Xalqın inamı

 

02

 

Azərbaycanın son on ildə möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlar seçkilərdə möhtəşəm qələbəsini şərtləndirdi

 

Seçkilər Azərbaycan xalqının iradəsini əks etdirdi

 

9 oktyabr prezident seçkiləri demokratiyanın təntənəsi olmaqla yanaşı, xalqımızın Heydər Əliyev siyasətinə inamını, etimadını bir daha təsdiqlədi. Son on ildə müstəqil Azərbaycanımızın möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurların miqyasına diqqət yetirdikdə hər bir Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur hissi keçirə bilər. Məhz xalqımız 9 oktyabr prezident seçkilərində fəal iştirakı, ən əsası möhtərəm cənab İlham Əliyevə dəstəyi ilə ötən illərə bir baxış keçirib, gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi. Prezident İlham Əliyev andiçmə mərasimində on il bundan əvvəl ilk dəfə prezident seçiləndə verdiyi vədi bir daha xatırlatdı: «Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir.» və «Mən hər bir azərbaycanlının prezidenti olacağam.» Son on ilin qısa təhlili bu vədlərin konkret əməli işdə öz təsdiqini tapdığını bir da nümayiş etdirir.

 

Təhlükəsizlik, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz

 

Son on ildə Azərbaycanın müstəqilliyinin qorunması və daha da möhkəmləndirilməsi əsas məsələ kimi diqqətdə olub. 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə dövlət müstəqilliyimizin yenidən bərpasının 20 illiyinin dövlət səviyyəsində qeyd olunması ötən illərin təhlili və onların fonunda yeni-yeni hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. «İyirmi il həm böyük, həm də çox da böyük olmayan müddətdir. İyirmi il ərzində çox iş görmək olar, heç nə görməmək də olar. Azərbaycanda son 17 ildə, müstəqilliyimizin birinci iki ilini çıxmaq şərti ilə, doğrudan da tarixi nailiyyətlər əldə edilmişdir. Bu gün danışdığımız bütün uğurlar bu müstəqilliyin nəticəsidir» söyləyən dövlət başçısı İlham Əliyev eyni zamanda bildirmişdir ki, müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillikdən qiymətli heç nə ola bilməz.

Andiçmə mərasiminin Dövlət Müstəqilliyi Günü ərəfəsinə təsadüf etdiyini önə çəkən dövlət başçısı İlham Əliyev müstəqilliyimizin ilk illərində yaşanan durumla bugünkü Azərbaycanımızın müqayisəli təhlilini aparıb bu fikri xüsusi qeyd etdi ki, sabitlik olmasa, heç bir inkişafdan söhbət gedə bilməz.

Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Azərbaycan xalqı öz dövlətini dəstəkləyir, müdafiə edir və bu da əbədi müstəqilliyimizin təminatıdır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Milli dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılan tarix- 15 iyun 1993-cü il xalqı məşəqqətlərdən, faciələrdən xilas edən Milli Qurtuluş günü oldu. O gündən etibarən müstəqilliyimizin əbədi olması üçün böyük xidmətlər göstərən dahi şəxsiyyət Heydər Əliyev müasir, müstəqil və qüdrətli Azərbaycan dövlətinin qurucusu, yaradıcısı, süverenliyimizin etibarlı qarantı oldu. 2003-cü ildən Onun layiqli davamçısı möhtərəm cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi uğurlarımızın davamlılığını təmin etdi. Ötən əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi dünyada günəş kimi parlayır. Son on ildə Prezident İlham Əliyev ölkədə sabitliyin qorunmasını prioritet məsələ kimi öndə saxlayıb. Andiçmə mərasimində dövlət başçısı İlham Əliyev bildirmişdir: «Sabitliyin qorunmasında, əlbəttə ki, dövlət siyasəti xüsusi rol oynayır, eyni zamanda, xalqla iqtidar arasındakı birlik bax bu sabitliyin təmin edilməsində əsas rol oynamışdır.»

Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı illərində söylədiyi «Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir» fikirləri artıq reallıqdır. Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir. Möhtərəm cənab İlham Əliyev bildirir: «Son illərin təcrübəsi, eyni zamanda, müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir. Ancaq müstəqil Azərbaycan bu uğurlara nail ola bilmişdir. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz bu nailiyyətlərə çata bilmişik. Müstəqilliyin üstünlükləri bundan ibarətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək.»

 

Azərbaycan demokratiya yolu ilə uğurla addımlayır

 

Son on ildə ölkəmizdə bütün azadlıqlar təmin edilib. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi əsas məsələ kimi öndə dayanıb. Siyasi kampaniyalarda vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, şəffaf seçkilərin təşkili, obyektivliyin təminatı demokratik dəyərlərə sadiqlik, Azərbaycan təcrübəsinin təbliği kimi dəyərləndirilir. 2009-cu ildə ölkədə keçirilmiş və əhali tərəfindən dəstəklənmiş Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan referendumda da məqsəd və ən çox diqqət yetirilən sahə insanların azad, firavan, sərbəst yaşaması üçün təkmil qanunvericilik bazasını dövrün tələbinə, müasirləşən və dünyaya sürətli inteqrasiya yolu ilə irəliləyən Azərbaycanın inkişafına uyğunlaşdırmaq, zənginləşdirmək idi. Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə daha geniş sferanı əhatə edən «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nın təsdiq edilməsində də məqsəd insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətindəki islahatların davamlılığını təmin etməkdir. Demokratik inkişafın vacib amillərindən biri kimi vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin edilməsi istiqamətində də davamlı tədbirlər həyata keçirilir. «Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq» söyləyən Prezident İlham Əliyev eyni zamanda bu fikri də önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz: «İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən». Demokratiyaya sadiqliyi sözdə deyil, əməldə sübut edən Azərbaycan dövlətinin atdığı biri-birindən əhəmiyyətli addımların nəticəsidir ki, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Dövlət başçısı İlham Əliyev hər zaman bu fikri də qeyd edir ki, Azərbaycanda bütün azadlıqlar mövcuddur, eyni zamanda, qanun-qayda da var. Konstitusiyamızda təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Biz hüquqi dövlət qururuq. Sərbəst toplaşmaq azadlığının təmin olunması sahəsində atılan addımlar göz qabağındadır. Bu hüquq 1998-ci ildə qəbul olunan «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunla tənzimlənir. Qanunun qəbulundan ötən dövr ərzində Azərbaycanın bütün sahələrdə keçdiyi inkişaf yolunu təhlil etməyə ehtiyac yoxdur. Dinamik iqtisadi inkişafa malik olan Azərbaycan siyasi, demokratik islahatlar sahəsində qazandığı uğurları ilə də dünyanın diqqət mərkəzindədir. Bu uğurlar zaman-zaman qəbul olunan qanunlarda, onlara edilən əlavə və dəyişikliklərdə əksini tapır. «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna da 2008-ci il prezident seçkiləri ərəfəsində Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlıq nəticəsində bir sıra əlavə və dəyişikliklər edilib. Bir sözlə, son on ildə demokratiya, insan hüquqları, hüquqi dövlət quruculuğu ilə bağlı bütün addımlar ölkəmizi daha da gücləndirmiş və dinamik inkişafı təmin etmişdir. Seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyini artırmaq, Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq dövründə və səsvermə günü tam və şərtsiz həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədilə Azərbaycan dövlətinin gördüyü işlər beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən yüksək dəyərləndirilir. Qərb və Avropa təmsilçiləri bu fikri daim bəyan edirlər ki, Azərbaycanda demokratiyanın inkişafı təkamül yolu ilə gedir, vətəndaşların bütün hüquqları qanunlar əsasında tənzimlənir, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə xüsusi önəm verilir.

