Xidmət rəisi görüş keçirdi

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov dünyanın 70 ölkəsinin beş mindən artıq şirkət və qurumunu birləşdirən regional təşkilat olan Xəzər Avropa Klubunun (Caspian European Club) nümayəndə heyəti ilə görüşüb.

DMX-dən XALQ.AZ-a  bildiriblər ki, görüşün məqsədi işgüzar dairələrin təmsilçiləri ilə fikir mübadiləsi aparmaq və miqrasiya ilə bağlı təkliflərini dinləmək olub.

V.Hüseynov təşkilatın təmsilçiləri ilə Dövlət Miqrasiya Xidməti arasında keçirilən görüşlərdə, biznes forumlarda səmərəli müzakirələrin aparıldığını və əməkdaşlıq əlaqələrinin formalaşdığını vurğulayıb. Biznes mühitinin inkişafına dəstək verməyin DMX-nin prioritetlərindən biri olduğunu deyən Xidmət rəisi əlavə edib ki, ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması üçün islahatların aparılması baxımından verilmiş təkliflər ətraflı təhlil edilir və nəzərə alınır. Bu baxımdan Xəzər Avropa Klubunun təkliflərinin öyrənilməsi də önəm daşıyır və fikir mübadiləsi aparmaq baxımından bugünkü görüşün çox böyük əhəmiyyəti var.

Bildirilib ki, turizm sektorunda yüksəliş dövrünü yaşayan ölkəmizdə turistlərə viza tələbləri mütəmadi olaraq sadələşdirilir. V.Hüseynov ölkəmizdə bu sektorun inkişafı üçün həyata keçirilən tədbirlərin daha da genişləndirilməsi, əcnəbilərin rahatlıqlarının və miqrasiya ilə bağlı şəffaflığın təmin edilməsi baxımından qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə görülən işlərə də toxunub.

Klubun üzvləri qarşılıqlı fəaliyyət və səmərəli müzakirələr barədə təkliflərini səsləndiriblər.

Qurumun baş icraçı direktoru Telman Əliyev və başqaları səmimi görüşə görə minnətdarlıq ediblər.