Vitse-spikerin təşəbbüsü ilə tanınmış idmançılar qan vermə aksiyasında iştirak etdi – FOTO

Ötən şənbə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və İdman komitəsinin sədri  Adil Əliyevin təşəbbüsü ilə bir çox tanınmış idmançılar va idman xadimləri Mərkəzi Qan Bankının  “Könüllü donor” qan vermə aksiyasına qoşuldu.

Vitse-spikerin “bu günlərdə hər birimizin borcu dövlətimizin yanında olmaq və köməkliyimizi əsirgəməməkdir. Aparılan xeyirxah tədbirlərin davamı olaraq, özünü sağlam hiss edən, səhhəti qan verməyə imkan verən hər bir kəsdən Mərkəzi Qan Bankına (Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay 87) yaxınlaşaraq qan verməsini xahiş edirik. Toplanmış qanlar qarşılıqsız olaraq irsi qan xəstələrinə və talassemiyalı vətəndaşlarımıza veriləcəkdir” çağırışına 200-ə yaxın insan səs verdi.

XALQ.AZ xəbər verir ki, ilk növbədə talassemiya xəstələrinə yardım kimi təşkil edilmiş bu aksiyada vitse-spiker ilə bərabər güləş aləminin tanınmış simaları Hacı Əliyev, Nazim Əlicanov, Roövşən Umudov kikboksçular Ramal Aslanov  və Eduard Məmmədov, kikbiksinq üzrə yığma komandamızın baş məşqçisi Elşən Abdulrəhimov, futbolumuzun tanınmış simaları Arif Əsədov və Saşa Yunisoğlu iştirak etdilər. 

Qeyd edək ki, özünü sağlam hiss edən hərkəs, Mərkəzi Qan Bankına yaxınlaşa, tam steril, təhlükəsiz və gigienik qaydada qan verərək, yardım əlini uzada bilər. Köməyinizi əsirgəməyin!