Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik

Tayhu Dünya Mədəniyyət Forumunun illik iclasında iştirak etmək üçün Pekində səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) sədr müavini Van Çen ilə görüşüb.

Çin-Azərbaycan əlaqələrinin bir neçə əsrlik tarixi olduğunu vurğulayan Van Çen müasir dövrdə münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib. İki ölkə münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayan ÜXNY-nin sədr müavini Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfərinin əlaqələrimizin genişlənməsində və möhkəmlənməsindəki rolunu xüsusi vurğulayıb.

Van Çen Azərbaycanın özü üçün müəyyən etdiyi inkişaf yolunu dəstəklədiklərini bildirərək, ölkəsinin ikitərəfli əlaqələrimizin daha da inkişafı istiqamətində birgə səylərini davam etdirəcəyini bildirib.

O, iki ölkənin qanunverici orqanları arasında mövcud olan əlaqələrdən danışaraq, Milli Məclis sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətinin bu yaxınlarda Çinə səfərini xatırladıb.

Tayhu Dünya Mədəniyyət Forumunun illik iclasında iştirak üçün təşəkkür edən ÜXNY-nin sədr müavini ölkələrimizin humanitar və mədəni sahələrdə əlaqələrinin də müxtəlif layihələrlə inkişaf etdirildiyini diqqətə çatdırıb. O, cari il ərzində Çində Azərbaycan musiqisindən ibarət bir neçə konsertin keçirildiyini yada salaraq, bu cür tədbirlərin Azərbaycan mədəniyyətinin Çində tanıdılması baxımından vacibliyini vurğulayıb.

Tayhu Dünya Mədəniyyət Forumunun illik iclasında iştirak üçün dəvətə görə təşəkkürünü bildirən Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.

Azərbaycan-Çin əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdıran Ə.Əhmədov tarixi İpək Yolunun xalqlarımız arasında münasibətlərin qurulmasındakı rolunu vurğulayıb.

Hazırda iki ölkə arasında əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanan, dinamik inkişaf edən çoxtərəfli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirən Ə.Əhmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın möhkəmlənməsinə töhfələr verdiyini deyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə iki dəfə Çində səfərdə olduğunu xatırladan Ə.Əhmədov həmin səfərlər zamanı dövlət başçılarının münasibətlərimizin müxtəlif sahələrdə inkişafı ilə bağlı qəbul etdiyi qərarların uğurla icra edildiyini deyib.

Baş nazirin müavini Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin münasibətlərinin daha da genişlənməsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb, ölkəmizin həmin strategiyanın icrasına hər cür dəstək göstərməyə və bu çərçivədə birgə əməkdaşlığa hazır olduğunu bəyan edib.

X X X

Çin Kommunist Partiyasının nazir statusunda beynəlxalq əlaqələr departamentinin rəhbəri Sun Tao ilə görüşdə hakim partiyalar arasında sıx əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Sun Tao iki ölkənin liderlərinin əlaqələrimizin müxtəlif istiqamətlər üzrə inkişafı ilə bağlı tapşırıqlarının icrası istiqamətində hakim partiyaların da üzərinə vəzifələr düşdüyünü bildirib. O, Çin Kommunist Partiyasının bununla bağlı hər cür əməkdaşlığa hazır olduğunu deyib.

ÇKP rəsmisi Azərbaycanı yaxşı dost kimi gördüklərini, tarixi kökləri olan münasibətlərimizin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

“Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında birgə məsləhətləşmələrin əhəmiyyətinə toxunan Sun Tao bu strategiyanın bütün iştirakçı ölkələrin inkişafına imkan yaradacağına əminliyini ifadə edib. “Coğrafi olaraq Asiya ilə Avropanın qovşağında yerləşən Azərbaycan “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkədir. Biz Azərbaycanın imkanlarından birgə istifadə etməklə bu layihənin uğurlu icrasına və bununla da xalqlarımızın rifahının daha da yaxşılaşmasına nail ola bilərik”,- deyə departament rəhbəri vurğulayıb.

Dövlət başçılarının səmimi dostluq əlaqələrinin ölkələrimiz arasında münasibətlərin inkişafında əvəzsiz rol oynadığını qeyd edən YAP sədrinin müavini–icra katibi Əli Əhmədov Çin ilə əlaqələrin inkişafının Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Ə.Əhmədov ölkəmizin Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən olduğunu diqqətə çatdıraraq böyük iqtisadi və nəqliyyat-tranzit imkanlarına malik olan Azərbaycanın bu layihədə oynadığı roldan danışıb. Ötən il istifadəyə verilən və Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti İpək yolunun vacib məqami olmaqla yanaşı, “Bir kəmər, bir yol” təşəbbüsünün icrası baxımından böyük addımdır.

Baş nazirin müavini Ə.Əhmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkür edib. Bildirib ki, Azərbaycanın da “Vahid Çin” siyasətinə dəstəyi dəyişməyib.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin hazırki vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.