Xəzəryanı ölkələrlərin əməkdaşlığı Bakıda müzakirəyə çıxarıldı – DƏYİRMİ MASA

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin və Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə “I Xəzər İqtisadi Forumu”na həsr olunmuş Dəyirmi Masa keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbirdə millət vəkilləri, Xəzəryanı ölkələrin səfirliklərinin nümayəndələri, ekspert və politoloqlar, ziyalılar, tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov açaraq Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformalarının artırılmasının əhəmiyyətindən danışdı. O, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq perspektivlərinə diqqəti çəkdi. Xəzərin hüquqi statusunun müəyyən edilməsindən sonra Xəzəryanı ölkə başçılarının iştirakı ilə bu ilin avqust ayının 12-də Türkmənistanda təşkil olunacaq “I Xəzər İqtisadi Forumu”nun vacibliyindən söz açan BMAM sədri Rufiz Qonaqov, tədbirin də məhz həmin Foruma həsr edildiyini bildirdi.

Türkmənistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mekan İşankuliyev “Birinci Xəzər İqtisadi Forumu” mövzusunda cıxış edərək, həm Azərbaycan, həm də digər Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın bu ölkələrin suverenliyinə vacib təsir göstərdiyini bildirərək, qlobal iqtisadi əməkdaşlığın genişləndiyi müasir dünyada Xəzəryanı dostluq və əməkdaşlığın əhəmiyyətini qeyd etdi.

Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyinin birinci katibi O.Cumanazarov”Xəzərin tranzit və logistika potensialı” mövzusunda məruzə ilə cıxış edərək müasir iqtisadi inkişaf dünya bazarlarına daha effektiv cıxış yollarının axtarışını tələb etdiyini bildirdi. Bu baxımdan, Xəzəryanı ölkələr həm quru, həm də dəniz vasitəsilə geoiqtisadi baxımdan daha əlverişli imkanlarını möhkəmləndirməli və birgə səylərini daha da genişləndirməlidirlər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Xəzər hövzəsi ölkələrinin beyin mərkəzlərinin əməkdaşlıq perspektivləri” mövzusunda cıxış edərək, Xəzəryanı ölkələrin birgə səylərin artırılmasında  beyin mərkəzlərinin yaradılması ətrafında fəaliyyətin gücləndirilməsini təklif etdi. Həmçinin bildirdi ki, iqtisadi təşəbbüslərin sistemli və effektli nəticələnməsi üçün beyin mərkəzlərinin rolu müstəsna xarakter daşıya bilər.
Milli Məclisin deputatı, professor Hikmət Məmmədov “Xəzər dənizi yeni enerji və nəqliyyat-kommunikasiya dəhlizi kimi” mövzusunda cıxış edərək Xəzərin nəqliyyat-kommunikasiya dəhlizi ətrafında real vəziyyət və Xəzəryanı dövlətlərin əməkdaşlıq perspektivlərindən, qarşılıqlı fayda gətirən iqtisadi əməkdaşlığın bütün region ölkələri üçün səmərəliliyinin artırılmasının əhəmiyyətindən bəhs etdi. Millət vəkili əsası Heydər Əliyev tərəfindən qoyulan Xəzərin qlobal və regional əhəmiyyətli enerji layihələri ətrafında sabit inkişaf strategiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

“BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Xəzər dənizində neft-qaz layihələri” mövzusunda çıxış edərək,  Xəzər hövzəsinin neft-qaz layihələrinin dünya miqyasında artan əhəmiyyətinə diqqət çəkdi.  O, mövcud zəmində Xəzəryanı ölkələrin qarşılıqlı fayda verəcək regional və qlobal əhəmiyyətli əməkdaşlığının gücləndirilməsindən bəhs etdi. Həmçinin Xəzər hövzəsi neft-qaz layihələrinin XXI əsrdə ən iqtisadi səmərəli və strateji enerji layihələrindən olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.

AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə “Xəzəryanı ölkələrdə elmi-innovativ əməkdaşlığın davamlı inkişafının əsasları” mövzusunda  dəyirmi masanın aktuallığına diqqəti çəkərək bildirdi ki, ölkələr elmi-innovativ və humanitar əməkdaşlığı da artırmalıdırlar. Belə əməkdaşlığın həm də regional iqtisadi və qlobal əhəmiyyətli layihələrə müsbət təsir göstərdiyini bildirən professor gələcək elmi-strateji perspektivlərin vacibliyindən danışdı.

Siyasi ekspert Rəfail Becanov “Xəzər regionunda inteqrasiya və regional əməkdaşlıq” mövzusunda inteqrasiya və əməkdaşlıq ətrafında həyata keçirilən layihələrin həm də regional təhlükəsizlik və sabit əməkdaşlığa böyük dəstək olduğunu qeyd etdi. O, enerji təhlükəsizliyinin davamlı təmin edilməsi istiqamətində hərtərəfli və çoxpilləli əməkdaşlıq formalarının axtarışlarının daim gücləndirilməsi vacibliyini vurğulayıb.

Fəlsəfə doktoru, ekspert Hüseyn İbrahimov “Xəzər regionu: Beynəlxalq iqtisadi və mədəni maraqlar” mövzusunda çıxış edərək, Xəzər regionu və bu zəmində iqtisadi-mədəni maraqların əlaqələndirilməsi məsələlərindən bəhs edərək, mövcud mədəni əlaqələrin daha da gücləndirilməsinin iqtisadi əməkdaşlıqda oynayacağı roluna diqqəti çəkdi.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı “Xəzər hövzəsi və informasiya təhlükəsizliyi” kontekstində xəzərətrafı ölkələrin media qurumlarının əməkdaşlığının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirin sonunda çıxışlar ətrafında müzakirələr aparıldı. Müzakirələrdə “Trend” İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Arzu Nağıyev, iqtisadçı ekspert Vüqar Bayramov, “Azpress.az” İnformasiya Agentliyinin rəhbəri Rasim Sadıxov, “Bakı-Xəbər” qəzetinin təsisçisi, siyasi şərhçi Aydın Quliyev və BMAM-ın eksperti Ramin Səmədov çıxış etdilər.