 

Azərbaycanda sivilizasiyalararası, dinlərarası münasibətlər dünya üçün örnəkdir

 

Sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir. Sivilizasiyaların qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi vardır. Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında əməkdaşlığın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Sivilizasiyaların dialoqunun təşkilində, inkişafında müxtəlif ölkələrin hökumət və siyasi partiya nümayəndələrinin, mədəniyyət, incəsənət və elm xadimlərinin öz düşüncələrini ortaya qoyub ümumi mövqe nümayiş etdirmələri təbii ki, müsbət haldır. Bu fikir hər zaman önə çəkilir ki, dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri dini və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası, dinlərarası dialoqun zəruriliyidir. Bu dəyərlərin öyrənilməsi və birləşmə nöqtələrinin açıqlanması ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynaya bilər. Azərbaycanın qeyd olunan istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur. Andiçmə mərasimində dövlət başçısı möhtərəm İlham Əliyev diqqəti ölkəmizin bu istiqamətdə qazandığı uğurlara da yönəltdi. Bildirdi ki, Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar ölkəmizi dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir: «Bu, bizim həyat tərzimizdir, eyni zamanda, bizim siyasətimizdir. Artıq Azərbaycanın bu sahədəki təcrübəsi öyrənilir. Bu gün Azərbaycan dünya miqyasında bu istiqamətdə aparılan siyasətlə seçilən, fərqlənən ölkələrdən biridir.»

Ölkəmizdə yaranan demokratik şəraiti yüksək qiymətləndirən xarici qonaqlar etiraf edirlər ki, dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün buradakı qədər səylər göstərilsin. İllərin təcrübəsi göstərir ki, İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan milli-mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə ən böyük töhfə verən ölkədir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir.

 

İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır 

 

Dövlət başçısı İlham Əliyev bildirir: «Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi. Çünki mən on il bundan əvvəl çox yaxşı başa düşürdüm ki, əgər biz buna nail olmasaq, Azərbaycan gələcəkdə böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq heç kimə sirr deyildir.»

Dövlətimizin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir ki, beynəlxalq aləm inkişafın Azərbaycan modelinin mövcudluğunu təqdir edir və öyrənilməsinin vacibliyini bildirir. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Ölkəmizin hərtərəfli tərəqqisində qeyri-neft sektorunun inkişafını vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı davamlı addımlar bu məqsədin reallığa çevrilməsini təmin edib. Cari ilin 9 ayında qeyri-neft sektorunda artımın 10,4 faiz təşkil etməsi uğurlu iqtisadi islahatların nəticəsidir. Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da Prezident İlham Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, iqtisadiyyatın əsas sahəsi neft sektorudur. Ancaq son müddət ərzində ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır ki, bu da aparılan islahatların məntiqi nəticəsidir. Son on ildə ölkədə bir milyon 200 min yeni iş yeri açılıb ki, bunun da 900 mini daimidir. İşsizliyin səviyyəsi 5 faizdir. Regional inkişaf proqramlarının uğurlu icrası nəinki rəqəmlərdə, gündəlik həyatda da özünü göstərir. Təbii ki, ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə imkanlarımızın genişləndirilməsinə zəmin yaradır. Amma bir reallığı da qeyd edək ki, dünyada təbii resurslarla zəngin olan bir çox ölkələr var ki, orada bu ehtiyatlar heç də hər zaman uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alır. Lakin Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirərkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsi bu kimi problemlərin yaşanmamasını şərtləndirdi. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq, ədalət prinsipinin öndə saxlanılması ölkənin maliyyə imkanlarının genişlənməsində və mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində özünü təsdiqlədi. İqtisadiyyatın inkişafında neft amilinə böyük dəyər verilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycanın bugünkü uğurlarının davamlılığında neft strategiyasının rolu inkaredilməzdir. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin nüfuzunun və siyasi çəkisinin təsdiqidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın çəkisi artdıqca, imkanları da genişlənir.

