Xankəndini, Xəzəri bağrına basan torpaq… Elazıq”

 

11

“Bu yollarda ayiq yürü, sadiq ol…”

Belə ismarlayıb yaddaşlara xocalar xocası Əhməd Yəsəvi dədəmiz. Özünə rəva bilmədiyini bir başqasına yön görmədən. Özümüzdən başlaya bilməyimizin örnəyi olaraq özündən başlayıb, özünə səslənir:

Hoca Ahmet, zahit olma, aşik ol sen,

Bu yollarda ayık yürü, sadik ol sen.

Leyla, Məcnun, Ferhad, Şirin Vəmik ol sən,

Aşk olmadan hakkın üşügörülmez…

Böyük xocamızın buyurduğu kimi Elazıq yollarıyla ayıq, eyni zamanda da ehtiramlı duyğularla yürüdük…

Elağızın kudsal dünyasını, munisliyini müqəddəsliyin gerçək üzlərindən biri olaraq ziyarət edərək vardıq, getdik… Bir an, tək bircə məqam olmadı ki, Əhməd Yəsəvi dədəmizin bu xəyal yüksəldib, könül dikəldən misraları bizimlə olmasın. Hər qədəmimizi, hər baxışımızı izlədi, izlədi:

Ey dostlarım, bu yolların ötəsi çox,

Keçmək olmaz pir dediyin yapmayınca.

Yüz min bəla, möhnət, afət bəlası çox,

Bilmək olmaz pir dediyin yapmayınca.

Ancaq qaçılmaz gerçəklikdi ki, bizlərdən də öncə qarşı yatan qara dağları, gen-bol düzəngahları, ətəyi obalı-elli yamacları uca Yaradanın özü pir, ziyarətgah olaraq yapmışdı. Baxdıqca gözümüz sevinir, qəlbimiz isinirdi. “Türkük, müsəlmanıq bu dağlar qədər” qürurumuz hər baxışdan yaslanır, şəkillənirdi.

Bu tarixi, unudulmaz diyara, bolluq-bərəkət məkanı olan vilayətə Giresun-Ordu, Karabük-Safranbolu, Malatya yollarından keçib də gəlmişdik. Yaşıltəpə köyünü sol səmtdə qoyub düzü-düzünə Elazıq yolunu tutub yürütmüşdük. Müasir, abad, modern bir şəhər olan Malatya xatirələri ilə baş-başa varıb gəlmişdik. Malatya-Elazıq şosse yolunun hər qədəmi tarixi gəlmişlərin bir unudulmaz səhifəsini açmışdı özümüzdə Malatyanın geniş ərik bağlarından duyğularımıza əsən xoş qoxu hələ də dəfolunmaz bir ilğım kimi sayrışırdı yan-yörəmizdə. Dost-qardaş diyarı-məskəni bilərək də yolu-izi tutub yürümüşdük Elazığa. Sakinləriylə bir ətdən, bir qandan, bir ruhdan gəldiyimizin fərqindəydik. Dörd min illik tarixinə bələdliyimiz vardı. Bir boydan, bir soydan gəlməmizin fərqindəydik. Bilirdik ki, qədim-qayım Oğuz elinin Kayı boyundan olan ərənlərin ruhu bu bənzərsiz mədəniyyət daşıyıcısı olan vilayətin hər səmtindən ürpərməkdədi…

Erməni vəhşətinin qurbanı olan doğma Xocalımızın soyqırıma məruz taleyinin ağrısını Elazıq insanlarının bizlərdən az çəkmədiklərini əməli işlərindən bilirdik; İllər öncəsi Elazığın mərkəzində Azərbaycan parkı salmış burada azərbaycanlı şəhidlərini anma abidəsi ucaltmışlar. Xankəndi məhəlləsini hər gün keçib-gedən Elazıq camaatı bu yolla qardaş, dost həmrəyliklərini bəyan etmədədilər. Xankəndi bağlılığı dostluq-qardaşlığın daha əzəlki bağı, ilməsi kimi bizlərə əziz idi.

Mənəvi ustadlarımızdan olan Şəms Təbrizinin ruhu şad olsun; öyüdünü-nəsiyyətini unutduğumuz olmadı heç. İznliydik qardaş şəhərinə qədəm basmağa. Şəhər bələdiyyəsinin başqanı M.Süleyman Səlamoğlu, başqan müavini (yardımçısı) Akik Bilici dost-doğma qardaş ehtiramı ilə yolumuzu bəkləməkdəydilər. Firat Universitetində yolumuz gözlənilirdi.

Görkəmli Füzulişünas alim Əkrəm Cəfər bu dahi şairdən bəhs edərkən söylərdi ki, Füzuli şeriyyətini mütaliə etdiyim zamanda hər misra, hər beyt önündə salavat çevirirəm.

Müqəddəslik, paklıq önündə ən önəmli güman yerimiz salavat çevirməkdi.

Elazığın hər qədəm torpağı, cığırı -izi Mevlana Məhəmməd Füzuli şeriyyətinin ruh içində ruh oyadan pak dünyası kimiydi; Salavat çevirib, ehtiramla baş endirməyimizin savabı vardı. Öylə sərməst idik ki… Bu yollarla ayıq yürüyüb, sadiq olmamaq mümkünmü? Könlü Kəbə yapmadan adlayıb getməkmi olar? Qədimdən-qədim tarixini yarpaq-yarpaq vərəqləməyincə, çörəyinə əl uzadıb, suyunu içməkmi olar?

BU, BİRİNCİ VƏRƏQDİ Kİ, MİLADDAN ÖNCƏ, 9-CU YÜZİLLƏRDƏN SÖHBƏT AÇAR…

Ancaq gərəkdi ki, lap əzəl başdan Harput şəhər tarixindən başlayasan. Elazıq mərkəzinin vur-tut beşcə kilometrliyində yerləşir. Bu tarixi məkanda ilk dəfə Hürrilər məskən salıblar. Hitit və Assurlarla davamlı əlaqələri olan Hürrilərin Asiyaya çıxışları da geniş idi. Hititlərin baş şəhəri Boğazköydə aşkar edilən yazılı qaynaqlar Harputdan “İtuva” deyərək bəhs edir.

Yenə də Miladdan Öncə 9-cu yüzildə Doğu Anadoluda dövlət quran Urartuların Elazıq tarixindəki yeri Harput qalasının bilinən və bilinməyən pünhan dünyasında ömr etməkdədi.

HƏLƏ İLK VƏRƏQİ ÇEVİRMƏMİŞDƏN…

Tarixi qaynaqlar, məxəzlər üzərinə aparan söhbəti balla kəsmək istəyirəm.

Bir növ, məcburam buna. O səbəbdən ki, Elazığa qədəm qoyduğumuz ilk andan yaddaşıma köçürdüyüm və hər məqamı mənə əziz olan xatirələr yeni bir biçimdə qələmin ucuna sarınır, önə çıxır, diqqətimi məhz həmin səmtə yönəldir.

