“Xocalılı Ləfixanım” filminin təqdimatı olub

Xocalı faciəsinin dəhşətlərini yaşayanlardan biri də Salman Abbasovun ailəsi olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə onlar qarlı aşırımlardam, meyit və yaralılarla dolu meşədən keçərək erməni quldurlarının əlindən canlarını qurtarmağa çalışıblar. Hücum o qədər qəfil olub ki, ailə üzvləri evdən çıxanda ayaqqabılarını geyinməyə də imkan tapa bilməyiblər. Ailənin başçısı Salman Abbasov, onun həyat yoldaşı Bəsti, oğlanları Mərkəz və Şakir, qızları Məruzə, Mənsurə və Ləfixanım doqquz gün ayaqyalın meşədə gizləndikdən sonra düşmən əsgərləri onları əsir götürüblər. Əsirlik müddətində dəhşətli işgəncə və məhrumiyyətlərə məruz qalan ailə üzvləri 19 gün ac-yalavac qalandan sonra geri alınıblar. Əsirlik həyatından sonra üç ay Bakıda xəstəxanada müalicə alan ata-ana və qızlarının ayaqları don vurduğuna görə pəncədən amputasiya edilib.

XALQ.AZ  xəbər verir ki, sentyabrın 11-də Beynəlxalq Mətbuat Mərkəzində nümayiş olunan “Xocalılı Ləfixanım”” sənədli filmində Abbasovlar ailəsinin üzləşdiyi faciə və mərhumiyyətlərdən bəhs olunub. Film Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyası zamanın tələbidir” layihəsinin dəstəyi ilə çəkilib.

Filmin təqdimatından əvvəl Qarabağ torpaqlarının müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə layihənin rəhbəri Məhluqə Rəhimova məşum fevral gecəsində baş verənləri xatırladaraq həmin hadisələr nəticəsində bir ailənin üzləşdiyi dözülməz ağrıları ekrana çıxaran filmin yaradıcı heyətini təqdim edib. “Xocalılı Ləfixanım” filminin ssenari müəllifi Mahir Qəribov, rejissoru İsmayıl Musayev, tarix elmləri doktoru Anar İsgəndərov, şair Eldar İsmayıl və başqaları xalqımızin tarixi yaddaşında ən dəhşətli faciələrdən biri kimi iz qoyan Xocalı soyqırımı, erməni işğalçılarının törətdiyi qandonduran vəhşiliklər, onların əsassız ərazi iddiasının qurbanı olan sadə adamların yaşadığı dözülməz məhrumiyyətlər barədə danışıblar. Qeyd olunub ki, faciə barədə çəkilən sənədli filmlərlə yanaşı, bütövlükdə Xocalı hadisələrini əks etdirən filmin çəkilişinə də ehtiyac var.

Tədbir iştirakçıları nümayiş olunan film barədə öz fikirlərini ifadə ediblər.


Orxan