Xalqımızın bir parçası olan türkmanlar üçün bunu edək

Milli Məclisin bugünki iclasında “Elm haqqında Azərbaycan Respublikasının Qanununda dəyişliklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsində millət vəkili Qənirə Paşayeva da çıxış edib.

XALQ.AZ xəbər verir ki, Q.Paşayeva dəyişiklikləri dəstəkləyib və bu sənədin Azərbaycan üçün strateji baxımdan vacib olduğunu bildirib.

Qeyd edək ki, qanunun 39.6-cı maddəsində göstərildiyi kimi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında doktorantura səviyyəsində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçirilir. Eyni zamanda, qanunun 44.1-1. maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.

Millət vəkili Q.Paşayeva çıxışında Azərbaycan da daxil olmaqla, türk dövlətləri – Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistanın öz müstəqilliyini təkrar qazandığı ilk illərdə qardaş Türkiyənin yüzlərlə gəncin Türkiyədə təhsil almasına dəstək göstərən proqramını xatırladıb və bildirib ki, həmin gənclər vətəndaşı olduqları dövlətlər ilə qardaş Türkiyə arasında əlaqələrin, əməkdaşlığın daha da güclənməsində fəal rol oynadılar, buna görə də Azərbaycanda təhsil alacaq şəxslər üçün ayrılan kvotalarda türk dövlətlərindən – Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və türk toplumlarından, Azərbaycanın dövləti sərhədlərindən kənarda yaşayan soydaşlarımıza – Cənubi Azərbaycan (İran), Dağıstan (Rusiya), Borçalı (Gürcüstan) – öncüllüyün verilməsi türk dövlət və toplumları, Azərbaycanın dövləti sərhədlərindən kənarda yaşayan soydaşlarımızla əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək və bu, Azərbaycan üçün strateji baxımdan çox önəmlidir.

Q.Paşayeva ağır durumda olan türk toplumlarına, İraq türkmanları kimi soydaşlarımızın da bu kvotalarda yer almasına toxunub. Millət vəkili ümummilli lider Heydər Əliyevin “Tarixi araşdırarkən gördüm ki, İraq türkmanları ilə biz azərbaycanlılar bir bütövün parçalarıyıq” fikrini qeyd edib və deyib ki, İraq türkmanlarının ləhcələrinin 98%-i bizim ləhcəmizlə eynidir və müəyyən sayda istedadlı türkman gənclərin Azərbaycana gəlib burda dövlətin dəstəyi və maliyyəsi ilə təhsil alması həmin gənclərin ölkələrinə qayıtdıqdan sonra Azərbaycan ilə İraq türkmanları, soydaşlarımız arasında əlaqələrin güclənməsinə öz töhfəsini verə bilər, həm də Azərbaycanın İraqdakı soydaşlarımıza dəstəyi və oradakı insanlarımızın güclənməsi baxımından çox strateji bir addım olar.

 

 

Orxan