Həvəsləndirici vergi siyasəti həyata keçiriləcək – Nazir

“Vergilər Nazirliyi həvəsləndirici vergi siyasəti həyata keçirmək niyyətindədir”.

XALQ.AZ -ın məlumatına görə bunu “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov deyib.

Vergi daxilolmalarının həcminin artırılması məsələsinə toxunan nazir qeyd edib ki, nazirliyin əsas məqsədlərindən biri vergi bazasının genişləndirilməsi olacaq.

“Vergilərin yığılmasında artıq ödəmələr tələb edilib, ədalət prinsipi pozulub”.

Nazir bildirib ki, qanun hər kəsə eyni tətbiq edilməlidir: “Bazar iqtisadiyyatında heç kimə güzəşt edilməyəcək. Vergilər sistemində kadr islahatlarına artıq başlanılıb və vergi orqanlarının səlahiyyəti yenidən müəyyənləşdiriləcək”.

Nazir deyib: “Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədə iqtisadi artım üçün ən əlverişli şərait təmin edilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, Vergilər Nazirliyi üçün fiskal siyasətin yerinə yetirilməsi asanlaşır. Vergilər Nazirliyinin əli hər zaman iqtisadiyyatın üzərində olacaq”.

Nazir, həmçinin bildirib ki, bundan əvvəl vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələr tələb edilib: “Bu ödəmələrin həcmi ilbəil artıb. Neft və qeyri-neft sektorları üzərində vergi yükü qeyri-mütənasib palnlaşdırılıb. Özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən bəzi hallarda qəbuledilməz metodlar tətbiq edilib, ədalətlilik prinsipi pozulub. Vergi ödəyiciləri özününki və digər kateqoriyalara bölünüb”.

M.Cabbarov qeyd edib ki, Azərbaycanda bəzi vergi ödəyiciləri vergiyə gəlirlərinə və xərclərinə görə deyil, dövriyyələrinə uyğun cəlb edilib: “Bu isə mənfi amildir. Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı vergi ödəyicisi arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisi səhv edə bilər və biz ona bir də bu səhvi təkrar etməməsi üçün dəstək olmalıyıq”.

RƏSUL