Xətainin icra başçısı işdən çıxarıldı – Sərəncam

Prezident İlham Əliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib.

XALQ.AZ xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:

“Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.

Razim İsa oğlu Məmmədov  21 iyun 1966-cı ildə Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olub. İlk əmək fəaliyyətinə 1983-cü ildə “Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.

1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1999-cu ildə yaradılmış “Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.

Prezident İlham Əliyevin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Üç övladı var.

 

Orxan