“Xarici şokların ölkə iqtisadiyyatına təsirləri neytrallaşdırılıb” – Nazir

2018-ci il, eyni zamanda, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, qlobal ticarətdə proteksionizmin və ticarət müharibələrinin vüsət aldığı bir zamanda xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması ili kimi də dəyərləndirilə bilər.

XALQ.AZ  xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Onun sözlərinə görə, büdcə-fiskal siyasətin monetar siyasətlə sıx əlaqəli şəkildə həyata keçirilməsi nəticəsində il ərzində milli valyutanın sabitliyi qorunub, inflyasiyanın cilovlanmasına və ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz-bənd azalmasına nail olunub.

Nazir bildirib ki, xarici ticarət balansındakı müsbət saldo tədiyyə balansının cari əməliyyatlar hesabının 5 milyard ABŞ dollarına qədər, məcmu valyuta ehtiyatlarının isə ötən ilin əvvəlinə nisbətən 3,0 milyard ABŞ dolları məbləğində və ya 6,5 faiz artmasını şərtləndirib.

“2018-ci ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları nəzərə alınmadan hökumətin valyuta ehtiyatları xarici dövlət borcumuzu 4,3 dəfə üstələməklə ümumi daxili məhsulun 83,5 faizini təşkil edib. Ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət və icmal büdcələrinin icrasına da öz müsbət təsirini göstərib. Operativ məlumatlara əsasən, 2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35 milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub.

İcmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı və ya ümumi daxili məhsula nisbətdə 5,9 faizlik profisit əldə edilib. 2017-ci illə müqayisədə gəlirlər müvafiq olaraq 6 milyard 750 milyon manat və ya 28,9 faiz, xərclər isə 1 milyard 151 milyon manat və ya 4,6 faiz çox icra olunub”.

 

Orxan