Vüqar İskəndərov: Həyata keçirilən tədbirlər Azərbaycanın daha da güclənməsinə xidmət edir

“Bu gün öz inkişafına görə əksər ölkələr üçün nümunə təşkil edən Azərbaycan yeni mərhələyə qədəm qoyub. Siyasi, iqtisadi, sosial sahələri əhatə edən islahatların uğurla reallaşdırılması ilə müşahidə edilən bu mərhələdə həyata keçirilən və xalqımız tərəfindən yüksək qiymətləndirilən tədbirlər Azərbaycanın daha da güclənməsinə xidmət edir”.

Bunu XALQ.AZ-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar idarəetmədə çevikliyin və funksionallığın artırılmasına xidmət etməklə yanaşı, siyasi münasibətlər zəminində də yeni yanaşmanın meydana çıxmasını şərtləndirib: “Bu kontekstdə siyasi islahatlar kursunun əhəmiyyətini xüsusi vurğulamaq gərəkdir. Konkret olaraq təmsil olunduğum Milli Məclisə gəlincə, hesab edirəm ki, parlament səviyyəsində reallaşdırılan islahatlar milli həmrəyliyə xidmət edən yeni siyasi münasibətlərin formalaşması və inkişafı baxımından olduqca önəmlidir. Cari ilin fevral ayının 9-da ölkəmizdə keçirilmiş parlament seçkilərindən sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə, eyni zamanda, müxalifət nümayəndələri parlament komitələrinə həm sədr, həm müavin vəzifələrinə seçildilər. Bu, əlbəttə ki, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış çox mühüm addımdır. Paralel olaraq hakimiyyət tərəfindən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi strateji əhəmiyyətə malikdir. Milli maraqları üstün tutan siyasi qüvvələrin mütləq əksəriyyəti bu dialoq təklifinə müsbət reaksiya verməklə konkret mövqe sərgilədilər”.

Vüqar İskəndərov qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən çoxşahəli islahatlar məhkəmə – hüquq sistemini də əhatə edir: “Məlum olduğu kimi, ölkəmizin davamlı inkişafının təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edib. Cənab Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bu məqama diqqət çəkərək “Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq” dedi”.

Yeri gəlmişkən, dövlət başçısının qəbulda islahatlar çərçivəsində prokurorluq orqanlarının qarşısında qoyduğu mühüm vəzifələrdən biri indiki şəraitdə ölkəmizdə şəffaflığın artırılması, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirlməsi ilə bağlıdır. Həmin məqama toxunan millət vəkili deyib ki, bu heç də təsadüfi deyil: “Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin sistemli xarakter daşıması və bu sahədə müxtəlif dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi bütövlükdə bu məsələdə daha səmərəli nəticələr əldə olunmasını şərtləndirib. Son 16 ildə Prezident İlham Əliyevin qətiyyəti sayəsində respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib, fəaliyyətində korrupsiya və rüşvətxorluq kimi əməllərə yol verənlərin ifşa edilərək qanun qarşısında cavab vermələri üçün addımlar atılıb. Eyni zamanda Dövlət Təhlükəsizliyi Xidmətinin son vaxtlar həyata keçirdiyi xüsusi əməliyyatlar nəticəsində fəaliyyətində korrupsiya və rüşvətxorluq kimi mənfi hallara yol verən məmurların, o cümlədən dörd rayonun – Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra hakimiyyəti başçılarının, həmçinin ayrı-ayrı icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbər şəxslərinin qanundankənar əməlləri ifşa edilib və onlar həbs olunublar. Lakin bu da son deyil və bundan sonra da bu cür əməllərə yol verənlərə qarşı sərt cəza tədbirləri görüləcək. Mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə istiqamətində prokurorluq orqanları daha fəal iş aparmalıdırlar. Prokurorluq orqanlarından söz düşmüşkən hesab edirəm ki, respublikanın yeni Baş prokuroru vəzifəsinə məhz Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Kamran Əliyevin təyin edilməsi də dövlətimin korrupiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmaq əzmini bir daha nümayiş etdirdi”.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində ixtisaslaşmış cinayət təqibi orqanı kimi yaradıldığını deyən millət vəkili bildirib ki, vətəndaşlardan daxil olan müraciətlərin, korrupsiya hallarına dair faktların operativ araşdırılması və yüksək peşəkarlıq bu qurumun fəaliyyətinin əsas məğzini təşkil edir: “Bunu korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində əldə olunan uğurlu nəticələr də təsdiqləyir. Məhz sadalanaların fonunda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Kamran Əliyevin respublikanın Baş Prokuroru təyin edilməsi ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin yeni və daha sərt mərhələsinin başladığına işarə edir. Hesab edirəm ki, Kamran Əliyevin rəhbərliyi ilə həm prokurorluq orqanlarında islahatlar uğurla həyata keçiriləcək, həm də dövlət başçısının tapşırığına uyğun olaraq korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə istiqamətində prokurorluq orqanları daha fəal iş aparacaqlar”.

Açıqlamasında həmçinin, millət vəkili kimi fəaliyyət göstərdiyi qısa müddət ərzində seçiciləri ilə daim maraqlandığını bildirən Vüqar İskəndərov “bilirsiniz ki, pandemiya ilə əlaqədar insanların kütləvi şəkildə iştirakı ilə hər hansı tədbirin, o cümlədən seçicilərlə toplu halında görüşlərin keçirilməsi mümkünsüzdür. Lakin mən bu müddət ərzində rayondakı köməkçim vasitəsilə hər gün seçicilərimlə əlaqə saxlamışam, onlara lazım olan dəstəyin göstərilməsinə çalışmışam. Eyni zamanda hər hansı məsələ ilə bağlı elektron poçtuma daxil olan müraciətlərlə bağlı müvafiq addımlar atmışıq və bu istiqamətdə fəaliyyətimiz davam edir” deyib.