Qeyd olunduğu kimi, bütün bu uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına söykənir. «Əsrin müqaviləsi» imzalanmasaydı, Azərbaycanın bugünkü iqtisadi imkanlarını, beynəlxalq aləmdə siyasi mövqeyini düşünmək çətin deyildi. Dövlət başçısı bildirir: «Əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?» Bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediliciyinə görə də maraq doğurur. Son on ildə ölkə iqtisadiyyatına 150 milyard dollar vəsait qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Bu, Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olduğunu təsdiqləyir. Ölkəmizdə ictimai-siyasi sabitliyin, normal biznes mühitinin mövcudluğu ölkəmizə investisiya axınını sürətləndirir. Daxili investisiyaların da həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısının göstəricisidir. Ayrı-ayrı dövrləri əhatə edən «Azərbaycanda Sahibkarlığın İnkişafı» Dövlət Proqramı, «Azərbaycanda kiçik və orta sahibkarlığa Dövlət Yardımı Proqramı», «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı», «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)», «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» və digər proqramların uğurlu icrasının davamı olaraq hazırda «Azərbaycan Respublikasının məşğulluq strategiyası» (2006-2015-ci illər), «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» və digər vacib sənədlərin icrası uğurlarımızın davamlılığına əsas yaradır. ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Son on ildə sahibkarlara bir milyard manat dəyərində güzəştli kredit verilib.

Valyuta ehtiyatlarımız 50 milyard dollara yaxındır. Valyuta ehtiyatlarının idarə edilməsi istiqamətində yeni istiqamətlərin araşdırıldığını qeyd edən dövlət başçısı İlham Əliyev bu gerçəkliyi də diqqətə çatdırır ki, əgər valyuta ehtiyatlarını adambaşına hesablasaq, Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdən birindədir.

Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində bir daha bu reallığı diqqətə çatdırır ki, iqtisadi inkişaf tempinə görə son on il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. On ildə iqtisadiyyat 3,4 dəfə artıb. Əvvəlki illərdə bu artımın neft amili sayəsində olduğunu önə çəkən Prezident İlham Əliyev bu əminliyi ifadə edir ki, hazırda qeyri-neft sektorunun inkişafı mövcüd artımı təmin edir və gələcəkdə də təmin edəcəkdir. Uğurlarımızın əsas səbəbi düşünülmüş siyasətdədir. Ölkəmiz kosmik dövlətlərin sırasına daxil edilmişdir. Təbii ki, bu uğur da iqtisadi tərəqqiyə əsaslanır.

 

Azərbaycan sosial dövlət kimi öz sözünü deyib

 

Həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır. Son 10 ildə atılan addımlara diqqət yetirsək bu fikrin reallığa əsaslandığının şahidi olarıq. İqtisadi resursların insan kapitalına çevrilməsi əsas tezis kimi önə çəkilərək, müasir dövrün tələblərindən biri kimi yüksək ixtisaslı kadrların hazırlanmasına diqqət daha da artırılıb. Prezident İlham Əliyevin fərmanı ilə «2007-2015-ci illər üçün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları ilə bağlı Dövlət Proqramı»nın təsdiqlənməsi və uğurla icrası da bu məqsədə xidmət edir. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir. Ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində bu reallıqların fonunda bildirmişdir: «Biz öz gücümüzə arxalanırıq. Azərbaycan xalqının istedadına, zəhmətinə güvənirik. Ona görə Azərbaycan dünya miqyasında hətta böhranlı illərdə uğurlu inkişaf etmişdir.» 2009-cu ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranı hər bir ölkənin nəyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycanda iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması bu böhrandan uğurla çıxmasını təmin etdi.

