Vahid Mustafayevin “ANS” -la bağlı yeni xəbəri

“Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq”.

XALQ.AZ-ın məlumatına görə, bunu ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib.

“Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi!
Çingiz demişkən: “Heç kim və heç nə unudulmayacaq!””, – Vahid Mustafayev vurğulayıb.

Xatırladaq ki, Milli teleradio Şurası Baş Prokurorluğun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı ildən etibarən dayandırılması barədə qərar qəbul edib.

ANS-in lisenziyasının ləğv edilməsinə səbəb kimi Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək göstərilib.  Bu ittihamda televiziyanın Fəthullah Gülənə dəstək verdiyi iddia olunmuşdu.