Vüqar Rəhimzadə: “SOCAR-dakı kadr dəyişiklikləri işə yalnız müsbət təsir göstərə bilər”

“Düşünürəm ki, SOCAR-dakı bu kadr dəyişiklikləri, rotasiya sistemi ilə yerdəyişmələr işə yalnız müsbət təsir göstərə bilər”.

XALQ.AZ xəbər verir ki, bunu “Report”a “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, əgər şirkət rəhbərliyi kadr dəyişikliyi barədə qərar verirsə, deməli, dəyişikliyə ehtiyac var: “O baxımdan hesab edirəm ki, rəhbərlik yaxşı mənada dəyişikliyə qərar verib və bu qərar ümumi işin, SOCAR-ın işinin keyfiyyətinin artırılmasına yönəlmiş qərarlardır”.

O vurğulayıb ki, SOCAR son illər kifayət qədər uğurlu iqtisadi nailiyyətlərə imza atıb: “Mən SOCAR-da 90-cı illərin əvvəllərindəki vəziyyəti xatırlayıram, o illərdə hətta aylarla əməkhaqqı verilmirdi, aylarla insanlar narahatlıq yaşayırdı, köhnə avadanlıqlar kifayət qədər probemlər yaradırdı. Bu gün sözün həqiqi mənasında SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə SOCAR dünyada brend kimi özünü tanıdıb. SOCAR-ın təkcə Azərbaycan iqtisadiyyatında deyil, dünyada böyük layihələrdə kifayət qədər rolu, kifayət qədər önəmi var. SOCAR bu iqtisadi şaxələndirmədə mühüm rol oynayan bir şirkətdir. SOCAR Azərbaycana kifayət qədər dividendlər gətirən, iqtisadi layihələrdə, dünyanın bir çox ölkələrində Azərbaycanın marağını təmin edən böyük işlər görür. Bu dəyişikliklər zaman-zaman olub. Bugünkü dəyişikliklər də təbii ki, rəhbərliyin verdiyi bu qərarla işin keyfiyyətinin daha da artırılmasına, işin daha yaxşı formalaşmasına, bütövlükdə SOCAR-ın işi deyil, ölkə iqtisadiyyatına mühüm töhfələr verə biləcək qərarlar, dəyişikliklərdir. Düşünürəm ki, rotasiya sistemi uğurlu bir işdir və SOCAR-ın işinə bu proseslər yaxşı mənada təsir göstərəcək”.

Vüqar Rəhimzadə

Vüqar Rəhimzadə

“Hesab edirəm ki, rəhbərlik yaxşı mənada dəyişikliyə qərar verib və bu qərar ümumi işin, SOCAR-ın işinin keyfiyyətinin artırılmasına yönəlmiş qərarlardır”.

Qeyd edək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə şirkətin idarə və müəssisələrinin rəhbərliyində dəyişiklik olub.

Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi, “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri, Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.