Vilayət Eyvazov 6 polis əməkdaşını Türkiyəyə təhsil almağa göndərdi

“Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında” 25 oktyabr 2011-ci il tarixli protokola əsasən, 2019-2020-ci tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində magistr təhsili almaq üçün Azərbaycan Polisinə 6 yer ayrılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən DİN-in “Avtomatlaşdırılmış kadr informasiya sistemi” vasitəsilə şərtlərə uyğun olaraq bakalavr ali təhsil dərəcəsinə malik, türk dilini yaxşı bilən, fiziki hazırlıqlı, geniş dünyagörüşlü, müasir informasiya texnologiyaları ilə işləməyi bacaran 6 əməkdaş seçilərək sənədləri Türkiyənin müvafiq təhsil müəssisəsinə göndərilib.

Bu münasibətlə seçilmiş namizədləri qəbul edən Daxili İşlər naziri Vilayət Eyvazov onları təbrik edərək iki qardaş ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, təhsil alacaqları dövrdə Türkiyəli həmkarlarının təcrübələrindən yararlanmağı, öz üzərilərində daim işləməyi, biliklərini və fiziki hazırlıq səviyyələrini artırmalarını tövsiyyə edib.

O, əmin olduğunu bildirib ki, təhsil alacaqları müddətdə onlar Azərbaycan Polisini, xalqımızı şərəflə təmsil edəcəklər.