Xocalı faciəsini soyqırım aktı kimi tanıyan növbəti sənəd qəbul olunub

3

 

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası (İƏT XİNŞ) Xocalı faciəsini soyqırım aktı tanıyan növbəti sənəd qəbul edib.
İƏT-ə bağlı beynəlxalq qurum kimi Sessiyanın işində təmsil olunan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbulda yerləşən baş qərargahından Trend-ə verilən məlumata görə, dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə 57 ölkənin üzv olduğu İƏT XİNŞ-nin 40-cı sessiyası keçirilib.
DƏ-İKGF nümayəndə heyətinin başçısı kimi Sessiyada iştirak edən Elməddin Mehdiyev bildirib ki, forum tərəfindən təqdim edilən qətnamə layihəsində DƏ-İKGF Mədəniyyətlər arası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə Forum tərəfindən həyata keçirilən “Xocalıya Ədalət” kampaniyasına həsr edilmiş xüsusi bənd ayrılıb. Həmin bəndə əsasən, İƏT XİNŞ “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırım aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün Kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır.
E.Mehdiyev əlavə edib ki, kampaniya çərçivəsində DƏ-İKGF-nin apardığı iş nəticəsində ilk dəfə olaraq Xocalı faciəsi İƏT Parlamentlər İttifaqı tərəfindən insanlığa qarşı cinayət və soyqırım aktı kimi tanınıb. İƏT XİNŞ isə faciəni soyqırım aktı kimi ilk dəfə 2012-ci ilin noyabr ayında Cibutidə keçirilən 39-cu Sessiya zamanı tanınıb. Görülən işlərin nəticəsi kimi İƏT-in ali orqanı olan İƏT dövlət başçıları zirvəsi 2013-cü ülün fevral ayında Qahirədə keçirilən Zirvə zamanı faciəni insanlığa qarşı cinayət və soyqırım aktı kimi tanıyıb.