“Xarici siyasətimizdə mühüm irəliləyişlər əldə edilib”

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən bir ərzində dövlətimizin xarici siyasətində mühüm irəliləyişlər əldə edilib. Azərbaycan rəhbərliyinin çoxşaxəli müstəqil xarici siyasət kursu ölkəmizin Cənubi Qafqaz regionundakı liderlik mövqeyini daha da gücləndirib, eləcə də beynəlxalq miqyasda nüfuzunu artırıb.

XALQ.AZ xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin apardığı xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq əlaqələrin inkişafında böyük irəliləyişlərə nail olub. Dövlət başçısı 16 xarici səfər edib. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər edib. Bu, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndiyini göstərir. Ölkəmizin beynəlxalq aləmdə tərəfdaşlarının sayı artıb.

Politoloqun sözlərinə görə, dövlətimizin başçısı ötən bir il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm diplomatik gedişlər edib. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Düşənbə və Sankt-Peterburqda danışıqlar aparılıb. Bu ilin martın 29-da Vyanada keçirilən görüş ölkəmizin prinsipial mövqeyini bir daha ortaya qoydu. Bununla yanaşı, Ermənistanın cidd-cəhdlə separatçı rejimi danışıqlar prosesinə cəlb etməsi fikrini iflasa uğratdı. Beynəlxalq təşkilatlarda Azərbaycanın irəli sürdüyü formatın dəyişməz olduğu təsdiqləndi.

R.Qonaqov bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Azərbaycan dövlətinin Ermənistana qarşı apardığı düşünülmüş, məqsədyönlü və prinsipial siyasət öz nəticəsini verdi. Dövlətimiz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edib, Ermənistan iqtisadiyyatı çöküb. Bundan başqa, Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət olunsun.

Mərkəzin sədri əlavə edib ki, Azərbaycan Prezidenti bir ərzində həm də Cənub Qaz Dəhlizinin, TANAP-ın reallaşmasına nail olub. 2018-ci ildə ən böyük uğurlardan biri Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi oldu. Uzun illərdir nəticələnməyən məsələ artıq öz həllini tapıb. Azərbaycan bu məsələnin həllində öz dəyərli töhfəsini verib. Xəzərin hüquqi statusunun həlli region ölkələri ilə yanaşı, dünya iqtisadiyyatı üçün də yeni səhifə açıb.

R.Qonaqov qeyd edib ki, ötən dövr ərzində Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri möhkəmlənib. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı ilə bağlı çox aydın fikirlər əksini tapıb. Bu, bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində düzgün mövqedədir.

 

Orxan