“Vəzifəyə təyin olunan hər kəs xalqa, millətə, dövlət və dövlətçiliyə xidmət etməlidir”

Azərbaycanda vəzifəyə təyin olunan hər kəs xalqa, millətə, dövlət və dövlətçiliyə xidmət etməlidir.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev ölkənin bütün sahələrində islahatlar apardığı halda bəzi məmurlar qanunları pozaraq özbaşınalıq edirlər:

“Cənab Prezident dəfələrlə məmurlara bu barədə xəbərdarlıqlar edib, onlardan qanunlara əməl etmək tələb edilib. Dövlət başçısı çıxışlarında həmişə bildirib ki, Azərbaycan qanunları bütün vətəndaşlar üçün eynidir, vəzifəsindən və səlahiyyətlərindən asılı olmayaraq, qanunu pozan hər bir şəxs məsuliyyətə cəlb ediləcək. Ağstafa, İsmayıllı və Yevlax rayonlarında keçirilən əməliyyatlar nəticəsində qanunları pozan rüşvətxor məmurların ifşası buna misaldır. İndi isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının qanunsuz əməllərə yol verməsi, aztəminatlı ailələrin müavinətlərini mənimsəməsi aşkarlanıb. Əlbəttə, bu, olmamalı idi. Cənab Prezident dəfələrlə bildirib ki, hansısa məmur kiməsə güvənib qanunsuzluq edə bilməz. Heç kim düşünməsin ki, hansısa cinayəti törədib cəzasız qalacaq. Son hadisələr də onu göstərir ki, ölkədə korrupsiya və rüşvətxorluğa, cinayətkarlığa qarşı mübarizəyə ciddi diqqət yetirilir və bu tədbirlər davam etdiriləcək. Bir sözlə, vəzifəyə təyin olunan hər kəs xalqa, millətə, dövlət və dövlətçiliyə xidmət etməlidir”.

Milkət vəkili bildirib ki, məmurlar Prezident tərəfindən hansısa bir əraziyə rəhbər təyin olunduqlarını dərk etməlidirlər: “Hər bir məmur bilməlidir ki, onun fəaliyyəti nəzarətdədir. Prezidentin təyin etdiyi şəxs vətəndaşın malına göz dikərsə, həmin şəxs gec-tez ifşa olunur və olunacaq. İctimaiyyət də anlamalıdır ki, hansısa məmur toxunulmaz deyil. Cinayət törədən istənilən şəxs məsuliyyətə cəlb olunur və olunacaq”.