Ötən 10 ildə bir milyondan artıq yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə enib. Son on ildə orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artıb. Bu müddətdə respublikada 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzinin tikilib istifadəyə verilməsi də iqtisadi uğurlarımıza əsaslanır. Hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və uğurlu icrası ölkənin hərtərəfli inkişafına zəmin yaradır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının yerinə yetirilmə səviyyəsi ilə yaxından tanış olmaq məqsədilə mütəmadi bölgələrdə olan dövlət başçısı İlham Əliyev əhalinin arzu və istəkləri ilə bilavasitə maraqlanır, təklif və təşəbbüslərinin reallaşmasını, lazımi tədbirlərin görülməsini yerli idarəetmə orqanlarına əsas vəzifə kimi tapşırır. Bu gün paytaxt və bölgələr arasında fərqin aradan götürülməsi də bu inkişafın göstəricisidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu gün Azərbaycan quruculuq meydanını xatırladır.

Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Dövlət başçısının xalqa xidməti hər bir dövlət məmurundan tələb etməsi də ölkə əhalisinə qayğının təzahürüdür: «İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhqiq edilməlidir, incidilməməlidir.»

Dövlət başçısının hər bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılıqda sərəncamlar imzalaması və dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılması da bu diqqət və qayğıdan irəli gəlir. Ölkə Prezidentinin vurğuladığı kimi, ən önəmlisi budur ki, Azərbaycan cəmiyyətində islahatların aparılması üçün çox böyük həvəs, maraq, böyük ruh yüksəkliyi vardır. Rayonlar arasında sağlam rəqabət aparılır.

 

Biz mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik 

 

Dövlət başçısı İlham Əliyevin böyük qətiyyətlə və inamla səsləndirdiyi «Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək» bəyanatı Azərbaycanın diplomatik mübarizədə qazandığı uğurlarla yanaşı, iqtisadi imkanlarımızın genişlənməsi fonunda ordumuzun qüdrətinin və gücünün artmasına əsaslanır.

Silahlı Qüvvələrimizin daim modernləşdirilməsi, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərir. 26 iyun Silahlı Qüvvələr Günündə keçirilən möhtəşəm hərbi paradlar ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilir. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən, Ali Baş Komandan İlham Əliyevin bütün bayram tədbirlərində hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayış etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradır ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Azərbaycanın güclü, peşəkar ordusu var.

Dövlət başçısı möhtərəm İlham Əliyev çıxışlarında bildirir ki, müasir, güclü və  mütəşəkkil ordu yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu vardır. Azərbaycan gəncləri hesabına formalaşmış və mükəmməl nizami ordu kimi tanınan Azərbaycan Silahlı Qüvvələri hərbi hazırlıq və müasir texnikanı idarə etmək bacarığı baxımından bölgədə fərqlənir. Möhkəmlənən iqtisadi imkanlarımız hesabına daha da təkmilləşən Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilmişdir.

Dövlətin mövcudluğunu təsdiqləyən atributlara daim hörmətlə yanaşan ölkəmizin paytaxtındakı Dövlət Bayrağı Meydanında dünyada ən uca yüksəklikdə olan üç rəngli bayrağın dalğalanması, müasir hərbi texnika, silah-sursatla təchiz olunmuş mükəmməl ordunun formalaşması vətənə, xalqa xidmət və sədaqətdən qaynaqlanır. Milli kadrlar hesabına möhkəmlənən ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin ulu öndər Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdırlar.

Son illərdə artan imkanlarımız hesabına ordunun maddi-texniki bazası möhkəmlənmiş, hərbçilərin yaşayış və məişət məsələlərinə, sosial müdafiəsinə diqqət artırılmışdır. Ordu quruculuğu sahəsində həyata keçrilən islahatların ilk günündən müdafiə xərclərinin artırılması əsas prioritet kimi dövlət siyasətinin əsasında dayanır. 2003-cü ildə 160 milyon dollar olan hərbi büdcəmiz bu gün 3 milyard dollardan artıqdır. Azərbaycanda hərbi sənaye kompleksi yaradılmış və onlarla zavodda 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Dövlət başçısı İlham Əliyev hər zaman bəyan edir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsinə bərabər olmalıdır. Müharibə şəraitində yaşayan bir ölkədə dövlət büdcəsində hərbi təyinatlı xərclər üçün ayırmalara, ordu quruculuğuna bu cür diqqət və qayğı təbiidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün danışıqların istənilən nəticəni verməyənə kimi orduya ayırmalarda artımı daim diqqətdə saxlanılacağını vurğulayan Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının – dünyanın ən mötəbər qurumunun 4 qətnaməsi, digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələrinin icra edilməməsini ədəalətsizlik hesab edərək bir daha bildirir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir: «Biz bundan sonra da siyasi və diplomatik səylərimizi artıracağıq, bundan sonra da Ermənistanı təcrid edilmiş vəziyyətdə saxlayacağıq. Öz siyasi və regional təşəbbüslərimizlə, iqtisadi təşəbbüslərlə daha da böyük təzyiq göstərməliyik… Mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.»

Azərbaycanın 2011-ci ildə 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin qazandığı uğurlara, eyni zamanda ədalətli mövqeyinə əsaslanır. Hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrlik edir. Bu uğurumuz təbii ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz müsbət təsirini göstərəcək. Təbliğatı real faktlara əsaslanan Azərbaycan iqtisadi qüdrətini artırmaqla beynəlxalq aləmdə yeri və rolunu da möhkəmləndirir. Diplomatik mübarizədə davamlı uğurlara imza atan ölkəmiz yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdırır.

 

Azərbaycanın dostlarının sayı artır 

 

Düzgün təmələ əsaslanan siyasət uğurların davamlılığında əsas amildir. 22 illik müstəqillik tarixinə malik olan Azərbaycan hər dövrün tələblərini, çağırışlarını yüksək səviyyədə yerinə yetirərək, biri-birindən əhəmiyyətli uğurlara imza atır. Ölkəmizdə keçirilən 9 oktyabr prezident seçkiləri ərəfəsində müxtəlif beynəlxalq qurumların, dövlətlərin hesabatları Azərbaycanın son on ildə qazandığı uğurlara beynəlxalq baxışın nə dərəcədə yüksək olduğunu bir daha nümayiş etdirdi. İtaliyanın məşhur beyin mərkəzi- Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun «10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə» adlı hesabatında da bu fikir xüsusi qeyd olunmuşdur ki, Azərbaycan uğurları ilə regional güc mərkəzinə çevrilib. Bu uğurlar gələcək barədə aydın təsəvvür yaradır. Belə ki, ölkənin iqtisadi imkanları daha da artacaq, həm də onun Avropadakı əməkdaşları ilə əlaqələri güclənəcək.

Bu gün Azərbaycanın Cənubi Qafqazın parlayan ulduzu kimi qiymətləndirilməsi də gələcəyə hesablanmış inkişaf konsepsiyasına əsaslanır. Beynəlxalq əhəmiyyətli tədbirlərdə inkişafın Azərbaycan modelinin mövcudluğunun qeyd olunması və bunun öyrənilməsinin vacibliyi barədə ürəkaçan fikirlərin səsləndirilməsi təbii ki, ən böyük uğurumuzdur. Azərbaycanın müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlər üçün əsas məkan seçilməsində də uğurlarımız əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin hər zaman bəyan etdiyi kimi, hər gün, hər həftə ölkəmizdə keçirilən bu kimi tədbirlər, forumlar Azərbaycan haqqında dolğun məlumatların əldə olunmasında mühüm rol oynayır. Dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında, sorğu mərkəzlərinin apardığı sorğuların nəticələrində Azərbaycan hər zaman yüksək göstərici əldə etməsi onu deməyə əsas verir ki, inkişaf, tərəqqi dövlətimizin siyasətində əsas yer tutmaqla yanaşı, bu istiqamətdə əhəmiyyətli addımlar atılmış və bunun nəticəsi olaraq ölkəmizə beynəlxalq baxış yüksək səviyyədədir.

Həmin hesabatda diqqət ölkəmizdə keçiriləcək 9 oktyabr prezident seçkilərinə yönəldilərək hələ öncədən bu prosesdə cənab İlham Əliyevin qələbə qazanmaq şansının yüksək olduğu bildirilmişdir. Bunu şərtləndirən amillər də diqqətə çatdırılaraq qeyd edilmişdir ki, son on ildə region ölkələri fərqli iqtisadi inkişaf nəticələri əldə etmişlər. Belə ki, Azərbaycan sürətli inkişafı, Ermənistan və Gürcüstan isə iqtisadi geriləmə ilə dünyanın diqqətindədir. Hesabatda o da vurğulanmışdır ki, Dünya İqtisadi Forumunun son «Qlobal rəqabətqabiliyyətlilik indeksi»nə əsasən iqtisadi inkişaf baxımından Azərbaycan dünya dövlətləri arasında 39-cu, Gürcüstan və Ermənistan isə müvafiq olaraq 72-ci və 79-cu yerlərdə qərarlaşmışdır.

Qeyd edək ki, bir müddət öncə ABŞ-da yerləşən və dünya üzrə insan resurslarını öyrənən «Gallup İnternational» təşkilatının ənənəvi olaraq keçirdiyi «Qlobal sevinc və kədər barometri» sorğusuna əsasən Azərbaycan dünyanın ən xoşbəxt 10 ölkəsi arasında yer tutmuşdur. Sorğuda 54 ölkədən 60 min insan iştirak etmişdir. Bu sayda ölkənin təmsilçiləri arasında aparılan sorğu əsasında ölkəmizin belə yüksək göstəriciyə malik olması, eyni zamanda bu gerçəkliyi də ortaya qoydu ki, Azərbaycan reallıqları dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və dəyərləndirilir.

 

Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar vardır

 

Atılan bütün addımlar bir məqsədə xidmət edir- Azərbaycanı daha qüdrətli dövlətə çevirmək. Dövlət başçısı İlham Əliyevin fərmanı ilə təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında qarşıya qoyulan əsas hədəf də ölkəmizi inkişaf etmiş dövlətlər sırasında görmək, yüksək gəlirli ölkəyə çevirməkdir. Andiçmə mərasimində «Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır» söyləyən dövlət başçısı İlham Əliyev belə bir həqiqəti də diqqətə çatdırdı ki, «xalq», «millət» anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Azərbaycanın siyasətində qarşılıqlı hörmət və maraqlar əsas prinsipdir. İqtisadi qüdrətini artıran Azərbaycan beynəlxalq münasibətlər sisteminin aparıcı qüvvəsinə çevrilib. Etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən Azərbaycanın dostlarının sayı artmaqdadır. Qarşıdakı illər üçün xarici siyasətdə əsas hədəfləri diqqətə çatdıran dövlət başçısı İlham Əliyev üç əsas məqamı vurğuladı- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, xarici iqtisadi əlaqələrin genişləndirilməsi və dostların sayının artırılması. Bu üç amilin vəhdətliyi fonunda mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli aydın görünür. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, tezliklə torpaqlarımız işğaldan azad olacaq, Azərbaycanın üçrəngli bayrağı Şuşada, Xankəndidə dalğalanacaq.

Təbii ki, son on ilin uğurlarını bir yazıda geniş təhlil etmək qeyri mümkündür. Ancaq bir faktı qeyd etmək kifayətdir ki, 9 oktyabr prezident seçkiləri uğurlarımızın ən böyük təsdiqidir. Hər zaman qeyd edildiyi kimi, ölkəni tərəqqiyə, yüksək zirvələrə aparan siyasətə xalqın dəstəyi şəksizdir. Möhtərəm cənab İlham Əliyevin andiçmə mərasimində söylədiyi «Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir» fikirləri qarşıdakı illərin hədəflərinin açıqlanmasında yardımçıdır. Müstəqil Azərbaycanımızı qarşıda daha möhtəşəm uğurlar gözləyir.

 

 

Vüqar Rəhimzadə,

YAP Siyasi Şurasının üzvü, 

«İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist