XİN rəsmisi: “Vaşınqton görüşünə ümid edirik”

“Vaşınqton görüşündə ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər”.
XALQ.AZ xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva son zamanlar baş vermiş hadisələrin fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ilə bağlı gözləntilərinə dair suala cavabında deyib.
O qeyd edib ki, Ermənistan elə özü münaqişənin guya ki, “Azərbaycanla Dağlıq Qarabağ arasında olması” rəvayətini yox edir: “Bu ölkənin müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir. Məhz buna görə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar işğalçı Ermənistanla əraziləri işğal olunan Azərbaycan arasında aparılır. Münaqişənin həlli üzrə danışıqların mövzusuna gəldikdə, hər zaman qeyd etmişik və bir daha təkrar etmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərinin işğalçı qüvvələrdən boşaldılması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması müzakirələrin əsas mahiyyətini təşkil edir. ATƏT-in Minsk Qrupunun 9 mart 2019-cu il tarixli bəyanatında müzakirələrin əsas prinsip və elementlərinə aydınlıq gətirilir. Əlbəttə, danışıqlar eyni çərçivədə və mövcud zəmin əsasında davam etdirilməlidir. Bundan öncəki görüşlərdə əldə edilmiş razılıqların, xüsusilə də Minsk Qrupun həmsədrlərinin təklif etdiyi kimi iki ölkə əhalisinin sülhə hazırlanması istiqamətində səylər davam etdirilməlidir, çünki bu, prosesin irəli aparılması baxımından vacibdir”.
Vaşinqton görüşündən gözləntiyə gəldikdə isə, XİN sözçüsü bildirib ki, hər bir görüşdən gözlənti əlbəttə, substantiv danışıqlarla prosesin irəli aparılmasıdır: “Xarici işlər nazirlərinin Moskva görüşünün davamı olaraq, Vaşınqton görüşündə ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər. Həmçinin fikrimizcə, Ermənistan rəhbərliyinin mövqeyindəki qeyri-müəyyənliyə son qoyulmalıdır. Yalnız aydın mövqe, qətiyyət və siyasi iradə münaqişənin Ermənistan tərəfinin hər zaman dediyi kimi “eksklüziv olaraq sülh yolu ilə həllinə” töhfə verə bilər”.

Yeganə