“XİN qarşısında daha çevik, daha effektiv qərarların verilməsi durur”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində ölkəmizlə bağlı bir çox vacib məqamlara toxunaraq, çox ciddi mesajlar verdi.

XALQ.AZ xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

R.Qonaqov deyib: “Cənab Prezident haqlı olaraq bildirdi ki, Azərbaycan diplomatiyası hücum diplomatiyası olmalıdır, müdafiə və passiv diplomatiya olmamalıdır.

XİN qarşısında indiki həssas məqamda daha çevik, daha effektiv qərarların verilməsi durur. Belə ki, xarici ölkələrdəki mətbuatla, xarici ölkə səfirlikləri və nümayəndəliklərlə iş, Azərbaycanın iqtisadi maraqlarının müdafiəsi, vətəndaşlarımızın hüquqlarının qorunması, diaspor təşkilatları ilə səmərəli işin qurulması, beynəlxalq təşkilatların ikili standartlardan irəli gələn qərəzli ittihamlarına cavab, düşmənin diplomatiya sahəsində də susdurulması pioritet məsələlərdir.

Lakin, bütün bunlarla yanaşı son zamanlar beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyi bir daha dəstəkləndi. Ölkəmiz Türkiyədən bir daha dostluq və qardaşlıq münasibəti gördü. Pakistan ölkəmizin haqlı mövqeyini birmənalı dəstəklədi. Eyni zamanda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, bəzi Avropa ölkələri ölkəmizə öz dəstəklərini ifadə etdilər”.