“Vosmoy” bazarının köhnə dərdi: antisanitariya

9

 

Hər kəs şahiddir ki, bu gün Bakı necə sürətlə inkişaf edir, böyüyür, müasirləşir, yeni-yeni körpülər, yollar, binalar, park və istirahət mərkəzləri tikilib insanların istifadəsinə verilir. Şəhərdə səliqə-sahman yaradılır, binaların üzləri yenilənir, yeraltı keçidlər tikilir və sair. Bunlar hamısı insanların rahat və firavan, eyni zamanda, sağlam yaşaması üçün dövlətimiz tərəfindən atılan addımlardır. Lakin bütün bunlara baxmayaraq müəyyən problemlər də mövcuddur. Yəqin elə bir adam olmaz ki, onun yolu Bakının müxtəlif istiqamətlərində yerləşən bazarlara düşməsin. Hər gün minlərlə insan alış-veriş üçün bazarlara üz tutur. Nəticədə isə həftənin istənilən günü bazarda qaynaşma müşahidə olunur. Lakin məsələ ondadır ki, Bakıda olan bazarların əksəriyyəti şəhərin bugünki inkişafı ilə ayaqlaşsa da, bəzi bazarlar hələ də bu tempə çata bilmir. Problemlərin kifayət qədər olduğu belə satış nöqtələrindən biri də əhali arasında adlanan “Vosmoy bazar”dır. Əməkdaşımız adıçəkilən bazarda olub, müşahidələr aparıb və gəlinən nəticə budur ki, “Vosmoy Bazar” sözün əsl mənasında böyük təhlükə mənbəyidir.Bazardan çıxan və müxtəlif ərazilərdə koma şəklində yığılıb qalan zibilin vaxtlı-vaxtında daşınmaması ətrafda olduqca ürəkbulandıran mənzərə yaradıb. İndi sual edirik, belə bir şəraitdə əhaliyə təqdim edilən malların keyfiyyətinə kim zəmanət verə bilər? Məgər, belə bir antisanitariya şəraitində hansısa nümunəvi xidmətdən söhbət açmaq mümkündürmü-təbii ki, əsla! Bu bazarda da xarab olmuş tonlarla məhsul satıcılar tərəfindən ətrafa atılır ki, bu da antisanitariya şəraiti yaradır. Amma görünür, belə bir dözülməz vəziyyət “Vosmoy bazar”-nın rəhbərliyini heç narahat etmir. Əksinə bu durum onların daha çox qazanmasına rəvac verir. Amma unudulur ki, yaşadığımız 21-ci əsrdə alıcılara bu cür keyfiyyətsiz xidmət inkişaf edən Azərbaycan üçün qara bir ləkədir. Biz məsələnin aktuallığını nəzərə alaraq oxucuların bazardan çəkdiyimiz fotoları təqdim edirik.

 

Mövzuya qayıdacağıq..

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

 

3 4 6 7 9 10 11