“VİP Dental” klinikasında xəstə əməliyyat zamanı öldü

1

 

Bakıda diş həkiminin etdiyi boğaz əməliyyatından xəstə dünyasını dəyişib. Xəstənin ailə üzvlərinin klinikada olan ANS TV-nin əməkdaşlarına verdiyi məlumata görə, Bakı şəhər sakini 47 yaşlı Məmmədov Elçin stomatoloqa hamı kimi diş ağrısı ilə müraciət edib. Həkim onun dişini müayinə edərkən boğazında şiş aşkarlayıb və cərrahi əməliyyat lazım olduğunu bildirib.

Xəstə əməliyyat üçün cərraha müraciət etdiyini bildirsə də, diş həkimi əməliyyatı elə özünün edəcəyini deyib. Uğursuz əməliyyatla xəstənin həyatına son qoyan həkim isə dindirilmək üçün prokurorluğa aparılıb.

Mərhumun yaxın dostunun ANS PRESS-ə verdiyi məlumata görə, həkim onu şirinikləndirib. “O, da düşünmədən səhər qalxıb gedib həkimin yanına. Səhər saat 12:30 da əməliyyat edib. Əməliyyat etdiyi yer balaca bir diş kilinası olub. Həkim əməliyyatdan sonra xəstənin yaxınlarına xəbər verib. O, onlara sinirilərə toxunduğunu və nəticədə xəstənin öldüyünü deyib”.

Dostunun sözlərinə görə, E.Məmmədovun 7-ci sinifdə oxuyan bir oğlu qalıb. Mərhum Xəzər dəniz Gəmiçiliyi xəstəxanasında təcili yardım maşınında sürücü işləyib. Hal-hazırda mərhumun meyti analiz üçün tibbi ekspertizaya göndrəilib.

“VİP Dental” stomatoloji klinikasında baş verən ölüm faktını təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, E.Məmmədovun dişində əməliyyatın aparılması üçün iynə vurulduqdan sonra pasiyentdə anafilaktik şok yaranıb və o dünyasını dəyişib. Hadisədən 6 dəqiqə sonra təcili tibbi yardım briqadası ünvana gəlsə də, xəstəni xilas etmək mümkün olmayıb.

Xəstənin ölümünə anafilaktik şokun səbəb olduğu təxmin edilir. Hazırda bu məsələ Səhiyyə Nazirliyi, eyni zamanda istintaq orqanları tərəfindən araşdırılır.
A.Qədirli bildirib ki, hər bir stomatoloji kabinetdə şok əleyhinə preparat olmalıdır. SN aparacağı araşdırma zamanı bu kabinetdə şok əleyhinə preparatın olub-olmadığını öyrənəcək.