“Xocalıya ədalət!” kampaniyası öz hədəflərinə çatmaqdadır

6

 

 

Müsahibimiz Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur

  • Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatları ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması və bu hadisənin soyqırım kimi qəbul etdirilməsi istiqamətində bu il hansı tədbirləri həyata keçirir?
  • Ümumiyyətlə, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində üzərimizə çox böyük məsuliyyət düşür. Bu il isə xüsusilə daha ciddi və effektli işlər görməliyik. Çünki ermənilər qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşır. Ona görə bu ərəfədə Azərbaycan tərəfi qondarma soyqırım mifini dağıtmalı və əsl soyqırıma kimin məruz qaldığını bütün dünyaya qəbul etdirməlidir. Düşünürəm ki, builki anma mərasimlərində nəzərdə tutulan tədbirlərimizin və il ərzində aparılacaq təbliğat kampaniyasının tutarlılığı, praktikliyi, təsir dairəsinin genişliyi və aksiyaların forma və məzmun cəhətdən dəyişikliyi daha səmərəli nəticələrin əldə olunmasına imkan verəcək.
    Qeyd edim ki, bu qətliam haqqında beynəlxalq aləmin məlumatlandırılması və ona hüquqi qiymətin verilməsi istiqamətində apardığımız kampaniya artıq beş ildir ki, özünün yeni dövrünə qədəm qoyub. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirdi, genişləndirdi və deyərdim ki, səmərəliliyini artırdı. Bu beş il ərzində dünyanın bir çox ölkəsində Xocalı həqiqətlərinin üzə çıxması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanınması üçün ciddi kampaniya aparıldı. Azərbaycanın digər dövlət qurumlarının, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin, xaricdəki Azərbaycan diaspor təşkilatlarının dəstəyi ilə bu kampaniya öz hədəflərinə çatmaqdadır. Beynəlxalq arenada artıq yalançı erməni mifi dağılmaqdadır, deyə bilərik, çünki Azərbaycan dövlətinin, dövlətimizin başçısının yürütdüyü siyasət kompleks xarakter daşıyır və hədəf də bu saxta iddiaları ifşa etməkdən ibarətdir. Yəni bir əsrdən çox müddətdə formalaşan erməni təbliğat maşınını az bir vaxt içərisində, demək olar ki, darmadağın etmək ulu öndərin ağıllı, uzaqgörən siyasi konsepsiyası, böyük zəhməti və Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində mümkün olub. Təbii ki, bu məqsədyönlü siyasət kursu davam edir və Diasporla İş üzrə Dövlət Komitəsi bu siyasi kursun həyata keçirilməsinə öz töhfəsini verməyə çalışır.
    Bir sözlə, ildən-ilə Xocalı soyqırımını tanıyan ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların sayı artır. Artıq ABŞ-ın 12 ştatı Xocalıda baş verənləri soyqırım kimi qəbul edir. Bundan başqa, ötən il Ağ Evin rəsmi saytında petisiyanın yerləşdirilməsi, qısa müddətdə 125 mindən çox imza toplanması və ABŞ dövlət departamentinin bu müraciətə cavab verməsi dövlətimizin hədəflərə hesablanan siyasətinin, o cümlədən də ”Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan uğurlu təbliğat işinin nəticəsidir.
  • Yəqin ki, faciənin 22-ci ildönümü ilə bağlı tədbirlər dünyanın bir çox ölkəsini əhatə edir? Eyni zamanda bildirdiz ki, il ərzində aksiyaların forma dəyişikliyinə də diqqət yetiriləcək.
  • Əlbəttə ki, hər il olduğu kimi bu il də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları müxtəlif mitinq, yürüş və tədbirlərlə soyqırım qurbanlarını anır, bu tədbirlərlə yerli ictimaiyyətin məlumatlandırılması məqsədlərinə nail olunur. Bəli, qeyd edim ki, bu il tədbirlərin, aksiyaların əksəriyyətinin qapalı məkanlarda deyil, daha çox ictimaiyyətə açıq yerlərdə mitinq, yürüş formasında təşkil edilməsinə üstünlük vermişik. Məsələn, bu il dünyanın müxtəlif yerlərində – Nyu York şəhərində BMT-nin mənzil qərargahı qarşısında, Vaşinqtonda, Brüsseldəki Ermənistan səfirlikləri qarşısında, Berlində, Kölndə, Nürnberqdə, Parisdə, Haaqada, Londonda mərkəzi küçələrdə azərbaycanlıların etiraz aksiyaları, yürüşlər təşkil edilir və qarşıdakı günlərdə belə tədbirlər daha da intensivləşəcək. Kanadada faciənin ildönümü ilə əlaqədar keçirilən tədbirlər demək olar ki, ölkənin bir çox şəhərlərini əhatə edir. Türk və Azərbaycan diasporunun güclü olduğu Almaniyada bu il də genişmiqyaslı aksiyalar keçirilməkdədir. Berlin, Hannover, Hamburq, Frankfurt, Maqdeburq, Drezden kimi şəhərlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları fotosərgi, konfrans və etiraz aksiyaları təşkil etməklə ictimaiyyətin diqqətini bu faciəyə yönəldir.
