Vüqar Bayramov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək

Gələn ilin dövlət büdcəsi sosial-iqtisadi hədəflər nəzərə alınaraq tərtib olunub

Ölkəmizin sürətli inkişafı bütün sahələrdə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. Azərbaycan hökuməti iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına Dövlət proqramlarını daha da genişləndirib. Belə ki, dövlət başçısı İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar, həmçinin xüsusi Dövlət proqramları əhalinin sosial müdafiəsini xeyli gücləndirib. Maliyyə imkanları möhkəmləndikcə ölkədə həyata keçirilən sosial tədbirlərin sayı daha da artır. Yaşayış səviyyəsinin daha da yüksəldilməsi və yoxsulluğun azaldılmasında dövlət büdcəsinin sosialyönümlü olması öz rolunu oynayır.

Əhali üçün əlverişli sosial mühitin yaradılması, ölkə miqyasında iqtisadi inkişafın sürətlənməsi, yeni iş yerlərinin açılması vətəndaşlarımızın davamlı gəlirləri üçün əsas təşkil edir. Bu, dövlətin sosial siyasətinin birbaşa məqsədləridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.

Noyabrın 29-da keçirilən Milli Məclisin plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Belə ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 894,7 milyon manat məbləğində proqnozlaşdırılır.

Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində də sosial sahəyə ayrılan vəsaitlərin həcmində artım proqnozlaşdırılıb. Əlbəttə, bu kimi addımlar əhalinin maddi rifah halının daha da yaxşılaşmasına gətirib çıxaracaq. Belə ki, 2020-ci ilin dövlət büdcəsinin xərcləri 26 milyard 894,7 milyon manat məbləğində proqnozlaşdırılmaqla, 2019-cu ilə dair anoloji göstəricidən 1 milyard 705 milyon manat və ya 6,8 faiz çoxdur. Ümumiyyətlə, 2020-ci ilin dövlət büdcəsi bütün əvvəlki illərdən fərqli olaraq, ən böyük həcmdədir. Buna da əsas səbəb sosial xərclərdir. Belə ki, gələn ilin sosial xərcləri indiyədək heç bir ildə olmadığı qədər yüksək səviyyə təşkil edəcək.

Bunun 2 səbəbi var. Birincisi, başa çatmaqda olan bu ilin mart və sentyabr aylarında əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan 2 sosial paket icra olunmağa başlandı. Minimum əməkhaqqı 1 ildə 2 dəfə artırılaraq, 130 manatdan 250 manata, minimum pensiya məbləği 72 faiz artırılaraq, 116 manatdan 200 manata çatdırılıb.

Paralel olaraq, dövlət büdcəsindən maliyyələşdirilən elm, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, sənaye, tikinti və faydalı qazıntılar, nəqliyyat və rabitə, iqtisadi fəaliyyət sahələrində, habelə dövlət orqanlarında çalışan işçilərin də aylıq əməkhaqları dövlət başçısının müvafiq sərəncamları ilə orta hesabla artırılıb. Beləliklə də, bütövlükdə cəmi 1 il ərzində dövriyyəyə 4,2 milyon nəfəri əhatə edən maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla, gələcək üçün artıq xərc vəsaitinin qarşılanması tələbi ortaya atılıb.

İkincisi isə, 2020-ci ildə qarşıya bu tələbi ödəmək vəzifəsi qoyulmaqla yanaşı, bəzi sahələr üzrə əməkhaqlarının əlavə olaraq artırılması da nəzərdə tutulur. Nəticədə 2019-cu ildə tətbiq olunmuş və 2020-ci ilə proqnozlaşdırılan artımlar üçün növbəti ilin dövlət və icmal büdcələrində cəm olaraq 4 milyard manatadək əlavə vəsait nəzərdə tutmaq məcburiyyəti yaranıb.

Bütün bunlar nəzərə alınaraq, 2020-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 10 milyard 373 milyon manat proqnozlaşdırılmaqla, 2019-cu ildəkindən fərqli olaraq, 2 milyard 605 milyon manat və ya 33,5 faiz çox müəyyən edilib. Ümumiyyətlə, gələn il sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,5 faiz təşkil edəcək ki, bu da 2019-cu ildəki ilə müqayisədə 7,7 faiz çox olacaq.

Ümumiyyətlə, adətən iqtisadiyyatı güclü olan ölkələr sosial sferaya daha çox diqqət ayırır və sosial təminatı daha yaxşı həyata keçirə bilirlər. Çünki nəticə etibarilə bu da bir sosial öhdəlikdir. Azərbaycanda bu kontekstdə təbii ki, büdcənin sosial öhdəlikləri son illər daha da artmaqdadır. Bu isə ondan xəbər verir ki, həyata keçirilən sosial siyasət növbəti illərdə də davam etdiriləcək. Praktiki olaraq bu, məhz Azərbaycanda son 16 ildə həyata keçirilən sosial siyasətin növbəti illərdə də davam etdirilməsi, daha da təkmilləşdirilməsi, əlçatanlığın genişləndirilməsi və sosial proqramlardan faydalananların sayının artmasında özünü göstərəcək.

İqtisadçı ekspert Vüqar Bayramov qəzetimizə açıqlamasında söylədi ki, Azərbaycanda köklü sosial-iqtisadi islahatların davam etməsini nəzərdə tutan 2020-ci ilin büdcəsi Milli Məclisə dövlət başçısı İlham Əliyev tərəfindən təqdim olunub: “Büdcə zərfi yeni layihələr, sosial-iqtisadi hədəflər nəzərə alınaraq tərtib olunub. Büdcənin tərtibində ölkənin makroiqtisadi proqnozları əsas götürülüb. 2020-ci il və ortamüddətli dövrdə Azərbaycanın milli iqtisadiyyatının başlıca sektorları üzrə Strateji Yol xəritələrinin icrası, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş Dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üzrə tədbirlər büdcə xərclərinin əsas istiqamətlərindən biri olacaq. Gələn il üçün ümumi daxili məhsulun real iqtisadi artımı 3 faiz, qeyri-neft sektorundan gələn artımlar isə 3,8 faiz proqnozlaşdırılır”.

V.Bayramov qeyd etdi ki, büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək: “2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat təşkil edəcək. Gəlirlərin 10 milyard 605 milyon manatı, yəni, 43,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 530 milyon manatı, yəni, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək. Vergi orqanlarının xətti ilə büdcəyə 7 milyard 875 milyon manat, gömrük orqanlarının xətti ilə isə 4 milyard manat daxilolmalar proqnozlaşdırılır”.