Xətai rayonunda uşaqlar oynamağa yer tapmır

Usaq

Neapol 23 ünvanında uşaqlar oynamağa yer tapmırlar. ANS TV-nin məlumatına görə, Neapol küçəsi əslində bir il əvvəl uşaqların istirahət yeri olub. Ərazidə besetkalar, yelləncəklər də var imiş. Təxminən bir ilə əvvəl yaxınlıqda yeni möhtəşəm bağça tikilir. Elə həmin ərəfədə yenilənmə adı ilə buradakı avadanlıqlar da sökülüb. Amma yenilərinin əvəzinə boş sahə qumla doldurulur. Düzdür balacalar bu qumun içərisində də öz uşaqlıqlarını yaşayırlar. Amma onları gözləyən qorxulu xəstəliklər, antisanitariya, toz-torpaq valideynlərini çox narahat edir. Köhnə istirahət sahəsinin hər iki başında zibillik yaranıb. Bir sözlə bir vaxtlar sakinlərin dincəldiyi ərazidə indi toz torpaqdan, pis qoxundan nəfəs almaq olmur.

Şikayətçi Rəfiqə Əhmədovanın sözlərinə görə, hamı burada dincəlirdi, hər şey var idi. Bir gün gəlib sökdülər ki təzəsini gətirəcəyik.”Köhnəni apardılar təzələr də yoxa çıxdı.”

Şikayətçilər dəfələrlə Xətai rayon İcra Hakimiyyətinə istirahət məkanlarına nə vaxt qovuşacaqları ilə bağlı müraciət də ediblər. Amma onlara verilən söz elə sözdə qalıb.

Şikayətçilərin sözlərinə görə dörd aydır gözləsələr də hələ də bir xəbər yoxdur. Amma rəsmi qurumlar verilən sözü unutmadıqlarını, sadəcə obyektiv səbəblərdən gecikdiyini deyirlər.

90 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Qaflan Maqsudov bildirdi ki, ərazidə su xətləri yeniləndiyindən qum “Azərsu” ASC-tərəfindən həmin əraziyə boşaldılıb və gecikmə də onunla bağlıdır. “Bura futbol meydançası olacaq. Təzə besetka və yelləncəklər qoyulacaq”.

Sonda mühəndis onu da bildirdi ki, görüləcək işlərin sürətlənməsi və sakinlərin yeni
istirahət məkanlarına daha tez qovuşmaları üçün aidiyyatı qurumlara müraciət ediləcək.