    Bundan əlavə, ictimai nəqliyyat vasitələrində faciəyə həsr olunmuş videoçarx və posterlərin yayılması məlumatlandırma kampaniyasında böyük effekt verir. Belə təbliğat vasitələri hər gün nəqliyyatdan istifadə edən yüz minlərlə insanın bu çarxları görməsi ilə nəticələnir. Bununla yanaşı, yerli kanallarda Xocalı soyqırımını əks etdirən filmlərin nümayişi, rəsmi orqanlara müraciətlər də apardığımız kampaniyanın tərkib hissədir. Qardaş Türkiyədə də Xocalı soyqrımına həsr olunmuş tədbirlər, görüşlər, aksiyalar həyata keçirilir. Fevralın 26-da Ankarada Azərbaycan diaspor nümayəndələrinin Türkiyə Böyük Millət Məclisində görüşləri nəzərdə tutulub.
  • Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, həmçinin digər strateji məsələlərin həllində Türkiyə və digər türkdilli diaspor təşkilatları ilə qurulmuş əməkdaşlıq hansı səviyyədədir?
  • Bilirsiniz ki, ötən ilin yanvarında Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Diaspor Məsələlərinə Cavabdeh Dövlət Qurumlarının Rəhbərlərinin I Toplantısı, iyun ayında isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu keçirildi. Bu tədbirlərdə aparılmış müzakirələr və qəbul olunmuş qərarlar gələcəkdə türkdilli xalqların diasporunun birgə fəaliyyəti, xüsusilə də türkdilli xalqları narahat edən məsələlərin dünya ictimaiyyətinə çatdırılması və digər məsələlərin həlli baxımından əhəmiyyətli olub. Bu istiqamətdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan diasporunun birgə fəaliyyətini təmin etmək məqsədilə “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası” qəbul olunub. Təbii ki, bizim ən ağrılı məsələmiz olan Qarabağ probleminin həllində, o cümlədən ermənilərin Azərbaycan ərazilərində, xüsusilə də Xocalıda törətdikləri qətllərin, insanlığa sığmayan vəhşiliklərin dünyada qəbul edilməsində bu cür birliyin bizim üçün daha böyük əhəmiyyəti var. Təsadüfi deyil ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev də hər zaman türkdilli xalqlar arasında həqiqi, real əməkdaşlığa əsaslanan birliyin olmasına və möhkəmləndirilməsinə xüsusi önəm verir. Məhz cənab Prezidentin təşəbbüsü ilə Bakıda keçirilmiş tədbirlər Azərbaycan və türkdilli dövlətləri arasında sarsılmaz birliyin yaradılması, xalqlarımız arasında səmimi dostluq münasibətlərinin, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə müsbət töhfə olub. Ona görə də deyə bilərəm ki, Türkiyə və digər türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsi, vaxtaşırı dövlət və hökumət başçıları səviyyəsində təşkilatlanmanı sürətləndirən tədbirlərin keçirilməsi bizim gələcək birgə fəaliyyətimizin daha səmərəli olacağından xəbər verir. Sözsüz ki, hazırda da birgə fəaliyyət göstərilir və Xocalı faciəsinin tanıdılması istiqamətində türkdilli ölkələrin, xüsusilə də Türkiyənin diaspor təşkilatlarının böyük dəstəyi hiss edilir. Yəni artıq Azərbaycanın və dünya azərbaycanlılarının həyata keçirdiyi bütün təbliğat xarakterli tədbirlərdə, aksiyalarda Türkiyənin və digər türkdilli ölkələrin bayraqları da görünür.
    Qeyd etdiyim kimi, türkdilli xalqların diaspor təşkilatları üçün qəbul olunmuş vahid strategiyanın məqsədlərindən biri məhz qondarma “erməni soyqırımı”na qarşı mütəşəkkil mübarizə aparmaqdır. Biz ermənilərin formalaşdırdığı bu soyqırım yalanını məhz birgə mübarizə sayəsində tam ifşa edə bilərik və bunu artıq edirik də. Ermənilərin əsl üzünün ortaya çıxmasında, onların yalan üzərində qurulmuş saxta təbliğatının da puç olmasında əvvəlcə Xocalıda törədilmiş vəhşiliklərin tam olaraq dünyanın hər yerində bilinməsi gərəkdir. Dünyanın bütün xalqları təfsilatı ilə bilməlidir ki, erməni faşizmi nədir. Yəni bizim ən mühüm hədəfimiz budur və düşünürəm ki, qarşıdakı ildə bu hədəfimizə daha da yaxınlaşacağıq.
  • Qarşıdakı ildə hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır?
  • 2014-cü il üçün çox planlarımız var ki onları həyata keçirməyə çalışacağıq. Amma ən vacib tədbirlərdən biri II Cənubi Qafqaz Forumudur. Ötən ilin mayında və sentyabr ayında Bakıda Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və bizim dəstəyimizlə Müştərək Cəmiyyətlər Forumu uğurla keçdi. Dünyanın ən tanınmış siyasətçiləri, onlarla sabiq prezident və baş nazir Bakıda toplaşaraq vacib müzakirələr apardılar. Azərbaycanın beynəlxalq aləmdə tanınması və nüfuzunun artması baxımından bu forumun əhəmiyyəti böyük idi. Belə bir əhəmiyyətli tədbirin ikinci hissəsinin də Bakıda baş tutması bizim üçün vacibdir. Bununla bağlı artıq danışıqlar gedir, Yunanıstanın paytaxtı Afinada hazırlıq toplantısı da keçirilib.
    Bu il həmçinin dünya azərbaycanlılarının daha geniş coğrafiyada onlayn forumunu keçirməyi düşünürük. Bildiyiniz kimi, diaspor təşkilatlarının koordinasiyası istiqamətində daha müasir texnologiyaların tətbiqinə başlamışıq və keçən ilin dekabrında Dünya Azərbaycanlılarının Onlayn Forumu baş tutdu. Yeni sistem həm maliyyəyə qənaət etmək, həm də operativ məlumat almaq üçün ən yaxşı vasitədir.