Bu xatirələrin unudulmazlığı, xətri-hörməti önündən etinasız keçə bilmirəm. İlk dəfədi ki, təslim oluram anın felinə. İlk dəfədi ki, özümüzdən başlayası oluram…

HAMI YATMIŞ, GECƏ KEÇMİŞ YARIDAN…

Upuzun bir yol adlayıb yetişmişdik Elazığa. Gecədən xeyli keçmişdi. Bu yolçuluqda mənimlə bir arada olan dostlarım otelə yetər-yetməz həmən odalarına çəkilmişdilər. Səhər erkən, necə deyərlər, o başdan bir yerdə olmalıydıq. Bilirdilər. O səbəbdən mümkün qədər vaxt udmaq, dincəlmək istəyirdilər.

Hamı yatmışdı… Unudulmaz Məhəmmədhüseyn Şəhriyar demiş, bir Allah oyaq idi, bir də mən… Özümlə götürdüyüm kitabları yerbəyer edirdim. Ertəsi gün Firat Universitetində soyqırım qurbanı Xocalının anım günüylə bağlı düzənlənəcək tədbirdə söyləyəcəklərimi düşünürdüm… Aradan keçən 22 illik vaxt, zaman məsafəsinin düz yükü varlığımı nanə yarpağı kimi büküb-bürmələyir, yuxumu ərşə çəkirdi. Dualarımı edirdim, diləyimi diləyirdim: “İlahi, Sən özün bizi qanı yerdə qalan, haqqı tapdanan şəhid qınağıyla sınağa çəkmə! Bizi şəhid ruhu önündə xəcil eyləmə. Düşmən məkrlidi, hiyləgərdi, arxadan vurmağın, namərdliyin, nakəsliyin xas ustasıdı. Namərd əlindədi düşmən zənciri, necə qısqırtsalar o cür həmlə edir haqqın üstünə… İlahi, haqq ağacımızı, haqq savaşımızı şəhid qanımızla sulamağa, ayaqda saxlamağa nəzərini əksiltmə. Dədəmiz Əhməd Yəsəvi demiş:

Cilve kılgil, tilbe kılgil, şeyda kılgil,

Mecnun kılgil, el ve halka rüsva kılgil.

İşıq göster, pervane dek yanıq kılgil,

Her ne kılsan aşik eylə, ey Allahım.

Bizi mübarizə, haqq savaşı aşiqliyindən cüda etmə! Bizi biz olaraq yap!!!

“DOST SƏNİ BAĞINA MEHMAN EYLƏSƏ…”

Dədə Ələsgərdən qalan öyüd-nəsiyyətdi; “dəvət olunduğun bağın almasın ye, heyvasın dər, narın üz” – deyib də saza əl qatıb o böyük ustad.

Elazıqda bizi dostlar qarşıladılar. Gecənin gecə yarısında odalarımızda rahatlaşmağımıza yardımçı oldular.

Səhər o başdan, dan yeri ağarar-ağarmaz varıb da bizi səhər süfrəsi başına götürdülər.

İlk bələdçimiz, can deyib-can eşidənimiz Elazıq Böyük şəhər Bələdiyyəsinin başqan yardımçısı, səmimi, həssas bir türk insanı olan Akik Bilici oldu. Qardaş sayğısını gördük ilk andan. Qardaş sayğısıyla duz-çörək kəsdik. Bir azdan bələdiyyə başqanı, sayın Süleyman Səlamoğlu gülər şöhrəsiylə gəldi, yetişdi. Bizim görkəmli müğənnimiz Mirzə Babayevin dilindən tez-tez eşitdiyimiz mahnının sözləri yenidən oyandı, dindi könlümdə: “Qonaqlar hamısı gəldi, əhvalımız tamam düzəldi…”

Əl uzatdığımız halal dost süfrəsi, içdiyimiz gözlərinin doğmadan-doğma şəfəqi, işığı oldu.

İşıqsız süfrədə əyləşməzlər ki!

VƏTƏN UNUDULMUR, VƏTƏN UNUTMUR

Şair, ədəbiyyatşünas qardaşım Sərvaz Hüseynoğlu ancaq mənim eşidə biləcəyim bir tərzdə, özünəməxsus sakitliklə səhər o başdan etdiyi ricanı xatırlatdı mənə; Qanlı-qadalı 37-ci illərin repressiya qurbanı, nakam şairimiz Almas İldırımın tez-tez ziyarət etdiyi, doğma Xəzər dənizinin qoxusunu aldığı Xəzər gölünü ziyarət etmək istədiyini bildirmişdi. “Mütləq ziyarət edəcəyik – demişdim. – Mütləq! Mütləq, Mütləq!!!”

Həmən heç unuda bilmədiyim, zaman-zaman haqqı tapdalanmış, eli-obası yağmalanmış Azərbaycanımıza ana laylası kimi xitab olunmuş misralar yaddaşımı göynədib keçmişdi:

Hanı gül qoynunda doğuran,

Xamırımı göz yaşıyla yoğuran,

Beşiyimdə “layla balam!” çağıran?

Azərbaycan mənim baxtsız anam, oy!..

Neçə ildir həsrətində yannam, oy!..

Ani olaraq yenə xatırlayıram o unudulmaz misraları. Xocalı ağrısının, nisgilinin qaysağını qoparır elə bil…

Başqan yardımçısı Akik Bilici durumu gözdən qaçırmır. Sayğı və ehtiramla:

-Bir şeymi gərəkdi-deyə soruşur.

Almas İldırımla bağlı Elazıqda nələrin qaldığını soruşuram.

O könül parçalayan olaylar yenidən xatırlanır; Sovet rejimi əlindən doğma Bakısından baş götürüb Türküstana qaçan şairi burada da rahat qoymurlar. Əlacsız qalıb Cənubi Azərbaycana üz tutur. Burada da fars zabitləri onu cəsus hesab edir, səhərə qədər boğazına kimi çıxan su içində saxlayırlar. Birtəhər canını qurtarıb qardaş Türkiyəyə pənah gətirir. Həyat yoldaşı və körpə balası Azərlə bərabər. Azər Yılmaz 3-4 il əvvəl Bakıda olarkən Sərvaz bəyə özü danışıb bu əhvalatı: “İran sərhədini keçərkən mən anamın qucağında olmuşam. Bir yandan yorğunluq, əzab-əziyyət, bir yandan da mənim aclıqdan ağlamağım əhdlərini kəsibmiş. Məni bir qaya dibində qoyub Allaha tapşırırlar. Ayrı əlac yox imiş. Ancaq az getməmiş dözməyiblər. Dönüb götürüblər. Nə qədər çətin olsa da götürüblər”.

Gəliblər Elazığa-Almas bəy burada bir müddət müəllim kimi çalışıb. Xiffət içində yaşayıb. Gəlirmiş doğma Xəzərini xatırladan gölün kənarına, saatlarla oturub tamaşa edir, xəyala dalırmış. Sonra Mustafa Kamal Atatürkə məktub yazıb, bu gölə rəsmən Xəzər adının verilməsini xahiş edib. Nakam şairin bu arzusu nəzərə alınıb.

