Xəstəliyin yayılma sürəti yüksəkdir – TƏBİB

Epidemioloji statistik göstəricilər qənaətbəxş deyil. Aparılan təhlillər onu göstərir ki, ölkəmizdə xəstəliyin yayılma sürəti yüksəkdir.

XALQ.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.

“Bu səbəblə bir sıra şəhər və rayonlarımızda ciddi karantin rejiminin təkrar tətbiq olunması barədə qərar qəbul olunub. Bu rejimi biz aprel ayında tətbiq etmişdik. Bu müddətdə insanların zəruri olmadığı hallarda evlərini tərk etməmələrini tövsiyə edirik”, – o deyib.

R.Bayramlı bildirib ki, alınan qərarlar statistik təhlillərin nəticələrinə əsasən qəbul olunub:

“Operativ Qərargah və Qərargahın tibbi heyəti sadəcə adminstrativ heyətdən ibarət deyil. Qərargah ilk yaradılan gündən burada xaricdə təhsil almış yüksək ixtisaslı mütəxəssislər, tibb işçiləri yer alır. Eyni zamanda tibbi mütəxəssislərin yetişdirilməsi üçün işçi qrupları yaradılıb” .

Onun sözlərinə görə, REACT C-19 layihəsi çərçivəsində xaricdə təhsil alan 19 həkim 3 ay ölkəmizdə fəaliyyət göstərib:

“Ölkəmizdə tətbiq olunan qərarlar dünya ölkələrində müsbət qiymətləndirilib və 50 ölkə ilə aparılan video-konfranslarda bir sıra qərarlar qəbul olunub”.