VII LIDERLIK MƏKTƏBI-NƏQŞICAHAN-IN AÇILIŞ MƏRASIMI OLUB

Naxçıvan şəhərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ),  Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “VII Liderlik Məktəbi-Nəqşicahan”nın açılış mərasimi keçirilib. ATGTİ-dən verilən məlumata görə, mərasimdə AR Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirinin müavini Məcid Seyidov, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Xudiyev, Naxçıvan Dövlət Universitetinin prorektoru Məmməd Rzayev və ATGTİ-nin sədri Şahin İsmayılov iştirak edib.

İlk olaraq açılış nitqi ilə çıxış edən ATGTİ-nin sədri Şahin İsmayılov “Nəqşicahan” layihəsinin məqsədi və onun əhəmiyyəti barəsində məlumat verib. Daha sonra AR Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edib və ATGTİ-nin reallaşdırdığı Liderlik Məktəbi layihəsinin gənclərin ictimai-siyasi həyata qoşulmasında əhəmiyyətindən və Dövlət Gənclər Siyasəti haqqında danışıb.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxış edərək Dövlət Gənclər Siyasətində Tələbə Gənclər Təşkilatlarının (TGT) əhəmiyyətli rol oynadığını bildirdi və ATGTİ-yə buna görə təşəkkür edərək “VII liderlik Məktəbi-Nəqşicahan”nın iştirakçılarına uğurlar arzulayıb.

Naxçıvan Dövlət Universitetinin prorektoru və Ali Məclisin deputatı Məmməd Rzayev Heydər Əliyevin hakimiyyəti dövrünə həyata keçirilən Dövlət Gənclər Siyasəti haqqında söz açıb və Prezident Cənab İlham Əliyevin bu siyasəti uğurla həyata keçirdiyini qeyd edib.

Ali Məclisin yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Xudiyev öz növbələrində layihə iştirakçılarına uğurlar arzulayıblar.

Bağlanış mərasiminin sonunda dövlət rəsmilərinin iştirakı ilə “VII Liderlik Məktəbi-Nəqşicahanın” komandalarına (Gülüstan, Nuh Yurdu, Möminə Xatun və Qarabağlar) bayraqları təqdim olunub.