O ağrılı illərin canlı şahidi Azər Yılmaz söyləyib bunları.

Akik Bilici telefon açıb kiminləsə konuşur: – Azərbaycandan millət vəkilimiz Qənirə xanım öz arkadaşları ilə gəlib. Bizimlə olmağınızı rica edirik, həmən gəl!

Az keçməmiş Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısı, “Manas” nəşriyyatının başqanı Şener Bulut gəlir. Hal-əhvallaşır, sonacan bir yerdə oluruq. Almas İldırımdan bəhs edirik. “Uyuduğu qəbir naməlumdu, – deyir – ancaq şəhərimizdə adını daşıyan prospekt var…” Oğlu Azər Yılmazın mobil telefonunu verir. Həmən zəng edirəm. Azər bəyin yorğun, qos-qoca, tutqun səsi “sizi Azərbaycanın Millət vəkili Qənirə xanım Paşayeva arayır” sözlərini eşidəndə elə bil birdən-birə dirçəlir, yeni, fərəh dolu bir ahəng alır…

Həm də titrəyir…

Həm də qəm dolu bir hekayət boxçası kimi açılır elə bil…

İstanbulda olmasından, bizimlə görüşə bilməyəcəyindən yana təəssüf edir.

Fevralın 23-də İstanbulda olacağımızı və mütləq ona telefon açacağımı söyləyib sağollaşıram… Heç unutmadığım misralar dolaşır yaddaşımda:

Hakka aşiq dərəvişlərin daşı göydə,

Bu aləmdə məkan tutmaz canı göydə.

Nəfsi ölü, könlü diri, sanki mələk,

Böylə olmayan sırdan nasib almaz.

Bu, “Azərbaycan” parkıdı…

Elazığın ən görümlü yerlərindən birində Azərbaycan adını əzizdən əziz tutub salıblar bu parkı. Tanış olduğumuz qısa vaxt ərzində bizimlə çox doğmalaşan Şener bəy parkda Azərbaycan şəhidlərinin anımıyla bağlı abidənin açılış mərasimindən söz açır. “Yazıçılar Birliyinin sədri Anar da iştirak edirdi” – deyir.

Qardaşın qardaşa olan təmənnasız sayğısından, dərdini, kədərini dərdi, kədəri bilməsindən duyğulanır, qürur keçiririk. Eyni zamanda torpaq itkimiz, Xocalı yaramız könüldən sevinməyə imkan vermir. Şəhidlərimizin ruhuna dualar oxuyur, xatirə şəkilləri çəkdirir, Xocalı dəhşətinin törədildiyi günlərdə çəkdiyimiz acılardan söz açırıq.

“EY, NƏ XOŞ ANLAR İDİ…”

Xoş anlar idi ki, Elazıq mərkəzində salınan “Azərbaycan parkı”ndan keçib Almas İldırım küçəsi, Bəxtiyar Vahabzadə prospekti ilə irəliləyirdik. Xankəndi məhəlləsi haqqında Şener Buludun verdiyi bilgiləri dinləyə-dinləyə tarixi qardaşlığımızdan, bir kökdən gəlib, bir kökə getməyimizdən söhbət açırıq. Elə hey düşünürəm ki, elə bil, başlarına gələcək qəzavü-qədəri əvvəlcədən bildiyi üçün Tanrı daha möhkəm yaddaş veribmiş bizim Qarabağ camaatına. Hara, hansı məkana köçürülüblərsə o yerə özləri ilə bərabər doğma yer-yurd adlarını da aparıblar, məskunlaşdıqları yerə öz doğma obalarının adını veriblər. Bu, Qarabağ köçkünlərinin xüsusi özəlliyə malik bir xarakter, düşüncə, ilkinliyə bağlılıq xüsusiyyətləridi. Elə bu düşüncələr aləmində tarixin o başını bu biri başına çəkə-çəkə yadigar fotoşəkillər çəkdiririk. Bizim “Lider” televiziyasının tanınmış aparıcısı Nuranə xanımın seçimlərini Hüseyn bəy kameranın yaddaşına köçürür. An əbədiyyətə qovuşur. Zaman durdurulur. Məmməd Arazın misraları sıralanır yaddaşımda: “Burda nə danışmaq, burda nə dinmək, gedən gedərgidir, qalan qalacaq…”

Bütün qalmışlara, əbədi olanlara ehtiramla baş əyib keçirik, “qalanlara salam olsun” düşüncəsiylə addımlayırıq. Elə bil keçdiyimiz hər məhəllə, hər prospekt, küçə bir ağızdan, bir könüldən salamlayır nümayəndə heyətimizi: “Qədəm basıb asta-asta sən bu diyara xoş gəldin” söyləyir candan, könüldən…

Bir yanı Malatya, bir yanı Bingül, bir yanı Tunceli və Diyarbəkir olan Elazıqda qonaq deyilik… Daha çox ev sahibi kimiyik; Xankəndi məhəlləmizlə, Almas İldırım küçəmizlə, Bəxtiyar Vahabzadə prospektimizlə, “Azərbaycan parkı”mızla, Xəzər gölümüzlə. Bu yurdun hər qarış torpağını qanı-canı bahasına qorumuş, bu vilayəti qurmuş, ucaltmış, Harput əfsanəsinin baş qəhrəmanı Balak Qazi dost-doğma Oğuz elinin Kayı boyundan gəlmişdi. O boydan ki, ruhumuz, canımız o müqəddəslikdən qaynaqlanır.

Elazığın hər məhəlləsi, küçəsi bir tarix boxçasıdır. Bunun nədənliyinə varmaq üçün gərək Hicrət, Nailbəy, Rüstəmpaşa, Mustafapaşa, Rizayiə, Cümhuriyyət məhəllələrini əmin-arxayın gəzib-dolaşa biləsən. Ancaq vaxt gözləmir, zaman dar gəlir.

Elazıq böyük şəhər bələdiyyəsində olan görüşdə xoş qarşılayırlar bizi. Yenə də bir kökdən gəlməyimiz, dil, din, ruh doğmalığımız söz konusu olur. Bu birliyin, doğmalığın rəmzi olaraq da bərabər, bir arada ziyarət edirik Üryan Baba türbəsini. Tarixin yuxuya daldığı bir məkandı burası. Gərək ayaqla yox ruhla, düşüncəylə qədəm basasan. Elazıqda deyirlər ki, gərək Harputda “Qayabaşı” adıyla anılan açıq hava muzeyinə getməzdən öncə yamacda yer alan Üryan Baba türbəsini ziyarət edib halallıq alasan, Türbə qapısı önündə nəzər çəkən daş üzərindəki yazıdan anlayıb-biləsən burda uyuyanın kim olduğunu: “Allahın sevdiyi qullardan İsmailin torunu, Ömərin oğlu Hafiz Mühammed…”

1278-ci ildə yapılan türbənin giriş qapısından daxil oldunsa, sağ səmətdə bu mübarək zatın əbədiyyət yuxusuna daldığı sərdabəni görəcəksən.

