib və verməkdədir. Belə ki, vaxtında görülmüş tədbirlər nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq və ölkəmizdə koronavirus xəstəliyi nəzarət altındadır.

XALQ.AZ xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev pandemiya dövründə keçirilən müxtəlif tədbirlərdə ölkəmizin koronavirus xəstəliyinə qarşı mübarizə gündəliyinin prioritetlərinə diqqət çəkərək bildirib ki, indiki çətin dönəmdə bizim üçün əsas məsələ insanların sağlamlığının, həyatının qorunmasıdır: “Məhz buna görə də, ölkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq, avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Lakin koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb”.

Vüqar İskəndərov bununla yanaşı, qaydaların pozulması hallarının olduğunu da təəssüflə qeyd edib. Onun sözlərinə görə, bəzi vəzifəli şəxslərin, məmurların karantin qaydalarını nəzərə almayaraq müxtəlif toy mərasimləri təşkil etməsi həm qanunların pozulması, həm də xəstəliyin yayılmasına şərait yaradılması baxımından cəmiyyətdə hiddətlə qarşılanır: “Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hamı qanun qarşısında bərabərdir və öz

hərəkətlərinə görə məsuliyyət daşıyır. Elə yuxarıda bəhs etdiyim məqamlara da birbaşa bu kontekstdən yanaşılır. Yəni, bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib. Bu sırada bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və ciddi qınağına məruz qalıb”.

Deputat bildirib ki, Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Bu baxımdan heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Bir sözlə, vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər kəs başa düşməlidir ki, bu cür əməllərə yol verənlər mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür.

Vüqar İskəndərov onu da qeyd edib ki, COVID-19 infeksiyası ilə mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz. Eyni zamanda, bu reallığı hamı, həmçinin vəzifəli şəxslər də bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar.