Əli Əhmədov görüş keçirib

Sentyabrın 26-da Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Abşeron rayonunda gənclərlə görüş keçirilir. Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP sədrinin müavini, AMEA-nın prezidenti Akif Əlizadə, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və başqaları iştirak edirlər.

XALQ.AZ xəbər verir ki, əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Sonra Xırdalanda yerləşən “Qarabağ Əlil Döyüşçülər” Futbol Federasiyasının və yığma komandanın üzvləri ilə görüş olub.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra rayonun fəal gənclərinin bir qrupu ilə görüş keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova görüşü açaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, dövlət başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Abşeron rayonunda da geniş tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, rayon iqtisadiyyatı inkişaf etdirilir. Abşeronlu gənclər rayonun inkişafında, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər.

Görüşdə çıxış edən Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ölkəmizdə dövlət-gənclər siyasətinin uğurlarından söz açaraq, son illər bu sahədə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Bu nailiyyətlərin qazanılmasında gənclərin də roluna toxunan Ə.Əhmədov qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən gənclərin bilikli, savadlı, vətənpərvər ruhda böyüməsi üçün lazımi addımlar atılır. Gənclərimizin Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləməklə, həmin siyasi xəttin həyata keçməsinə öz töhfələrini verəcəklərinə əmin olduğunu söyləyən Ə.Əhmədov YAP-ın cəmiyyətdə rolunun artması fonunda partiyanın gənclərinin də rolunun artmasının sevindirici hal olduğunu bildirib.

Görüş davam edir.