Bu səmtə Kurşunlu camidən keçib gəlmişdik. Harput muzeyi, Güllübağ məhəlləsi bu səmtdə idi, Eləcə də Harput məhəlləsi, Əhməd Kabaklı bulvarı, Sara Xatun camisi… Bu, Ağqoyunlu dövlətinin 5-ci hökmdarı Uzun Həsənin anası Sara Xatundu ki, Elazıqda camisi 1463-cü ildə yapılıb. Allah müfti Hacı Əhməd əfəndiyə rəhmət eləsin ki, 1850-ci ildə camini yenidən bərpa etdirib. Bir qayda olaraq Harput camilərində kitabələrə rast gəlinməz. Yalnız Ulu cami 2, Kurşunlu cami 1 kitabəyə sahibdi. Ancaq Sara Xatun Camisi yeganə tarixi abidədi ki, 18 kitabəyə sahiblik edir.

Sonra da Arap Baba türbəsini ziyarət etmək üçün qədəm alırıq. On üçüncü əsrdə yaşamış bir behiştlikdi. Əsl adı Yusif, atasının adı Arabşah olub. Harputun fəthi üçün gələn Səlcuklu sərkərdələrdən biri, eyni zamanda sayılıb-eçilən bir vəli olduğu bilinir. Türbəsi 1279-cu ildə yapılıb. Türbəsinin alt qatında qəbir odası, üst qatında isə ziyarət edilən sandıqça yer alıb. Qəbrinin özəlliyi nəşinin hər kəs tərəfindən görülə biləcək qədər açıqda olmasıdı; çürüməmiş cəsəd və kəsilmiş baş… Göz önünə bu müqəddəs torpaqlar uğrunda gedən qızğın savaş səhnəsi gəlir. Yay çəkilir, ox atılır, nizələr süzür, qılınclar qından sıyrılır. Hər tökülən şəhid qanı bir tarix səhifəsi yazır. Bu savaş yolunda kəsilən başlar belə gözəl görünür. Yadıma “Nəsimi” filmindən unudulmaz bir səhnə düşür. Teymur oğlu Miranşah vəzirin vüqarlı qız balası Şəmsin qürurunu qırmaq üçün igid Bahadır xanın kəsilmiş başını onun qarşısına atır. Şəms o kəsik başı ilahi bir duyğuyla süzür, ətrini qoxuyur və vüqarla “Bahadır xanın ölüsü də, kəsilmiş başı da gözəldir” – deyir.

Çarşı məhəlləsi boyu gəzib-dolaşdığım anların özündə belə bu duyğular mənimlə olur. Zibeydə xanım bulvarı boyunca uzanıb gedən geniş yol bu səmtə götürür yolçularını. Qazi prospektidi göz önündəki. İbrahimpaşa məhəlləsi solunda qalır. Eləcə də Yeni məhəllə, Raziyə məhəlləsi, Universitet məhəlləsi… Firat Universitetinə bu səmtdən keçib gedirik. Burada bizi müəllim-tələbə heyətilə görüş gözləyir. Bir dünyalıq məhəbbətlə qarşılanırıq. Xocalı soyqırımına həsr edilmiş kompozisiya-çıxışlar maraqla qarşılanır, o dəhşətli soyqırımı əks etdirən sənədli filmdən fraqmentlərə, foto-faktlara milli kədər hissilə, “bu qan yerdə qalan deyil!” duyğularıyla baxılır.

Etdiyim çıxışda xüsusilə vurğulayıram bu düşüncələrimi. Sonra da şəhəri gəzirik yenə.

Qazi prospektindən Yıldızbağları, Fevzi Çanmak məhəllələrinə yol dönür-dönür; İnönü, Pertek prospektləri bu yana dönür. Dövlət, Akif, Diaqnostika (araşdırma) xəstəxanaları bu səmtdədi. Baykara prospekti İnönüdən ayrılır. Atatürk prospekti bu geniş prospektlə Yunis Əmrə bulvarını birləşdirir. Universitet məhəlləsi ilə Yeni məhlə bu arada çevrələnir. Üzbəüzdə, sağ tərəfdə Sürsürü prospekti uzanıb gedir.

Sarayatik məhəlləsi Çarşı məhəlləsilə qucaq-qucağadı. Bir az da sağ yanda çevrə yoludu. Düz Diyarbəkrə aparır. Azəri türkülərinin sıx-sıx yaşadığı vilayətə doğru. Az sonra bu yolla Sivricə göyü ətəyində yer alan Xəzər gölünü ziyarətə gedəcəyik.

İndilikdə isə yolumuz tarixi Harput qalasınadı. Hürriyyət prospektindən Harput prospektinə dönürük. Qalaya qədər uzanıb gedir. Hərbi (Əskeri) xəstəxanası arxada qalır. Ulukənd məhəlləsi sağdan boylanır. Tarixin dönəmləri, döngələri kimi burulub gedir qala yolu. Harputa aparır dolama yollar.

BU QALA-BİZİM QALA, YAXUD QAN-QANI ÇƏKİR

Dolama yolları Qalxdıqca Harput qalaısı haqqında söylənən əfsanələr keçir yaddaşımdan bu yollar kimi. Su yerinə daşını-torpağını südlə yoğurub-yapdıqları bilinir. Müqəddəsliyinə xələl gəlməsin deyə. Urartular dönəminin tarixinə şahid dayanıb. Odalar, gizli keçidlər daşlara oyulub silinər deyə. 1115-ci ildə Oğuz elinin Kayı boyundan olan Artukoğlu Balak xan sahib olmuşdu bu tarix sirdaşına. İndi heykəlləşib at belindəcə. Əlində qılıncı qından sıyrılıb. Yönü Xəzər gölünə doğru həm atı boylanır, həm özü baxır. 1112-ci ildə Harput hökmdarı olan bu böyük qəhrəmanı Harput qalasına çəkib aparan bu gölə göz dolusu baxmaq istəyi olub bəlkə? Nakam şair Almas İldırım kimi, bəlkə o da bu gölə boylana-boylana ayrılıb gəldiyi Oğuzların Kayı boyuna mənsub Artuk xanədanını, bir tərəfi bəhəri Xəzər olan qədim yurd yerlərini anır-anırmış. Harput Qalasından boylanıb yönü aşağı baxdıqca 26-30 km məsafədəki Xəzər gölcüyünün başı üstündən ucalan Baba dağının sırası çəkir adamın könlünü-gözünü, dostum! Burdan yol adlayır Diyarbəkirə… Azəri türkləri o yandan baxır…

Alt yanda Dəvə mağarasıdı, Ölme vadisidi… Mənsə Balak Qazinin at belindəki heykəlinin peydestalı üzərindəki yazıdan gözlərimi heç ayıra bilmirəm. Bildiyim tarix olsa da yenidən oxuyuram: “1112-ci ildə və gənc yaşlarında Harputun hökmdarı oldu. Oğuzların Kayı boyundandı. Səlcuqlu hökmdarı tərəfindən müsəlman orduları komandanı seçildi…”

TARİXİN QISA DİLİ BELƏ SÖYLƏYİR…

1700 illik çinarlı parkı tarixə beləcə yoldaşlıq edir. Dilək Çinarının yaşı qlsaca olaraq 1700 ilin tarixiylə hesablanır. Bircə cümləylə yazılıb. Ancaq ötüb keçən bu 1700 ilin hər anı, hər qədəmi bir dünyalıq əfsanə boxçası kimidi. O sarıdan da hər yarpağı, hər budağı müqəddəs sayılır, kölgəsində edilən dualar xəfif. Budağına bağlanan niyət dəsmalları bayraq kimidi…

Burda bir tarixdi Harput hamamı…

Qurşunlu camini keç ziyarət et…

Güllübağ məhəlləsi ovuc içi kimi görünür. Hələ bir Əhməd Kabaklı bulvarı, Gülbaxça, Mansur Baba, Dabaahane, Hunkar qonaq evi… Qədim küplər, tarixi araba təkərləri, qazıntı qalıqları bu evin önündə tökülüb qalıb. Dilək Çinarı altında dayanıb bu tarix çevrəsinə baxır, baxdıqca da bircə detalını, görüntüsünü göz önündən qaçırmaq istəmirəm.

Ahquzu səmti boyunca gəzir gözlərim Məryəm Ana kilsəsinin tarixi durumu nə kövrək baxır!..

Yenidən tarixə dönür, Bilak Qazinin at üstündə şəhanə duran görkəmindən ötüb keçən zamanın gizlinlərini xəbər almaq, sormaq istəyirəm; tarixi bilgilər bu qəhrəmanın xaçlılara qarşı mərd savaşından qürurla söz açır. Harputdan Mardin və Hələbə qədər uzanan bir əraziyə hökmü yetmişdi. Menbic qalası uğrunda gedən savaşda qəhrəmancasına şəhid olmuşdu.

Tarixin özünəməxsus dönəmi, əsrin o başının bu başına ağlantısıdı; 22 illik soyqırım tarixini qeyd etdiyimiz, Xocası şəhidlərini andığımız tarixi günlərdə Harput qalasında yenilməz sərkərdə-hökmdar, Oğuz soylu şəhid Balak Qazinin heykəli, önündəyik: qan-qanı çəkir: “Mən türkəm, soyum da, köküm də bəlli…”

Bu düşüncələrlə baş-başa Osmanlı dönəmi əsgəri lisenin yer aldığı ərazilərə nəzər salıram.

Harput qalası, Balak Qazi əfsanələri haqqında olan söhbətlər duz-çörək ətirli süfrə arxasında davam etdirilir. Ortaya sırın gəlir; bizim xəngəli xatırladan bir yemək növüdü. İçli koftanın araya-ərsəyə gəlməsilə maraqlanır səfər yoldaşlarım Sürəyya xanım, Məlahət xanım, Füruzə xanım. Bilirəm ki, Elza Seyidcahan lüləkababdan tutmuş ayranacan olan çeşidli yeməklərin dadını-tamını bilməyi xoşlayır. Sərvaz bəy özünəməxsus təbəssümlə “İlham Əsgəroğlunun yeri görünür” – deyib də Quluya sarı əyilir. Füruzə, Ülviyyə, Nuranə, İradə və Hüseyn bəy sözü göydə tutur, gülümsünürlər. Ay sizi… Çoxbilmişləri… Oturanda stulu elə seçiblər ki, çox diqqətçəkən yer olmasın. Elza belə şeylərə elə də fikir verən deyil. Təbiidi, necə var elə… Könlü istəyən dilinin ucundadı.

Xoş, unudulmaz söhbətlər üçün çay süfrəsi də bəhanə, yaxşı bir vasitəçidi.

Bu ovqatla Xəzər gölcüyünü ziyarətə yürümək necə də duyğulu, necə də xoşdu… Bu xoş anları Almas İldırımın unudulmaz misraları təqib edir:

Salam desəm, rüzgar alıb götürsə,

Ağrı dağdan Alagözə ötürsə,

Gur səsimi göy Xəzərə yetirsə,

Xəzər coşub zəncirini qırsa oy!..

Hökm etsə, bu sərsəm gediş dursa oy!..

Xəbər alsam Muğanımdan, Milimdən,

Nazlı Bakım, o neft qoxan gülümdən,

Kim demiş ki, düşmüş adı dilimdən?!

Azərbaycan, mənim eşsiz yurdum oy!…

Ölməz eşqim, içimdəki dərdim oy!..

Könlümə tək Kəbə yapdım səni mən,

Sənsiz neylim qürbət eldə günü mən,

Sənsiz neylim Allahı mən, dini mən,

Azərnbaycan, mənim tacım, taxtım, oy!…

Oyanmazmı kor olası baxtım, oy?!

Zaman-zaman bizi təqib edən itkilərimizin, milli ağrı və kədərlərimizin ümumiləşdirilmiş şəkillənməsi kimidi bu misralar. Doğma Tovuzumdan, Gürcüstan sınırlarından, Safranbolu və Malatyadan yönü bəri yolçuluğumuzun əsas mövzusu olan Xocalı soyqırımının eşidilməyən və ya eşidilib qəsdən etiraf edilmək istəməyən ağrısı bu şerin qan qardaşıdı. Eyni zamanda da 5-6 gündü ki, artıq doğma Bakımızdan, Azərbaycandan ayrılmışıq. Qısa zaman ayrıntısı olsa da vətən unudulmur, vətən unutmur. Nostalji duyğular çəkir adamı. Bəlkə bizi Elazığın 26-30 km-lik məsafəsində yer alan Xəzər gölcüyünə götürən səbəbin bir adı da burdan gəlir… Bə nədi?!.. Doğma Azərbaycanımızın qudsal bir xatirə bağı uyuyur burda…

Bənzəri mavi Xəzərimin oxşarı kimi…

Laylası Almas ildırımlı xatirələrdi…

Bir az öncə Harput qalasının yüksəkliklərindən, Balak Qazinin at belindəki əzəmətli heykəli ilə nəfəs-nəfəsə seyr etmişdik bu səmtləri. Ovuc içi kimi görünürdü. 26-30 km-lik bir çevrə o yüksəklikdən ən kiçik detallarına qədər görünməkdəydi. Qarşı yatan qara dağların zirvəsindəki qar üstündən hər hansı qımıltı, hərəkət diqqət çəkərdi.

İndi isə Sivricəni keçib, yetmişdik Xəzərin sahillərinə… Sanki gözəgörünməz bir qüvvə hansı möcüzənin əliyləsə bizim Göy Xəzərin bir parçasını alıb bu yerlərə götürüb gəlib. Bir üzdə başı sis-dumanlı, qarlı dağlardı. Bir üzdən dayanıb baxan bizlərik… Ortada sükuta dalıbdı Xəzər. Gözlərim nakam şairimizdən son xatirə, qalan bir nəsnə axtarır, nişan arayır. Anidən o könül aşiqini bax elə bu yastanada bir kənara çəkilib kirimişcə kiçik Xəzərin mavi, mirvari dalğalarına baxan görürəm. Elə bil doğma Azərbaycan, bütün olub-keçmişlər bu mavi sulardan boylanıb baxır. Bir azca Göy gölün hüsnü var burda. Maral gölünə də bənzəyişi var… Hər dalğa dil açır bir düşüncədən, hər dalğa “şair, sən öldükcə, vurulduqca yaşarsan” təskinliyi verir.

Xatirə şəkilləri çəkdiririk – elə bil bizimlə bir aradadı nakam şairimiz Almaz İldırım…

Ətrafda axşam qaranlığı çökməkdədi… Pünhan bir sükuta dalıb Sivricə… Yaz-yay aylarında gəlinər bura… İndi qış ayıdı, indi xatirələr sarıb hər yanı…

Elazıq-Diyarbəkr yolu tarixin sirr dolu dolanbacları kimi önümüzdən, Sivricədən keçib Xəzər gölü boyunca yürüyür yönü dağlara-dağlara.

Bizsə Elazığa dönürük budu…

Bu, o Elazıqdı ki, tarixin 1085-ci ilində Çubuk bəy tərəfindən fəth edilmişdi. Öncə Artukoğulları, 1234-cü ildə Anadolu Səlcuqları, 1243-cü ildə Elxanilər, 1363-cü ildə Dulkadıroğulları, 1465-ci ildə Ağqoyunlular idarəçiliyi altında olmuşdu.

Sonra gəlmişdi Osmanlı dönəmi; Çaldıran döyüşündən sonra Harput Osmanlı idarəçiliyi altına keçmişdir.

Əvvəllər Ağavat Mezrası adıyla tanınan Elazıq 1834-cü ildən etibarən bu adı daşımaqdadı.

Dönəmin valisi İzzət Paşa dilə yatımı elə də hamar olmadığından eləcə Elaziz adını vermişdi.

ADI ATATÜRKDƏN BİR ƏMANƏTDİ

Böyük Paşa bu çevrəyə ilk dəfə 1916-cı ildə – hələ ordu komandiri olarkən gəlmiş, ziyarət etmişdi.

İkinci ziyarəti isə 1937-ci ildə olmuşdu. Gəlmişdi, bu mahalı “azığı (azuqəsi, məhsulu, bərəkəti) bol olan yer” olaraq dəyərləndirmişdi. Məsləhət etmişdi ki, mahalın adı durumuna uyğun olaraq “Elazığ” adlandırılsın.

Böyüyün böyük sözünü tutur Türkiyə Böyük Millət Məclisi. Xüsusi qərarla Elazıq kimi təsbit olunur.

Elazıqdan Adanaya 511, Ankaraya 770, Antalyaya 1064, Bingölə 144, Bursaya 1150, Diyarbəkirə 151, Ərzuruma 323, İstanbula 1221 km-lik məsafə var. İzmirə varmaq üçün gərək 1320, Kayseriyə 455 km yol yürüyəsən. Burdan Malatya 101, Samsuna 667, Trabzona 507, Tuncelinə 133 km-dir.

Hazarbaba dağından süzülüb gələn sular Xəzər gölcüyünə can verməkdədi.

Keban Baraj gölü, Cin Baraj gölü bu bölgədədi. Verimli, barlı-bərəkətli obalar burda; Biri Uluova, biri Kuzova, Behnemaz, Palu ovaları ilə bərabər Zahini, Çaldı Dərəsi ovaları yer alır burda.

Ağdağ, Qaraoğlan dağları ilə baş-başa dayanır Bəxtiyar, Xəzər, Buludlu dağları.

Yazı isti keçər, quraqlıq olar… Qışı yağmurludu, sis-dumanlıdı.

Üzüm bağlarından danışım sizə; Ən azından 30-a qədər üzüm növü var: Bizdəki kimi, qara şanı da var, ağ şanı da… Hələ bir keçiməməsi, cevizeni, Xatun barmağı, tülküquyruğu, zehni, kəşmir, çəyirdəksiz, azın, topüzüm və s. adıyla tanınanı da var.

Burda balıqçılıq adnan deyilir. Kaban gölünün zəngin su ehtiyatları bu sahəni daha da dirçəldib, verimli edib. İstəsən qonaq ol qara sazana, ya qarabalığa, alabalığa… Durna balığı da isştəsən olar.

Burda mədənçilik, sənaye üzrə böyük layihələr gerçəkləşibdi. Muzeylər, camilər tarix sirdaşı.

Çubuk bəyin anım kompleksi sol tərəfdən Meydan Caminin son qalıqları, sağ yandan Ulu Cami ilə çevrələnib. Buradan keçən prospekt Harput qalasına götürər səni. Əsədiyyə camisi Əxi Musa məscidi ilə yanbayandı. Əhməd bəy camisi Murad Baba camisinin onaddımlığında, Hacı Həsən camisi Kurşunlu caminin əlyetərindədi. Fateh Ahmetbaba türbəsinə Dabakhane Kaplığa səmtdən geniş yol ayrılır. Tarixi anım kompleksi sağ səmtdə qalır. Tarixi Hacı Hulusi Əfəndi qəbiristanlığını İmam Əfəndi türbəsinin yaxınlığında ziyarət edə bilərsən. XII-XIII əsrlərin silinib-pozulmaz tarixindən söz açar sənə Əsədiyyə camisi. Səlcuqlu dədələrimizin barmaq izini yaşadar hər kərpic parçası, hər daş hörgüsü.

Hoca Mescid məhəlləsi Hoca Hamamıyla qarşılar səni. “Bə hansı Xocadı bu xoca belə?” –deyib xəbər alma, biləni yoxdu. Tikməyib özü qala, tikib ki, izi qalsın.

Şəfalı suları mədə-bağırsaq, qaraciyər xəstəliklərinə məlhəm olan Dabanhanə Harput qalasının quzeyindəki dərədə yer alır; suyu 5 dərəcə istilikdədi.

Kazım Əfəndi Türbəsinə bizlərdən bir salam olsun. İmam Əfəndi Türbəsi Ərzurum qoxusu verməyindədi. Çox vaxt əslinin-nəslinin adıyla Ərzurumlu deyilən İmam əfəndinin ruhu bu türbədə uyuyur.

Ağın qalasından söz açım sizə; 1018-ci illərdə yapıldığı bilinir. Yenipayan kəndi sınırları içərisində yer alıb. Oyma mağaralar göz önündədi. Gizli pilləkənlər, keçidlər səni tarixə götürər hər qədəmindən. Hava hardan gəlir? – sirri-xudadı… İşıq hardan düşür? Ustası bilər…

Tarixi evləri adla deyilər Ağın səmtlərinin ta əzəl gündən. İki-üç qatlıdı adəti üzrə. Sanki Karabükdən, Safranboludan çeşidlər daşıyıb ustalar bura.

Bu da qaya məzarları – Ağındı bura… Yazılı daşlarda min tarix yatır. Məzarlar qayaya əmanətlənib. Daşlar çapılıbdı yerli-yerindən.

Baskil qəzasının batı səmtindən Abdüləziz Qazi türbəsinə yol gedər-gedər… Bir dağ yamacında tarixləşibdi. Mağara içində türbə yapılıb.

Yunis Əmrə taleyinə bənzər taleyiylə yaşar yaddaşlarda Abdulvəhhab Qazi… Eynən onun kimi müxtəlif, fərqi məkanlarda dəfn olunduğuna aid türbələri var. Türbəsinin aşağı tərəfində Zeynəb Xatun türbəsi yer alıb. Rəvayətə görə qazi həzrətlərinin xidmətçisi olub, suyunu daşıyıb, çörəyini yapıb. Hərdən adına Qeysər qızı da deyilərmiş…

RUMU GƏZ, BAĞDAD ARA

Elazıqdan keçən tarixi Bağdad yolunun üzərindən boylanıb baxır Dənizli Karvansarası. Qos-qoca durumuyla bir Təbriz havası qoxuyub durur. Klassik Səlcuklu memarlığı üslubuna sahiblik edir. Orta hesabla, 13-cü yüzilin olmuşlarına şahidlik etməyindədi. Nəzər yetirdikcə ədəbiyyatşünas alim əmim Qəzənfər Paşayevin dilindən tez-tez eşitdiyin bayatılar dil ucuna gəlir, “Rumu gəz, Bağdad ara!” tapşırmasının nədənliyinə vaqif olmaq istəyirəm.

BU DA YUSF ZİYA PAŞA KÜLLİYYƏSİ…

Ayrıca bir şəhərcik kimidi. Kəhrəba rəngli təpəlikdi böyürü-başı. Keban qəzasının Çarşılar məhəlləsində yer alıb. XVIII əsr yadigarıdı. Osmanlı memarlığı ənənəsilə süslənib. Divarları heyvan şəkilləri ilə bəzənib. Buradan Pir Davud türbəsinə bir göz qırpımı yol var. Bu həzrətin 7-ci İmam Cəfər oğlu Musa Kazımın soyundan gəldiyi bilinir. Ölümündən sonra məzarı önündən keçən hər bir yolçu bu türbə üzərinə bir daş qoyub. Beləcə hasilə gəlijb bu türbə. İçərisində Həzrəti Əlinin rəsmi süslənib… Palu qalasının 700 metrliyində Cəmşit Rüstəm Paşa camisi, Palunun Zeve məhəlləsində Alacal məscidi Elazıq tarixinin bənzərsiz abidə örnəklərindəndi. Hələ tarixi Palu hamam, qaya döşündəki Ulu camisi, yamac ətəyindəki Kiçik camisi; minarəsi uçmuş, yıxılmış olsa da belə yenə öz izini hifz edə bilib.

QALAÇA ÖNÜNDƏ, TƏNDİR BAŞINDA

Dönüb də maraqla baxıram elə; qalaça önündə, ocaq başında əlində kəfkiri, öndə tiyanı bişirib-düşürən o ana kimdi? Hardan tanış gəlir, doğma görünür? Kökü hardan gəlib Ağın köyünə, Ağın qəzasına – biləydim barı… Sonsuz maraq hissi məni tarixə çəkir, çəkir; 1514-cü ildə baş verən Çaldıran savaşından sonra Osmanlı torpaqlarına qatılmış olan qəzanı hələ M.Ö. XVI-XIV əsrlərdə qədər Hürrilər idarə edərlərmiş. Elazıqdan 77 km-lik bir məsafə var Ağına. Burada Roma dönəminə aid qaya məzarları sıx-sıx görünür.

Alacaqaya qəzası isə Elazığın 85 kilometrliyindədi. Özünəməxsus, bənzərsiz mərmər yataqlarına sahiblik edir. Murad Xan adını daşıyan tarixi abidə burda yer alıb. Mərkəzindsən 3 km kənarda Gölalan gölcüyü aynalanıbdı. Bir təpə döşündə meşə kölgəsində süslənib evlər. Dağlar bircü-bürcü, dərələr növ-növ.

Bir azca kənardan Arıcaq qəzası çəkir könlümü. Mərkəzdən 112 km-lik bir məsafədədi. Sərin axar sular məskənidi Arıcaq. Deyirlər ki, Kərbəla müsibətindən sonra Mustafa Çələbinin körpə övladları gəlmiş bu yerə. Sonra qəbilə savaşları başlamış. Mustafa Çələbi Palu hakimi Qara Cümşüd bəyin himayəsini qəbul etmişdir. Çaldıran savaşına qədər Arıcan qəzası Mirvari olaraq tanınmış, Osmanlılar dönəmində Karabegan adıyla isimləndirilmiş, 1987-ci ildən hazırkı adı verilmişdir.

Elazığın ən yüksək dağı olan Hacı Ali dağı Arıcan sınırlarından keçir.

BKeban Baraj gölü, Cin Baraj gölü bu bölgədədi. Verimli, barlı-bərəkətli obalar burda; Biri Uluova, biri Kuzova, Behnemaz, Palu ovaları ilə bərabər Zahini, Çaldı Dərəsi ovaları yer alır burda.askil qəzası isə Elazığa ən yaxın olanıdı. Cəmi 38 km məsafə ayrılığı var. Tarixi izləri ilk tunc çağınacan uzanıb gedir. Ərik bağlarıyla şöhrətlənibdi.

Baskil ilə Battalqazi arasındakı Karaqaya Baraj gölü üzərindən Kömürxan körpüsü yol açıb gedir. Düz 60 m. Hündürlüklə 2030 metr bir məsafəni birləşdirir.

Haraoğlu və Hacı Mustafa dağları ilə çevrələnib.

Karakoçan qəzası isə bir təbiət möcüzəsidi. Mərkəzdən 104 km uzaqlıqdadı. Burdan dağ keçisi mələşib keçər. Hüsnü könül çəkər Pəri çayının. Golan Camlığı, Bəyaz Çeşmə Mesire yeri, Gözəl Baba Ormanı bu yerlərin əzəl bəzəyidi, bilənlən bilir. Müalicə əhəmiyyətli mədən suları burdan sıx-sıx axar illər boyunca.

Bal festivalı hər il burda keçirilər, burda yaslanar. Eləcə də Sarıcan mədəniyyət və sənət füstivalı hər il təkrarlanar. Pamuqlu köyündə isə adətdi, qurular Yaz festivalı Kaban Baraj qəzası bölgənin enerji qaynağıdı desək, yanılmarıq. Çevrənin enerji təminatçısıdı. Güclü stansylar əsasən Murad çayı boyunca qurulub.

Elazıq mərkəzinin 48 km-də yer alan Keban qəzası Türkiyənin ən böyük baraj gölü olan Keban Barajın adıyla şərəflənib. Bura əsasən X əsrə aid məskunlaşma ərazisi kimi tanınır. Bu yer dəmir, qurğuşun mədəni məskəni kimi tanınır.

Dünyanın ikinci ən böyük təsisi olan Ferro Krom Təsisləri isə Kovancılar qəzasında yer alıb. Mərkəzdən 65 km kənardadı. Şənova kəndində “Anıt ağacı”, Payamlı, Sürəkli, Daşqanaq kəndlərində şəfalı suların sayı bilinməz.

Maden qəzası Səlcuqluların at oylağı, yar seyranşahı olmuş, Yavuz Sultan tərəfindən Osmanlı torpaqlarına qatılmış. Mədəniyyət və təbiət muzeyi olan bir yerdi. Çitli Höyüşü və Şeyx Məhəmməd Katta türbəsi, Saat qülləsi tarixin bir yaddaş boxçası kimi… Bir gözəl təpənin boyunca evlər və yaşıl ağaclar qol-qola vermiş!

Sənə gəlirəm tarix! Səndən söz açıram Palu qəzası… Sən Şumer dövrünün yadigarısan. Çubukoğullarının və Balak Qazinin bəylik mərkəziydi illər öncəsi! Səndən Dulkadıroğullaırının, Ağqoyunlulu və Səfəvilər idarəçiliyinin ətri, qoxusu ürpərir. Kəhraba rəngli təpəliklərindən boylanıb baxanda diqqəti çəkən 8-9 tağlı o böyük körpü eynən Xudafərini gətirir göz önünə…

Səndən söz açmışam, səndən, Sivricə…

Bir ayrı yerin var könlümdə sənin… Dönmək istəmirəm yazılanlara. Elazıqdan keçib də, 30 km-lik bir məsafəni sənə yürüyüncə yaşadıqlarım dünya gələ-gələ çıxmaz yadımdan. Tale qardaşısan sən də Palunun. Çaldıran ağrısı keçib canından. 1514-də Osmanlı idarəçiliyi altına keçibsən. Səndən boylanıram Baba dağına. Tam bir turist məskənidi qoynun əzəldən. Bizim Kəlbəcərin ətəklərinə bənzəyən hüsnünə aşiqdi könlüm. “Götür məni uzaqlara” duyğusu ruhuma yelpik çəkir. Bütün təbiət aşiqlərinə “Gəlin ey, gəlin, siz də görün, bu gözəlliyi dərək edin, yaşayın” səslənişimi boğa bilmirəm.

ŞUŞAMIN RUHUNCA

Bir şeirdə deyilənlərdi: “Döysən Qarabağda sən bir uşağı muğamat üstündə ağlar deyirlər”. Elazıqda musiqi sənətinə böyük diqqət gördüm. Eynən bizim Şuşada, ümumən Qarabağda, Bakı kəndlərində olduğu kimi. Buradakı musiqi konservatoriya dərnəyində 300 musiqisi bir arada fəaliyyət göstərir. Klassik musiqiyə, xalq havalarına xüsusi bir münasibət var.

Elazığın I Xalq Kitabxanası tarixə sirdaşdı…

ALLI-GÜLLÜ LEYLA…

Elazığın “çit baskıçılığı” məhsullarına göz yetirə-yetirə bu qədim el mahnısını gümüldənirəm iç dünyamda. Pambıq parça üzərində salınan naxışlar nənəli dünyama qaytarır məni.

Hər naxış ruh birliyimizin bir yeni ilməsi, bağı kimidi. Kars və İsparta çevrələri boyunca da eynən Elazıqda olduğu kimi “çit” sözü işlənər bizdəki kimi. 200 illik tarixi var Elazıqda bu sənətin.

Eləcədə də xalçaçılığın. Xana arxasında, kirgit əlində əyləşən analar nənəmə bənzər, ilmələr eləcə vurular yenə, çeşnilər, naxışlar sıx-sıx salınar. Elazıqda 1962-ci ildən bəri xalçaçılıq məktəbləri fəaliyyətdədi. Səlcuklular dönəmi motivləri heç unudulmayıb. Ya əqrəb ayağı, ya quş, gül şəkili bəzər xalçaları belədən-belə. Meşəli, Goran, Şəfək, Halköyü, Dişidi xalıları adnan deyilir.

ELAZIĞIN BAZAR BAŞI

Çeşidli qab-qacaq muzeyi kimi açılır önündə Elazıq bazarları. Misdən tökülübdü bu əl işləri. Ya gildən yapılan bardaqlar nə çox… Yan-yana düzülüb su bardaqları.

İynə oymasıyla naxışlanıbdı bu tül pərdələrin bəti-bənizi. Bu gəbə, bu kilim gül açıb yenə. Xəyallanıram: “O gülün birin üzəydim, saçlarıma düzəydim…”

Əlindəki çuvaldız, çəkic, mismarı tikdiyi çəkmənin boyuna ölçən çəkməçi qardaşım, işlər necədi? Ay ağac oyması üstə tər tökən naxışçı qardaşım, bazarın varmı? Sizdəmi “Papağ”a oynayanların papaq nisgilini çəkənlər olur, papaqçı qardaşım, cavab ver görüm.

Satdığın təsbehlə nə niyət tutum, təsbehçi qardaşım, əlinə sağlıq!

Budu, .gəlib çıxdıq şənlik üstünə… “Halay”la başlanıb… Sonra “Çayda çıra” oynanacaq, eyy… Bir adı “Mumlu mane”di… Öndə şam qoyulmuş tabaqlar durur. Elə ki, püfləndi qarazurnalar hər əldə bir şanın şöləsi gedər.

İsti təndirlərin çörəyi xoşdu… Halallıq tökülür ana əlindən.

150 çeşidlik yemək növüylə dosta qapı açır süfrələr burda. Könlün nə istəyir, dilə, hazırdı; Qabırğa dolması istə, – “baş üstə”, Harput küftəsinə qonaq ol, balam. Bu, qatıqlı qovurma, bu, ayranlı şorba, Harput küftəsi… İçli küftəninsə yeri ayrıdı. Kəs Daş əkməyindən, dolanger gör necə zərif bükülüb. Pendirli əkməyin ləzzəti ayrı…

Uluslararası Xəzər şeir axşamlarının tarixindən söz açırıq. “Çayda çıra” film festivalının ənənələrindən danışırıq. Xəzər gölü su idman yarışları, bal festivalı, sənət şənlikləri haqqında olan söhbətlər uzanıb gedir…

Elazıqlı xatirələrimin unudulmaz anlarını yaşayıram.

Ancaq yeni yolçuluğun vaxtı da çatıb; bir azdan Elazıq-Malata yoluyla geri dönməyin zamanı yetəcək… Hilalkənd sağ yanda, İşgem sol üzdə qalacaq. Malatya-Kayseri yoluyla irəliləyəcəyik. Malatya-Kayseri-Adana, eləcə də Diyarbəkr, Bingül, Xankəndi səmtə aparan yollara baxacaq gözüm. Samsun görüşü var hələ qarşıda… Ordan İstanbula dönməyimiz var.

 

 

13 14 15 16 17 18  19 20