Vüsal Hüseynov: “Azərbaycan qısa müddətdə həmin problemi tam aradan qaldıracaq”
2019-cu ildə BMT QAK-ın 70-ci sessiyası çərçivəsində vətəndaşsızlıq vəziyyəti üzrə yüksəksəviyyəli paneldə belə bir tələb müəyyən edilmişdi ki, iştirak edən dövlətlər könüllü öhdəliklər götürür və üç il ərzində hansı tədbirləri gördükləri barədə məlumat verirlər. Həmin dövrdə aşkar edilən vətəndaşsızlıq vəziyyəti olan şəxslərin bu gün artıq 65 faizdən çoxu Azərbaycan vətəndaşlığını əldə edib və vətəndaşlığı təsdiq edən sənədlərlə təmin edilib. Həmçinin bu prosesin davam etdiyi şəxslər də var. Onların müvafiq məlumatları əldə edilib və hüquqi prosedurlar davam etməkdədir.
Bunu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşsızlıq üzrə yüksəksəviyyəli konfransda deyib
V.Hüseynov bildirib ki, bu templə davam edilərsə, Azərbaycan qısa müddətdə həmin problemi tam aradan qaldıracaq: “Hazırda yeni vətəndaşsızlıq vəziyyətinin aşkarlanması halları da azalıb. Biz ümid edirik ki, bu say həqiqətən də azalıb”.
Həmçinin Vüsal Hüseynov bildirib ki, 1988-ci ildən başlayaraq Ermənistan tərəfindən etnik təmizləmə siyasəti nəticəsində 250 mindən çox şəxsin vətəndaşlıq hüquqları kobud şəkildə pozulub. Həmin dönəmdə şəxslər faktiki olaraq vətəndaşsızlıq vəziyyətində idilər. Azərbaycan Respublikasının qanunvericiliyində həmin şəxslərin vətəndaşsızlıq hüququnun təminatı ilə bağlı müddəalar müəyyən edilib.
“Son 15 il ərzində Azərbaycanda 2 mindən çox vətəndaşsızlıq vəziyyətində olan şəxs Azərbaycan vətəndaşlığını əldə edib. Həmçinin 6 mindən çox şəxsin mənsubiyyəti tanınıb”, – deyə V.Hüseynov bildirib.